Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında AMEA-nın müxbir üzvü, siyasi karikaturaçı Kərim Kərimovun 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş fərdi sərgisinin üçüncü gününün qonaqları Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb Kollecinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, digər elm və təhsil müəssisələrinin kolektivləri olub. Sərgiyə gələnlər müəllifin soyqırımını əks etdirən əsərlərinə böyük maraqla baxıblar.
Sərgiyə tələbələri ilə gələn Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Südabə Məmmədova dedi ki, Azərbaycanda son illər karikatura janrının inkişafı ölkədə gedən ümumi proseslərin bir hissəsi, azad cəmiyyətin göstəricisidir. Karikaturaçı Kərim Kərimovun sərgisinin yüksək səviyyədə təşkil olunması və bu sərgiyə marağın böyük olması onu göstərir ki, muxtar respublikada sənətə və sənətkara böyük qayğı və diqqət var, bunun müqabilində ictimaiyyətin müxtəlif sənət növlərinə marağı böyükdür.
Heydər Əliyev adına Hərbi Liseyin kursantı Onur Heydərli isə bildirdi ki, Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bu sərgi xalqın mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin vəhşiliklərinin ictimaiyyətin diqqətinə çatdırılması yönündə atılan növbəti addımdır. Bu sərgidə yer alan əsərlər dünyada gedən müharibələrin səbəbləri, imperializmin fəsadları, 31 mart hadisələri, Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqda gəncliyin bütün təfərrüatı ilə məlumatlar almasına imkan yaradır. Bu sərgi ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada ustalıqla təqdim edir.
Məlumat üçün bildirək ki, martın 30-da açılan, beynəlxalq terrorizmi, separatizmi və soyqırımını ifşa edən sərgidə rəssamın 113 karikatura əsəri nümayiş etdirilib.
Səbuhi Hüseynov