Azərbaycan satirik mətbuatı tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 109 il ötür. Böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu jurnalın ilk sayı 1906-cı il aprelin 20-də Tiflisdə işıq üzü görüb. “Molla Nəsrəddin” qısa fasilələrlə 25 il nəşr olunub. Dərginin, ümumilikdə, 748 sayı işıq üzü görüb ki, onun da 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda çapdan çıxıb.
“Molla Nəsrəddin” jurnalı qısa müddət ərzində böyük nüfuz qazanmış, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik mətbuatın inkişafına mühüm töhfələr vermiş, bu sahədə yeni səhifə açmışdır. Xalqın üzləşdiyi sosial-siyasi, iqtisadi və mədəni problemləri satirik üslubun imkanları vasitəsilə, sadə, anlaşıqlı tərzdə oxuculara çatdıran Mirzə Cəlil və onun Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi kimi məslək yoldaşları bütün fəaliyyətləri boyunca Vətənə, millətə layiqincə xidmət göstərmişlər. Xalqın milli mənafelərinin ardıcıl ifadəçisi və müdafiəçisi olan “Molla Nəsrəddin” azadlıq mücadiləsinə, xalqımızın hərtərəfli yüksəlişinə misilsiz töhfələr vermişdir. Bu jurnalın təsiri ilə nəşr olunan “Kəlniyyət”, “Arı”, “Tuti”, “Babayi-Əmir”, “Şeypur”, “Zənbur” kimi satirik mətbuat orqanları onun ənənələrini davam etdirmişlər.
Mollanəsrəddinçilərin zəngin yaradıcılıq irsinin qiymətləndirilməsindən danışarkən görkəmli dövlət xadimi Heydər Əliyevin fikirlərini ayrıca xatırlatmaq gərəkdir. Bu isə təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin fəaliyyətində və təlimində mədəniyyət, ədəbiyyat, incəsənət məsələləri də mühüm yer tutur. Bütün digər sahələrlə yanaşı, xalqımızın mədəni tərəqqisinə ardıcıl diqqət və qayğı göstərən ümummilli liderimiz məruzə, çıxış və nitqlərində bu məsələyə lazımınca nəzər yetirmiş, qiymətli fikirlər söyləmişdir.
Ulu öndərimizin böyük ehtiramla yad etdiyi ustad sənətkarlar sırasında görkəmli yazıçı-dramaturq və publisist Cəlil Məmmədquluzadə xüsusi yer tutur. “Molla Nəsrəddin” jurnalı kimi qiymətli bir mətbuat orqanı nəşr edən görkəmli ədibin yaradıcılığına, çoxşaxəli fəaliyyətinə, əsərlərinin müasirlik keyfiyyətinə xüsusi dəyər verən ümummilli liderimiz demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün bizimlədir, bizim sıramızdadır”.
Müdrik rəhbərimiz Cəlil Məmmədquluzadənin bədii-publisistik əsərlərinin, çoxşaxəli ictimai fəaliyyətinin, nəşr etdirdiyi məşhur “Molla Nəsrəddin” jurnalının xalqımızın tərəqqi və inkişafında ciddi əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir ki, “xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir”.
Jurnalı Mirzə Cəlil dühasının parlaq ifadəsi sayan ulu öndərimiz, bütövlükdə, mollanəsrəddinçilərin milli tərəqqiyə göstərdikləri ardıcıl və çoxşaxəli xidmətləri yüksək qiymətləndirərək demişdir: “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.
Mirzə Cəlilin, onun nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının gördüyü işləri böyük xəzinə, əvəzsiz xidmət sayan dahi rəhbər mollanəsrəddinçilərin öz fəaliyyətləri və yaradıcılıqlarında milliliklə bəşəriliyin üzvi vəhdətinə nail olmalarını xüsusi qiymətləndirmişdir.
Mirzə Cəlilin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının sadə xalq dilində yazmasını, dərin mənalı karikaturalara müntəzəm yer verməsini ayrıca qeyd edən ümummilli liderimiz rabitənin zəif olduğu XX əsrin əvvəllərində bu mətbuat orqanının böyük sürətlə yayılmasının səbəbini də məhz onun yüksək ideya-bədii dəyərə malik olması ilə əlaqələndirmişdir: “Molla Nəsrəddin” jurnalı dünyada məşhurdur. O vaxtlar rabitənin çox zəif olmasına baxmayaraq, “Molla Nəsrəddin” jurnalı dünyanın bir çox ölkələrində yayılırdı, hörmətlə qarşılanırdı, oxunurdu və hər yerdə öz təsirini göstərirdi. Azərbaycanın həyatında “Molla Nəsrəddin” jurnalının xüsusi yeri vardır. O dövrün şəraitinə uyğun olaraq, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını xalqın əksər təbəqələri üçün oxuna bilən, anlaşıqlı səviyyədə nəşr edirdi”.
Jurnaldakı dərin mənalı yazılarla diqqətəlayiq karikaturaların vahid məqsədə xidmət etdiyini, dərginin həm yazarlarının, həm də rəssamlarının böyük istedad sahibi olduqlarını, ideya-sənətkarlıq baxımından bir-birini uğurla tamamladığını xüsusi vurğulayan ulu öndər demişdir: “Təsadüfi deyildir ki, tanınmış rəssamlar Şmerlinqin, Rotterin, Azərbaycanın böyük rəssamı Əzim Əzimzadənin və başqalarının istedadından istifadə edərək, demək olar ki, jurnalda yazılarla bərabər həcmdə olan şəkillər, karikaturalar da verilirdi... O vaxt xalqımızın əksəriyyəti savadsız olduğuna görə, çoxunun oxumaq imkanı olmadığına görə karikaturalar və şəkillər savadsız adamlara da çox təsir bağışlayırdı, sözlər oxunmadan da fikirlər çatdırılıb, bildirilirdi. Jurnal Azərbaycan dilində nəşr olunduğundan o vaxt onu oxuyanların vasitəsilə xalq arasında geniş yayılırdı və çox güclü təsir göstərirdi”.
Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i yaradanadək böyük hazırlıq keçdiyini, xalq həyatını, məişətini, dünya mədəniyyətini dərindən öyrəndiyini vurğulayan ümummilli liderimiz qeyd etmişdir ki, məhz bunların sayəsində “Mirzə Cəlil “Molla Nəsrəddin” kimi dahiyanə bir məktəb yaratmış və bizə böyük mənəvi irs qoyub getmişdir”.
Ümummilli liderimiz Cəlil Məmmədquluzadə irsinin, “Molla Nəsrəddin”in bütün zamanlarda öz aktuallığını saxlamasına böyük önəm vermiş, mətbuatda “Molla Nəsrəddin” ənənələrinin davamını vacib saymış, “Molla Nəsrəddin” sözünə həmişə ehtiyac duyulduğunu nəzərə çatdırmışdır. Bakıda nəşr olunan “Kirpi” jurnalının “Molla Nəsrəddin” ənənələrinə bağlılığı ilə yanaşı, lazımi səviyyəyə yüksələ bilməməsi də görkəmli siyasi xadimin diqqətindən yayınmamışdır: “Kirpi” jurnalı “Molla Nəsrəddin” jurnalının səviyyəsinə çata bilmədi, onun tam davamçısı ola bilmədi, cəmiyyətimizdə onun yerini tuta bilmədi. Halbuki o illərdə də buna ehtiyac çox idi. Bu gün də ehtiyac çoxdur”.
Bütün bunlara əsasən, dahi rəhbər “Molla Nəsrəddin” jurnalının bütün saylarının yenidən toplu halında nəşr edilərək çağdaş oxuculara çatdırılmasını vacib saymış, bu mühüm işə də ardıcıl diqqət və qayğı göstərmişdir.
Zamanın, dövrün ən mürəkkəb sınaqlarından mərdliklə çıxaraq heç vaxt öz amalından, xalqa xidmət yolundan dönməyən mollanəsrəddinçilərin, xüsusən Mirzə Cəlilin mükəmməl şəxsiyyətini, fədakar ömür yolunu müasir ziyalılar üçün də “böyük tərbiyə mənbəyi, məktəbi” sayan ulu öndər Mirzə Cəlilin ədəbi irsinin daim öyrənilməsini, gələn hər yeni nəslin bu zəngin xəzinədən faydalanmasını vacib sayaraq fikrini belə ümumiləşdirmişdir: “Bizim bu gənc nəslimiz, indi yeni dövlətimizi, yeni cəmiyyətimizi formalaşdıran nəslimiz Cəlil Məmmədquluzadənin əsərləri ilə, yaradıcılığı ilə nə qədər yaxından tanış olsa, o qədər bizim dövlətçilik işimiz asan gedər...
Mirzə Cəlil yaradıcılığı bu günümüzə və gələcək həyatımıza parlaq işıq saçacaqdır, yollar açacaqdır və müstəqil Azərbaycanın gələcəyə uğurla getməsinə kömək edəcəkdir”.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadə irsinə, “Molla Nəsrəddin” jurnalına böyük qiymət vermişdir. Təsadüfi deyil ki, dahi rəhbər müsahibələrinin birində müvafiq sualları belə cavablandırmışdır:
– Ən çox sevdiyiniz pyes?
– Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi.
– Ən çox sevdiyiniz jurnal?
– “Molla Nəsrəddin”.
Hazırda respublikamızda bütün sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyətə qayğı istiqamətində də ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir. O cümlədən Mirzə Cəlilin və digər mollanəsrəddinçilərin irsinə də mühüm diqqət yetirilir, böyük qayğı göstərilir. 2006-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması, 2009-cu ildə C.Məmmədquluzadənin 140 illik yubileyinin keçirilməsi barədə Prezident sərəncamının qarşıya qoyduğu vəzifələr istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər məhz ulu öndər Heydər Əliyevin möhtəşəm siyasətinin uğurlu davamının təzahürüdür. “Molla Nəsrəddin” jurnalının bütün saylarının toplanılıb səkkiz cilddə nəşrinin başa çatdırılması da bu baxımdan xüsusi dəyərə malikdir.
Naxçıvan Muxtar Respublikasında da Mirzə Cəlilin və digər mollanəsrəddinçilərin xatirəsi uca tutulur, onlar ehtiramla yad edilir. C.Məmmədquluzadənin 140 illik yubileyi ilə əlaqədar həyata keçirilən çoxsaylı tədbirlər, hazırlanan nəşrlər, təşkil olunan elmi konfranslar, tamaşaya qoyulan əsərlər, hər il keçirilən “Mirzə Cəlil günləri” və sair mollanəsrəddinçilərin şəxsiyyətinə və sənətinə ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi böyük diqqətin, verdiyi önəmin muxtar respublikada layiqincə davam etdirilməsinin əyani təcəssümüdür.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru,
Əməkdar elm xadimi