24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu öndər Heydər ƏlİYEV: İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.

YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında mart ayının 21-i “Beynəlxalq Poeziya Günü” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Poeziya Günü 2007-ci ildən qeyd olunur.

Şeir bütün xalqların dilində qədimdən günümüzə qədər şifahi və yazılı şəkildə zamandan zamana, nəsildən nəslə keçmiş, yaddaşlara həkk olunaraq bəşəriyyətin söz xəzinəsini zənginləşdirmişdir. Azərbaycan dilinin axıcılığı, ahəngdarlığı imkan verir ki, bu dildə çox səlis, rəvan poetik nümunələr yaradılsın. Şifahi xalq ədəbiyyatı nümunələrimizdə xalqımızın adət-ənənələri, məişəti, düşüncəsi, ağrı-acısı, sevinci, mübarizə əzmi, vətənpərvərliyi daha aydın görünür. Ağılar, bayatılar, holavarlar, sayaçı sözlər, əmək nəğmələri, mövsüm-mərasim nəğmələri bunu bir daha sübut edir. Sonrakı dövrlərdə folklor nümunələrimiz zəminində gözəl şeirlər, poemalar yaranmış, şairlərimizin poetik düşüncəsində dünya, cəmiyyət haqqında fəlsəfi düşüncələrlə yanaşı, insanın fərdi duyğularının, insan cəmiyyətinin problemlərinin həlli də aparıcı mövzuya çevrilmişdir.
Klassik şairlərimizin Azərbaycan, ərəb və fars dillərindəki poetik inciləri Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi formalaşdırmışdır. Poeziya sənətimizin Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərləri sonrakı dövrlərdə bir sıra qüdrətli şairlərimizin ilham qaynağı olmuşdur. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi şairlərimiz anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan qüdrətli şairlər kimi dilimizin poetik imkanlarını daha geniş mənada üzə çıxarmışlar. XVII-XVIII əsrlərdə yazıb-yaradan şairlərimiz klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza təzə nəfəs gətirmişlər. Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin yaradıcılığı yazılı ədəbiyyatımızda poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazmışdır. Aşıq Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Dilqəmin, Abbas Tufarqanlının, Aşıq Alının, Aşıq Ələsgərin qoşma və gəraylıları, təcnisləri bir daha təsdiq edir ki, Azərbaycan poeziyası çox zəngin ənənələrə malik olan bir sənət çeşməsidir.

XIX-XX əsrlərdə yaranan Azərbaycan poeziyasında daha çox milli məfkurə ön planda olmuş, şairlər bu istiqamətdə dəyərli nümunələr yaratmışlar. Bu dövr Azərbaycan poeziya sənətində Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, İslam Səfərli kimi görkəmli şairlər öz dəst-xətti ilə seçilir. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra yazıçı və şair­lərimizin də poetik düşüncə dairəsi genişlənmiş, mövzu müxtəlifliyi artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş, inkişafın yeni mərhələsinə yüksəlmişdir. Şair­lərimizin yaradıcılığında xalqımızın duyğu və düşüncələri, azadlıq arzuları, söz və fikir azadlığı, milli istiqlal uğrunda savaş, insanın mənəvi azadlığı, azad düşüncə, xalqın oyanışı kimi bir sıra mühüm məsələlər öz poetik əksini tapmışdır.
“Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”, – deyən ümummilli liderimiz Heydər Əliyev həm klassik, həm də müasir ədəbiyyatımızın öyrənilməsi və təbliğini daim diqqət mərkəzində saxlamış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Vətənimizdən uzaqlarda da tanınmasına nail olmuşdur. Dahi rəhbər klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, onların heykəllərinin ucaldılmasına, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşmış, zəngin folklor nümunələrimizin toplanılması, nəşr olunması, xarici ölkələrdə tanıdılması baxımından mühüm qərarlar vermiş, fərman və sərəncamlar imzalamışdır. Ədəbiyyatımıza, poeziya sənətinə göstərilən bu qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Ölkə başçısının imzaladığı sərəncamlarla son illərdə onlarla görkəmli şair və yazıçının yubileyləri dövlət səviyyəsində qeyd edilmiş, əsərləri yüksək tirajlarla çap olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında da ədəbiyyatın, poeziya sənətinin inkişafına qayğı ilə yanaşılır. Bu gün muxtar respublikada Azərbaycan Yazıçılar Birliyinin 80 üzvü yaşayıb-yaradır. Son 8 ildə şair və yazıçıların, filoloq-alimlərin 500-dən artıq kitabı və almanax nəşr olunmuşdur. 2014-cü ildə şair və yazıçıların əsərlərindən ibarət uşaqlar üçün “Təmsillər”, “Şeirlər və hekayələr”, “Poema və pyeslər” kitabları, həmçinin dünya ədəbiyyatından tərcümə olunan “Dünyaya pəncərə” adlı 3 kitab çap olunmuşdur. Hazırda “Xoş baharlı Naxçıvanım” adlı almanax çapa hazırlanır.
Ötən dövrdə muxtar respublikada yaşayıb-yaradan şair və yazıçıların əməyi yüksək qiymətləndirilmiş, onlar “Şərəf” və “Şöhrət” ordenlərinə, “Tərəqqi” medalına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatlarına layiq görülmüşlər. Hazırda Naxçıvanda 22 şair və yazıçı Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarını daşıyır.
Bu gün Naxçıvanda bədii yaradıcılıqla məşğul olan yaradıcı insanlar arasında gənclərin üstünlük təşkil etməsi bir tərəfdən gənc nəslin istedadının üzə çıxarılması sahəsində görülən ardıcıl tədbirləri, digər tərəfdən poeziyamıza göstərilən qayğını özündə təzahür etdirir. Şeir kitabları və nəsr əsərləri ilə oxucuların görüşünə gələn 30-a yaxın gənc şair və yazıçı artıq Azərbaycan ədəbi mühitində özünəməxsus yaradıcılıq imkanları ilə seçilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu dövrün ədəbiyyatı, birinci növbədə, vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir”. Bu gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin qarşısında çox mühüm vəzifələr durur. Muxtar respublikada həyata keçirilən böyük abadlıq və quruculuq işləri, qədim diyarımızın sürətli inkişafı bundan sonra da şair və yazıçıların ilham mənbəyinə çevriləcək, sanballı bədii əsərlər yaradılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR