24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov teatr sənətinin sahiblərinə və onların fəaliyyətlərinə yüksək qiymət verərək Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “Naxçıvan teatrı da, necə deyərlər, quru yerdən yaranmamış, özündən əvvəl formalaşmış ənənələrə istinad etmişdir. Bu diyarda dünyəvi teatrın yaranmasına təsir göstərən ən mühüm amillərdən biri min illər boyu formalaşmış xalq teatrı olmuşdur. Əməklə bağlı oyun və rəqslər, mövsüm bayramları, Novruz mərasimləri, aşıq-ozan sənəti, müxtəliftipli meydan-tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bütün bunlar isə, öz növbəsində, dünyəvi peşəkar teatr sənətinin yaranması ilə nəticələnmişdir”.
Uzun illərdən bəridir ki, Naxçıvan Muxtar Respublikasında xalq teatrlarının yaradılmasına ciddi diqqət yetirilir. Burada məqsəd muxtar respublika sakinlərinin mədəni istirahətini təşkil etməklə yanaşı, həm də istedadlı adamların üzə çıxarılması, onların köməyindən istifadə etməklə gənc mədəniyyət işçilərinin, gələcək aktyorların yetişdirilməsidir. Artıq muxtar respublikamızın bir neçə rayonunda xalq teatrının yaradılmasına nail olunmuşdur. Şahbuz Rayon Xalq Teatrı da yeni yaradılan teatrlardandır.

Son illərdə muxtar respublikada mədəniyyətin inkişafına göstərilən dövlət qayğısı nəticəsində Şahbuzda da mədəni həyat xeyli canlanmışdır. Dram dərnəyi öz fəaliyyətini bərpa edərək bir sıra tamaşalar hazırlamış, 2011-ci ildə “Ər və arvad” üçpərdəli musiqili komediyasının təqdimatından sonra kollektiv üzvləri öz arzularına çatmışlar.
2012-ci ildə “Beş manatlıq gəlin”, “Evliykən subay” musiqili komediyalarını tamaşaçılara təqdim edən xalq teatrı öz repertuarını genişləndirərək bu günlərdə ölməz bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını şahbuzlu tamaşaçılara təqdim etmişdir.
Tamaşa uğurlu oldu. Bu uğurun qazanılmasında quruluşçu rejissor Ramiz Cəlilovun, musiqi tərtibatçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevin böyük əməyi olmuşdur. İfaçılardan İlahə Səfiyeva, Səadət Abdinova, Gündüz Kəlbiyev, İsa Qələndərli, Nihad Hüseynov, Şahin Orucov, Emin Hüseynov, Səlim Bayramov, Namiq Qəmbərov və başqalarının adlarını çəkə bilərik.
Bu istedadlı aktyorların uğurlu ifaları sayəsində “O olmasın, bu olsun” musiqili komediyasına yeni səhnə həyatı verildi və bu, şahbuzlu teatrsevərləri ürəkdən sevindirdi.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov tamaşadan sonra kollektivi uğurlu çıxışa görə təbrik etmişlər.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR