24 Dekabr 2024, Çərşənbə axşamı

Martın 6-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasında qadın obrazı” mövzusunda rəsm sərgisinin açılışı oldu.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Beynəlxalq Qadınlar Gününün yaranma tarixi barədə danışdı.
Ülviyyə Həmzəyeva bildirdi ki, dünyada qadınların kişilərlə bərabər hüquqlara nail olmaları uğrunda mübarizəsinin tarixi 1857-ci il martın 8-dən başlanıb. Həmin tarixdə ABŞ-ın Nyu-York şəhərində toxuculuq sənayesində çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, pis əmək şəraitinə etiraz olaraq tətil keçiriblər. O zaman polis aksiyanın davamlı olmasına icazə verməyərək nümayişi dağıdıb. 1910-cu ildə – Nyu-York hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının Qurultayında inqilabçı Klara Setkin hər il martın 8-nin Dünya Qadınlar Günü kimi qeyd olunmasını təklif edib və bu təklif qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd etdi ki, Azərbaycan tarixinə nəzər salsaq, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınların kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etdiyinin şahidi olarıq. Bu, Manna, Atropatena, Atabəylər, Səfəvilər dövlətlərində də belə olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq ölkəmizdə müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verilib.
“Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət yetirib”, – deyən Ülviyyə Həmzəyeva qeyd etdi ki, ulu öndərin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev bu gün dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edib. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır. Qadınlar bütün dövlət strukturlarında, özəl bölmədə uğurla çalışır, nailiyyətlər qazanırlar.
Daha sonra sərgiyə baxış oldu.
İştirakçılar Ülviyyə Həmzəyevanın “Avtoportret”, “Şad günlər”, Həbibə Allahverdiyevanın “Zəriflik”, Qəhrəman Tağıyevin “Şairə qızın portreti”, Eldar Zeynalovun “Aişə” və digər rəsm əsərlərinə maraqla baxdılar.
Sərgidə 27 naxçıvanlı rəssamın 60-dək rəsm əsəri nümayiş etdirilir.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR