24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində “Kitabi-Dədə Qorqud” Avropada” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsinin alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor qədim mədəniyyət abidələrindən biri olan bu dastanın tədqiqinin, təbliğinin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi haqqında” 1997-ci il 20 aprel tarixli Fərmanına əsasən, bu yubiley YUNESKO çərçivəsində dünya səviyyəsində qeyd olunub. Yubiley münasibətilə çoxşaxəli işlər görülüb, “Kitabi-Dədə Qorqud” ensiklopediyası nəşr olunub, abidələr ucaldılıb. Bu gün əsərin ilk tərcüməsi və nəşrinin 200 illiyinin dövlət səviyyəsində qeyd edilməsi milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir.

Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı “Kitabi-Dədə Qorqud”un dünya dillərinə tərcüməsi, nəşri və tədqiqi tarixindən” adlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixdə imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edərək bildirib ki, bu epos XVIII əsrdən məlum olsa da, ilk dəfə 1815-ci ildə alman alimi Henrix Fridrix fon Dits “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsini tapıb. Bundan sonra Avropa şərqşünaslıq elminin diqqətini cəlb edən dastanın müəyyən qolları 1894-cü ildə rus alimi Bartold, 1916-cı ildə türk tədqiqatçısı Kilisli müəllim Rifət, 1938-ci ildə yenə də türk alimi Orxan Şaiq Gökyay, 1952-ci ildə İtaliya şərqşünası, professor Rossi tərəfindən tərcümə və nəşr edilib. Teodor Nöldeki, İohan Hayn, Hans-Peter Əhməd Şmide, Faruk Sümər, Əhməd Uysal, Uorren Uolker, Pavel Antokolski, Lui Bazən, Altan Göyalp və digər şərqşünas alimlər Dədə Qorqudun şəxsiy­yəti, dastanın əhəmiyyəti, hadisələrin cərəyan etdiyi zaman və məkan məsələləri, əsərin dili, üslubu və sair haqqında ciddi tədqiqatlar ­aparıblar.
İngilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ceyran Quliyeva “Oğuz dastanlarının ingilis dilində tərcümə sənətkarlığı”, Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov “Kitabi-Dədə Qorqud” dastanı rus dilində”, Roman-german dilləri kafedrasının baş müəllimləri Kövsər Abbasova “Kitabi-Dədə Qorqud” alman dilində: tərcüməsi, nəşri və tədqiqi məsələləri”, Məhsəti Əsgərova “Kitabi-Dədə Qorqud” dastanı Fransada” mövzularında məruzələrlə çıxış ediblər. Sonda Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri dastandan parçaları Azərbaycan və dünya dillərində bədii qiraət ediblər.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR