24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Müəllimlər İnstitutunda görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil müəssisəsinin rektoru, professor Oruc Həsənli açıb.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, dosent Əbülfəz Əzimli “Əziz Şərifin həyat və yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında professor Əziz Şərifin böyük xidmətləri olub. Ölkəmizdə və onun hüdudlarından kənarda bu görkəmli alim həm ədəbiyyatşünas, həm fədakar tərcüməçi, həm də publisist kimi tanınıb.
Qeyd olunub ki, Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif ilk təhsilini burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində alıb. Xalq içərisində ad çıxarmış bu təhsil ocağı Əziz Şərifin də elmə, maarifə yiyələnməsində mühüm rol oynayıb. Gənc Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailə mühitində yaşaması onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib. Əziz Şərifin Moskva dövrü həyatı genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə və tərcüməçilik işi ilə bağlı olub. Xüsusilə görkəmli alim Rusiyada yaşayıb fəaliyyət göstərdiyi dövrdə Azərbaycan ədəbiyyatının və elminin təbliği və tanıdılmasında müstəsna xidmətlər göstərib. O, hər iki dildən – Azərbaycan və rus dillərindən elmi və bədii tərcümələr edən azsaylı tərcüməçilərdən idi. Onun tərcümələri orijinalın ruhuna, yazıçının üslubuna, yazı tərzinə çox uyğunluğu ilə seçilib. Buna görə də görkəmli ədibin tərcümələri Azərbaycan tərcümə sənətinin böyük nailiyyəti sayılır.

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov “Əziz Şərifin pedaqoji görüşləri” mövzusunda çıxış edərək bildirib ki, Əziz Şərif geniş yaradıcılıq diapazonuna malik bir şəxsiy­yət idi. Publisistika, ədəbi tənqid, bədii tərcümə, pedaqoji iş, ictimai vəzifə onun fəaliyyətinin ayrı-ayrı sahələridir. Ölkəmizdə alim-filoloqların yetişməsi və inkişafında böyük alimin ciddi rolu olub. O, bir çox dissertasiyalara elmi rəhbərlik edib, namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olub. Əziz Şərifin Azərbaycan, Gürcüstan və Rusiya mətbuatında nəşr olunan çoxlu elmi əsərləri əcnəbi alimlərin də diqqətini cəlb edib. Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixindən danışan əcnəbi alimlər Əziz Şərif yaradıcılığından mötəbər bir mənbə kimi istifadə edirlər.
Ali təhsil müəssisəsinin müəllimləri Fəxriyyə Cəfərova və Samirə Həsənova isə görkəmli elm xadimi və pedaqoq Əziz Şərifin tədqiqatçı-alim kimi fəaliyyətindən danışıb, böyük alimin maraqlı ömür yolundan bəhs ediblər.
Elmi konfransa Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli yekun vurub.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR