Martın 14-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə aborigen amerikalıların – hinduların rəqs ənənələrini nümayiş etdirən “Oklahoma Fancy Dancers” qrupunun iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbirdə ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum tamaşaçıları salamlayaraq qədim tarixə malik olan Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirib.
Kelli Cullum qeyd edib ki, bugünkü konsert proqramı Azərbaycanda keçirilən “Amerika günləri” festivalı çərçivəsində təşkil olunub. Bu kimi tədbirlər Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrin güclənməsinə xidmət edəcək.
K.Cullum konsert proqramının yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra məşhur Amerika hinduları rəqs truppası olan “Oklahoma Fancy Dancers” maraqlı konsert proqramı ilə çıxış edib. Çıxışlar tamaşaçılarda xoş təəssüratlar yaradıb.
Qeyd edək ki, yerli Amerika rəqslərinin peşəkar və tanınan ifaçılarından ibarət olan “Oklahoma Fancy Dancers” truppasının üzvləri qədim hindulara xas olan kahin rəqslərinin mahir ifaçılarıdır. Rəqqasların hamısı rəsmi qeydə alınan qəbilələrin üzvləridir və onların əksəriyyəti müxtəlif aborigen qəbilələri təmsil edirlər. Hər bir rəqqasın geyindiyi ənənəvi, mötəbər mərasim paltarları və əşyaları al-əlvan rənglərlə boyanıb və onlar rəqqasın məxsus olduğu və ifa etdiyi rəqsi tərənnüm edir. Ənənəvi olaraq bu qrupun ifası, mahnı, musiqi və rəqslə müşayiət olunan bir hekayənin canlandırılması səhnəcikləri üzərində qurulur.
İfalarında maarifləndirici elementlərdən istifadə edən “Oklahoma Fancy Dancers” truppası müxtəlif vaxtlarda dünyanın bir sıra ölkələrinə səfərlər edib.
Xəbərlər şöbəsi