24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan ərazisində xalq təqviminə görə, yazın ilk ayı, yəni martın 20-dən aprelin ortalarına qədər olan dövr “qara yaz”, “yazan quru” və ya “erkən yaz” adlandırılır. Heyvandarlarımız arasında isə bu dövr, yəni qara yaz “danaqıran” adı ilə məlumdur. Qara yaz həm də “davardoymaz (aran zonasında martın axırı, aprelin ortalarına, dağlıq zonada isə aprel ayının axırına qədər olan dövr), bəzi bölgələrdə isə “dadardoymaz”, “yatardurmaz” adları ilə bilinməkdədir. Bu, qışdan zəif çıxan heyvanın çöldə özünü doyuzdura və ya yatıb ayağa dura bilməməsi ilə bağlı adlardır. Demək, ad da buna uyğun deyilmişdir. Təcrübəli çobanlarımız qeyd edirlər ki, bu dövrdə çöldə, otlaqda otun azlığı ilə bağlı olaraq heyvan doymadığı üçün ona əlavə yem verilməlidir.

Dövr həmçinin “qırx kötük yanan, qırx çuval saman, Allah aman” da adlandırılmışdır. El təcrübəsinə arxalanan maldarlarımız bu dövr qurtarmayınca heyvanları yaylağa çıxarmazdılar.
Qeyd edək ki, Naxçıvanda yazın ilk 40 gününə aid olan dövrün çox hissəsi aprel ayına təsadüf edir ki, həmin dövr xalq arasında həm də “şeşə sovan” adlanır. Bəzi məlumatçılar isə “şeşə sovan”ı yazın 36 günü gedən dövrə qədər olduğunu bildirirlər. Qalan dörd günü isə “Allah aman, sarı saman” adlandırırlar. İlk 2 gün Allah aman, sonrakı 2 gün isə sarı saman olur. İlin bu dövründə maldarlarımız çalışardılar ki, müəyyən qədər yem ehtiyatları olsun. Bunu aşağıdakı folklor nümunəsində də görmək olar:
Martda mərək gərək,
Mərək dolu gərək.
Aprel ayına da
Bir xorum otun gərək.
və yaxud
Taxçada saxla,
Boxçada saxla,
Şeşə sovana da (aprel ayına),
Ot, saman saxla.
Topladığımız etnoqrafik materiallardan aydın olur ki, Naxçıvan ərazisində, xüsusən dağlıq zonada bu dövrdə ancaq xırdabuynuzlu heyvanlar çölə çıxır və səhər, eləcə də axşam yem verilir. Deməli, aprel ayında bir qədər yem ehtiyatı olmalıdır. Peşəkar çobanlar, təcrübəli maldarlar deyirlər ki, bu çətin dövrdə balası olmuş qoyunu çölə çıxarmazlar.
Qara yaz keçmişdə xalq arasında ağır, çətin dövr sayılardı. Xalq arasında qara yazın 10 günü “qarının mərdi” və ya “qarının borcu” adlandırılmışdır. Qarı və onun çəpişləri haqqında olan rəvayət də bu dövrə uyğun yaradılmışdır.
Rəvayətə görə, yem ehtiyatı qurtardığı üçün qışın çıxmasına sevinən qarı mart çıxan kimi çırtma çalıb oynayaraq oxuyur:
Mart gözünə barmağım,
Çıxdı yaza oğlağım.
Bunu eşidən mart aprel ayından borc alıb qarının oğlaqlarını qırır. Bu dövr, yəni “qarının mərdi” Şərur bölgəsində Novruz bayramından 20 gün keçəndən sonraya, yəni aprel ayının 12-nə, Culfa bölgəsində isə mart ayının 31-dən aprel ayının 10-na qədər olan dövrü əhatə edir.
Qara yazdan 15 gün keçməsinə baxmayaraq, həmin dövrün təhlükəli hesab edilməsini bir el deyimində də görürük. Xalq arasında işlədilən “qorx aprelin beşindən, öküzü qoyar işindən” ifadəsi buna misal ola bilər. Bəhs olunan deyimin Anadolu variantı da vardır. Anadoluda bununla bağlı “qorx aprelin beşindən, öküzü ayırar eşindən” deyimi işlədilir. Yəni havalar bu dövrdə pis keçər, cütçü əkin sahəsinə çıxa bilməz. İkinci deyim də havaların pis keçməsinə işarədir. Bu, otu, samanı qurtaran kəndlinin havanın pis keçməsini görüb öküzünün birini satıb yem tədarükü görməsi ilə əlaqədardır. Bundan əlavə, xalq arasında “Novruzdan sonra qırxım da olar, qırğın da” kimi el deyimi işlədilir.
Yaz aylarımız həmişə selli-sulu olar. Bunun üçün xalq təqvimində aprel ayına həm də “leysan ayı” deyilir. “Leysan” ərəbcə “nisan”, “neysan” (aprel) sözünün dəyişdirilmiş şəklidir. Anadolu türklərindəki “nisan” (aprel) ayının adı bu sözlə əlaqədar yaranıb.
Əkinçiliklə bağlı təqvim adətində isə Novruz bayramından sonrakı aya (mayın 10-na qədər) “əkin ayı” adı verilmişdir. Bəzi mənbələrdə e.ə. II minilliyə aid mixi yazılarda “əkin ayı” adına rast gəlindiyi göstərilir. Novruz bayramından 15 gün sonrakı dövr əkinçi üçün qorxulu hesab edilir. Çünki bu günlərdə güclü boran olar. Xalq arasında bu dövrü “qarğa boranı” və yaxud “çalağanın yumurtasının çatlayan” dövrü adlandırırlar. Belə bir el deyimi də var ki, “çalağanın yumurtası çatlamayınca istilər düşməz”. Əgər bu vaxta qədər toxum səpilsə, soyuq alar.
Əkinçilərimiz bu dövrdən sonra şuma çıxardılar. Şuma çıxanda deyərdilər ki, artıq torpaq keşdəndi (bəzən “çeşdəndi” də deyirlər), əkinə çıxmağın vaxtıdır. Topladığımız materiallara görə, torpağın keşə gəlməsini bilmək üçün torpağı ələ alıb sıxar, sonra yerə salardılar. Əgər torpaq dağılsa, deyərdilər, artıq yetişib.
Xalq arasında aprelin 22-dən mayın 2-nə qədərki dövrü “qaranquşun palçıq bağlayan dövrü” adlandırardılar. Düşünülmüşdür ki, qaranquşun palçıq bağlayan dövrü çıxdı, yazın 40-ı çıxmalıdır. Söz düşmüşkən qeyd edək ki, qaranquşun palçıq bağlayan dövründə tikinti işlərinə başlayar, yeni evlər inşa edərmişlər. Yaşlı məlumatçılar qeyd edirlər ki, bu dövrdə kəsilən kərpic bərk olardı, palçıq saqqız kimi yapışardı.

Asəf Orucov
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR