Dünən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib. Möminə xatın türbəsi qarşısında keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov açıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan abidələrinin öyrənilməsi sahəsində qazanılmış nailiyyətlər” mövzusunda çıxışında ümummilli lider Heydər Əliyevin Naxçıvan tarixinin öyrənilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən və qəbul etdiyi qərarlardan danışıb. Bildirib ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu sahədə bir sıra nailiyyətlər əldə edilib. Ali Məclis Sədrinin tariximizin öyrənilməsi, abidələrimizin qorunması və təbliği haqqında imzaladığı çoxsaylı sərəncamlardan bəhs edən alim qeyd edib ki, muxtar respublikada aparılan araşdırmalar zamanı bu günə qədər 1202 abidə qeydə alınıb.
“Muxtar respublika ərazisində son illər daha 37 abidə aşkar edilib”, – deyən Fəxrəddin Səfərli bu sahədə muxtar respublikada aparılan arxeoloji ekspedisiyalar və yeni tapıntılar haqqında da məlumat verib. Vurğulanıb ki, muxtar respublika ərazisindən Neolit dövrünə aid arxeoloji mənbələr Naxçıvanın çox qədimdən insanların yaşayış məskəni olduğunu təsdiqləyir. Hər il ənənəvi olaraq muxtar respublikada ABŞ və Fransadan gəlmiş ekspedisiyalar da arxeoloji qazıntılarda iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arxeoloji ekspedisiyaların fəaliyyətinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan alim bu işlərin yüksək səviyyədə həyata keçirildiyini bildirib.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva “Naxçıvan abidələr diyarıdır” mövzusunda çıxış edib.
Tədbirin sonunda iştirakçılar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ərazisindəki abidələrə və maddi-mədəniyyət nümunələrinə baxıblar.
* * *
Dünən Kəngərli rayonunda Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Qarabağlar Memarlıq Kompleksinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib. Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyov açaraq bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. YUNESKO-nun qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir.
Tədbirdə rayonun Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi, elmi işçi Nəzakət Əkbərova “Tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir” mövzusunda çıxış edərək qədim Naxçıvanın tarixi və mədəniyyət abidələrindən söhbət açıb.
Xəbərlər şöbəsi