Dünən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açaraq qeyd edib ki, uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersenin anadan olduğu gün – 2 aprel tarixi 1967-ci ildən etibarən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunur. Nazir müavini bildirib ki, bu günün keçirilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu göstərmək, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Dünya və Azərbaycan uşaq ədəbiyyatının yaranması, inkişafı və nəşrindən də danışan Natəvan Qədimova deyib ki, XIX-XX əsrlər ölkəmizdə uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur. Ötən əsrin əvvəllərində M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, C.Məmmədquluzadə, S.M.Qənizadə və başqa görkəmli sənətkarlarımız həm də uşaqlar üçün gözəl əsərlər yazıblar.
Nazir müavini bu gün də ölkəmizdə uşaq kitablarının nəşrinə böyük diqqət yetirildiyini bildirib, uşaqlar üçün nəfis kitabların nəşr edilməsindən söhbət açıb. Muxtar respublikamızda da son illərdə uşaq kitablarının nəşrinə diqqət yetirildiyini deyən Natəvan Qədimova əlavə edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kitabxanalara, kitab nəşrinə göstərdiyi qayğı muxtar respublikada uşaq ədəbiyyatı nəşrlərinin sayının artmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar uşaq kitablarının nəşrindən danışarkən qeyd edib ki, son bir neçə ildə Naxçıvan Yazıçılar Birliyi də uşaq kitablarının nəşri ilə bağlı müəyyən işlər görüb. “Uşaqlar və Günəş” kitabı muxtar respublika rəhbərinin qayğısı ilə işıq üzü görüb və ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bundan başqa, uşaq ədəbiyyatının nümunələrini əks etdirən bir neçə kitab hazırlanaraq nəşr edilib. Bu sahədə işlərimizi bu gündə davam etdiririk. Uşaqlar üçün hazırlanan kitabların mövzu müxtəlifliyi və tərtibatı da hər zaman yazıçı və şairlərimizi düşündürən məsələdir. Maraqlı illüstrasiyalarla, mövzu rəngarəngliyi ilə zəngin olan kitablar uşaqları daha çox cəlb edib.
Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının baş metodisti Nəzakət Əhmədova çıxış edərək uşaq kitabxanasına son illər daxil olmuş uşaq kitabları haqqında danışıb, kitabın uşaqların intelektual inkişafında, nitq mədəniyyətinin formalaşmasında, uşaq təxəyyülünün genişləndirilməsindəki rolundan söhbət açıb. Qeyd olunub ki, kitabın cəmiyyətdə rolu əvəzolunmazdır. Uşaq kitablarının balacaların əqli inkişafındakı rolu heç bir zaman əhəmiyyətini itirməyəcəkdir.
Tədbir başa çatdıqdan sonra uşaqlar arasında bilik yarışı keçirilib və qaliblər son illər dilimizdə nəfis şəkildə nəşr olunmuş dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət kitablarla mükafatlandırılıblar. Bilik yarışından sonra isə balaca oxuculara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Nəğməkar bülbül” tamaşası göstərilib.
Sonda kitab sərgisinə baxış olub.
Əli Rzayev