24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan ədəbi-elmi fikrinin inkişafında xüsusi xidmətləri olan Əziz Şərifin yaradıcılıq irsi çoxcəhətli və zəngindir. “Görkəmli peda­qoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Naxçı­van Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 yanvar 2015-ci il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifi olan Əziz Şəri­fin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilmişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan Əziz Şərif bədii tər­cümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan klassik yazıçı və mütəfəkkirlərinin əsərlərini rus dilinə tərcümə etmişdir”. 

Əziz Şərif bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur. Xatirələrindən öyrə­­ni­­rik ki, o, hələ 1911-1912-ci illərdə Bakıda çıxan “İşıq” qəzetində bir sıra tər­cü­mə­lər dərc etdirmişdir. Belə ki, gənc mütərcim rus yazıçısı N.Najivinin “Ulduzların söhbəti” hekayəsini dilimizə çevirmiş, həmin tərcümə “İşıq”da “Tiflis əvvəlinci gimnaziyanın şagirdi Əbdüləziz Şərifov Naxçıvani” imzası ilə oxuculara çatdırıl­mış­dır: 1911, № 23, 24, 25. Rus ədibi Xiryakovun “Rəhm çeşməsi və ya Taqar­na­ta­nın göz yaşları” hekayəsinin Ə.Şərif tərəfindən edilmiş tərcüməsi isə 1912-ci ildə İ.Həqqinin Tiflisdəki “Şərq” mətbəəsində kitabça kimi çapdan çıxmışdır. Bu, Ə.Şərifin nəşr olunmuş ilk kitabı idi. Həmin nəşr barədə “Molla Nəsrəddin” jurnalı da 12 oktyabr 1913-cü il tarixli sayında məlumat vermişdir. Tərcüməçilik fəaliyyətini davam etdirən Ə.Şərif məşhur rus yazıçısı L.N.Tolstoyun “Hamının Allahı birdir” adlı fəlsəfi hekayəsini, eləcə də V.Jukovskinin “Kannit­fer­ştan” əsərini həmin vaxt dilimizə tərcümə etmişdir. Ə.Şərif 1913-cü ildə rus dramaturqu A.Ostrovskinin “Tayfun” pyesini Azərbaycan dilinə tərcümə etmişdir. 1914-cü ilin qışında məşhur aktyor H.Ərəblinski “Tayfun”un tərcüməsini Ə.Şərifdən alıb oxumuş, bəyənmiş, hətta əsəri Tiflisdəki Azərbaycan aktyorlarının köməyi ilə tamaşaya qoymaq istəmiş, lakin baş tutma­mış­dır.

Sonrakı illərdə daha ardıcıl çalışan Ə.Şərif müxtəlif yazıçıların bir sıra əsərlərini böyük məharətlə doğma dilimizə çe­­vir­­mişdir. Xüsusən 1920-ci illərin ikinci yarısından etibarən onun mütərcimlik fəaliyyəti daha geniş xarakter almışdır. Rus yazıçısı A.Fadeyevin “Tarmar” romanının Ə.Şərif tərəfindən edilmiş tərcü­məsi Bakıda 1928-ci ildə “Azərnəşr”də çap olunmuşdur. 165 səhifəlik bu kitabın içərisindəki qeyddə bildirildiyi kimi, həmin nəşr “dövləti-elmi şura tərəfindən mək­təb kitabxanaları üçün təsbit edilmişdir”. Rus yazıçısı N.Lyaşkodan tərcümə etdiyi hekayələr isə həmin il “Azər­nəşr”də “Evdə və qandalaq haqqında” adıyla işıq üzü görmüşdür. 87 səhifəlik bu tərcümənin redaktoru o zaman “Azər­nəşr”də işləyən yazıçı-publisist, tərcüməçi Ələkbər Qərib Naxçıvanlı idi. Həmin vaxt Ə.Şərifin məşhur ingilis ədibi V.Şekspirin “Otello” faciəsini də tərcümə etməsi bəllidir. Gör­kəmli rus yazıçılarından N.V.Qoqolun “Evlənmə”, M.Qorkinin “Ana”, “Düş­mənlər” əsər­lərini də Ə.Şərif yüksək səviyyədə dilimizə tərcümə etmişdir. Yazıçı A.Çjimbenin Gür­cüs­tanda yaşayan etnik xevsurların məişətindən, həyatından bəhs edən “Dərə adamları” adlı romanının Azərbaycan dilinə tərcüməsi də Ə.Şərifə aiddir. Ə.Şərifin arxivindəki materiallardan öyrənirik ki, o, həmkarı Ələkbər Qərib Naxçıvanlının təklifi ilə həmin əsəri dilimizə çevirmişdi. Bu tərcümə 1930-cu ildə “Azərnəşr” tərəfindən kitab halında çap olunmuşdur. Kitabda tərcüməçi Əziz Şərif atasının adı ilə, yəni “Ə.Qurban­əli oğlu” kimi gös­tə­ril­mişdir. 1942-ci ildə fransız ədibi Mopassanın “Madmazel Fiti” novellası da Ə.Şərifin ruscadan tərcüməsi əsasında oxuculara çatdırılmışdır.
Görkəmli alim rus dilindən bir sıra publisistik və elmi-kütləvi əsərləri də dilimizə çevirmişdir. Bu baxımdan K.Piqaryevin məşhur rus sərkərdəsi Suvorov haqqında oçerklərdən ibarət “Soldat-sərkərdə” kitabının Ə.Şərifin tərcüməsində çapını xatırlatmaq olar.
Gürcü dilini də mükəmməl bilən Əziz Şərif qonşu xalqın ədəbiyyatından bəzi nümunələri orijinaldan çevirmişdir. Onun hələ 1929-cu ildə gürcü yazıçısı N.Mit­­siş­vilidən etdiyi tərcümələr Bakıda “Azərnəşr” tərəfindən çap olunmuş “Fev­ral” adlı 56 səhifəlik kitabda toplanmışdı. Elə həmin ildə Ə.Şərif gürcü ədibi E.Ni­noş­vilinin iki hekayəsini də dilimizə çevirmiş, bu əsərləri “Azərnəşr” “Palyas­tom gölü” adlı 67 səhifəlik kitabda oxuculara çatdırmışdı.
Əziz Şərif eyni zamanda Azərbaycan ədəbiyyatının M.F. Axund­zadə, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, C.Cabbarlı, T.Şahbazi, B.Talıblı, S.Rəhimov, Mir Cəlal, M.İbrahimov, M.Hüseyn, Ə.Məm­­mədxanlı və digər görkəmli nümayəndələrinin bir sıra əsərlərini rus dilinə çevirərək çap etdirməklə, həmin nəşrlərin bir çoxuna dərin məzmunlu ön söz yazmaqla söz sənətimizin respublikamızdan kənarlarda tanıtdırılması və təbliği işinə layiqli töhfələr vermişdir. M.F.Axundzadənin “Aldanmış kəvakib” povesti, komediyaları, Mirzə Cəlilin əsas əsərləri, Ə.Haqverdiyevdən hekayə, dram və felyetonlar, S.Saninin “Qorxulu nağıllar”ı, A.Şaiqin “Məktub yetişmədi”, C.Cabbarlının “Aydın”, “Gülər” və sair əsərləri, M.Hüseyndən povest və hekayələr, “Nizami” dramı, B.Talıblı, T.Şahbazi və S.Hüseyndən bəzi hekayələr, Mir Cəlalın “Bir gəncin manifes­­ti” romanı, bir sıra hekayələri, S.Rəhimovun “Şamo” romanı, M.İbrahimov­un “Gələcək gün” romanı və bəzi hekayələri, Ə.Məm­məd­xanlı­dan seçmə hekayələr, “Koroğlu” dastanının nəsr hissələri və adını çəkmədiyimiz digər əsərlər Əziz Şərif tərəfindən yüksək professionallıqla rus dilinə tərcümə olunmuş, ədəbiyyatımızın ge­nişmiqyasda tanıtdırılması sahəsin­də mühüm rol oynamışdır.
Görkəmli ədəbiyyatşünas-alimin həm başqa dillərdən Azərbaycan dilinə, həm də dilimizdən ruscaya tərcümələri özünün mükəmməlliyi, dəqiqliyi, orijinala sədaqəti ilə diqqəti çəkir. Təsadüfi deyil ki, müxtəlif vaxtlarda ayrı-ayrı yazıçı və ədəbiyyatşünaslar onun tərcümələrini yüksək dəyərləndirmiş, ədəbi əlaqələrin mühüm səhifəsi saymışlar.
Azərbaycan bədii tərcümə tarixində xüsusi mövqeyi olan Əziz Şərif bu sahə ilə əlaqədar bir sıra məqalələr də yazmışdır. O, Bakı, Tiflis, Moskva və digər şəhərlərin dövri və elmi mətbuatında ayrı-ayrı tərcümələr barədə resenziyalar, həmçinin bədii tərcümənin nəzəri və praktik məsələlərinə dair qiymətli məqalələr dərc etdirmişdir. O, 1967-ci ildə dərc etdirdiyi “Bədii tərcümənin bəzi məsələləri ətrafında” adlı məqaləsində xarici ədəbiyyatın dilimizə orijinaldan tər­cü­məsinin vacibliyi barədə yazırdı: “Respublikamızda Avropa ədəbiyyatını rus­ca­ya tərcümədən təkrar tərcümə təcrübəsindən, nəhayət, əl çəkməyin və orijinaldan tər­cümə etməyin vaxtı çoxdan çat­mışdır... Belə tərcümələrin ömrü gödək, key­fiy­yəti isə çox aşağı olur”. Həmin məqalədə tərcümənin keyfiyyətini şərtləndirən fak­torlardan danışan Ə.Şərif fikrini belə ümumiləş­dir­miş­dir: “Bədii tərcümə yalnız o zaman müvəf­fə­qiy­yətli ola bilər ki, tərcümə edən yazıçı həqiqətdə dəqiq söz ustası olmaqla bərabər, eyni zamanda tərcümə elədiyi əsərin dilini, əsər müəllifinin yaradıcılığını, həmin milli ədəbiyyatın xüsusiyyət və inkişaf yolunu, həmin xalqın tarixini bilmiş olsun. Həm də tərcümə elədiyi ədəbiyyatı, əsərin müəllifini, əsərin özünü sevsin, bəyənsin, bütün istedad və zəhmətini tərcümə üçün əsirgəməsin”. Başqa bir məqaləsində görkəmli alim tərcümənin yüksək səviyyəsi üçün iki şər­tin vacibliyini xüsusi vurğulamışdı: “Bir əsəri tərcümə edərkən sənətkar ən azı iki şərtə riayət etməli, iki məqsəd izləməlidir: birinci – əsərin məzmun və mün­dəricəsini olduğu kimi oxucuya çatdırmaq, ikinci – əsərin milli xüsusiyyətini, bədii ru­hunu saxlamaq, bədii əsəri elə tərcümə etmək ki, oxucu onun hansı xalqa aid ol­duğunu, hətta hansı dildən tərcümə edildiyini duysun”. Ustad mü­tər­cimin özü­­nün tərcümələrində bütün bu vacib şərtlərə mükəmməl şəkildə əməl olunmuşdur.
Ümumiyyətlə, professor Əziz Şərifin həm tərcüməçilik fəaliyyəti, həm də bu sahəyə dair məqalələri iyirminci əsr Azərbaycan bədii tərcümə tarixində mü­hüm yer tutur.

Hüseyn Həşimli
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR