24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Bəstəkarlar Təşkilatının və Naxçıvan Musiqi Kollecinin təşkilatçılığı ilə Təhsil Nazirliyində Naxçıvan Musiqi Kollecinin yaradılmasının 40 illik yubileyi münasibətilə konfrans keçirilib.
Konfransı Təhsil naziri Piri Nağıyev açaraq kollecin yaranma tarixindən və inkişaf yolundan danışıb. Bildirilib ki, Naxçıvan Musiqi Kolleci ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1974-cü ildə yaradılıb. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu adlandırılıb, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyət göstərir. Hazırda kollecdə 11 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən 40 il ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olub. Məktəbin məzunları ölkə­mizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmətlər göstərirlər.

Naxçıvan Musiqi Kollecinin 2005-ci ildə 30 illik yubileyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə geniş qeyd olunduğunu xatırladan nazir vurğulayıb ki, bu ilin aprel ayında kollecin yaradılmasından 40 il ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 29 mart 2015-ci il tarixdə “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiq edilib.
Konfransda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov “Musiqi mədəniyyətimizə töhfələr verən təhsil ocağı” mövzusunda çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqiçi kadrların yetişdirilməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrənilməsi məqsədilə yaradılan Naxçıvan Musiqi Kolleci artıq 40 ildir, Naxçıvanda gənc musiqiçi kadrların yetişdirilməsinə öz töhfələrini verməkdədir.
“Kollec təkcə təhsil müəssisəsi kimi fəaliyyətlə kifayətlənməyib, həmçinin müxtəlif illərdə keçirilən respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, muxtar respublikada keçirilən mötəbər tədbirlərdə, el şənliklərində peşəkar konsert proqramları ilə çıxış edib, musiqi kollektivlərinin yaradılmasında uğurlara nail olub”, – deyən Mədəniyyət və Turizm naziri əlavə edib ki, ali musiqi məktəbləri üçün baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür.
Sonra Naxçıvan Dövlət Universitetinin Musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru İnara Məhərrəmovanın “Naxçıvan Muxtar Respublikasının musiqi mədəniyyətinin inkişafında Naxçıvan Musiqi Kollecinin rolu”, Bəstəkarlar Təşkilatının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlil­ovun “Naxçıvan Musiqi Kollecinin musiqi kollektivləri”, kollecin direktoru Həsən Seyidovun “Naxçıvan Musiqi Kolleci 1975-2015-ci illərdə” mövzularında çıxışları olub.
Konfransa Təhsil naziri Piri Nağıyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR