Tarixi mənbələrə müraciət etsək, görərik ki, tarixin bütün dövrlərində Naxçıvan Azərbaycan üçün önəmli bir bölgə olub və baş verən ictimai-siyasi hadisələr öncə Naxçıvanda təzahür edib, sonradan Azərbaycanda əks-səda doğurub. Müstəqillik illərində Naxçıvanda dövlətçiliklə və gələcək inkişafla bağlı atılan addımların sonrakı dövrlərdə Azərbaycanda əks-səda verməsi bir daha göstərir ki, bu region həmişə zamanın qaynar qazanına bənzəyib. Mətləbdən bir qədər uzaqlaşmağımın səbəbi də muxtar respublikamızda bir çox yeni ideyaların yaranması və onların mahiyyəti barədə təəssürat yaratmaq idi. Belə ideyalardan biri də “Muzey günləri”nin keçirilməsidir. Bu, tariximizin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, milli dəyərlərimizin məqsədyönlü şəkildə təbliği, gənclərə aşılanması və sahiblik hissinin gücləndirilməsi deməkdir.
Hər birimiz yaşadığımız əsrin bir neçə onilliyinin şahidi oluruq. Amma mənsub olduğumuz xalqın, dövlətin tarixi minilliklərə uzanıb gedir. Həmin tarixi dönəmlərin sirlərini günümüzə kimi özündə əks etdirən, arxeoloji qazıntılar zamanı əldə olunan qiymətli eksponatları görmək və onlar haqqında məlumatlar öyrənmək, həmçinin qədim əlyazmaları, tarixi mənbələri görmək üçün muzeylərə getmək şərtdir.
Bölgələrimizdə olan tarix-diyarşünaslıq muzeylərində mühafizə olunan eksponatlar illərlə aparılan arxeoloji qazıntılar nəticəsində, tədqiqatlar sayəsində əldə olunub muzeylərimizə təhvil verilən qiymətli nümunələrdir. Bu mənada muxtar respublikamızda “Muzey günləri”nin keçirilməsi birbaşa və dolayısı ilə bu xalqa aid olan mədəniyyətin, mənəviyyatın, ənənələrin insanlara tam mənası ilə aşılanması məqsədinə xidmət edir.
Naxçıvanın tarixi, onun mədəniyyəti ilə bağlı muzeylərimizdə qorunub saxlanılan əlyazmalardan, tarixi əsərlərdən əldə olunan məlumatlardan bir qismini oxucularımıza təqdim etmək istəyirəm ki, bunları başqa bir ünvanda tapmaq mümkün deyil. Muzeylərimizdən birində qorunub saxlanılan dəyərli mənbədə yazılır: “XIII yüzillikdə naməlum bir müəllif “Əcaib əd-dünya” əsərində Naxçıvanla bağlı belə bir fikir yazıb: “Deyirlər, yer üzündə Naxçıvandan çox əhalisi olan bir şəhər yoxdur”.
Bu şəhərin yaşı müxtəlif mənbələrin hərəsində bir cür göstərilir. Şəhər kimi beş min ildən çox yaşı olduğu bilinən Naxçıvanda qədim əkinçiliyin, oturaq maldarlıq mədəniyyətinin qalıqları bu gün muzeylərimizdə qorunaraq bu tarixi özündə yaşadır.
Kosmonavt A.Leonovun Naxçıvan haqqında söylədiyi fikirlər də maraqlıdır. Görüşlərindən birində deyib ki, kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə, həmin rəngi axtarırdım. Bu rəngi, nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvan torpağının rəngində görünür.
Dünyanın möcüzəli yerlərindən olan Naxçıvana “Nuhçıxan” da deyilir. Bu ad bu yurd yerinin insanlarını qədim bəşər nəslinin ən qədim kökünə bağlayır. Hörmətli oxucularımıza Naxçıvanla bağlı müxtəlif mənbələrdən oxuduğum, öyrəndiyim və bəlkə də, onların bildiyi bu tarixi faktları xatırlatmaqda bir məqsədim var. Biz bu faktları, məlumatları dilimizə gətirərkən ilk sözümüz bu olur: filan tarixi mənbədə, filan müəllifin əsərində, filan muzeydəki əlyazmalarda göstərildiyi kimi...
Bu mənbələr, tarixi faktları qələmə alan müəlliflər haqqında əsas məlumatları haradan əldə edə bilirik? Bu sualın, məncə, bircə cavabı var – muzeylərdən. Belə mədəniyyət ocaqlarında qorunub saxlanan eksponatlar vasitəsilə həm tarixi şəxsiyyətlər, həm tarixi dövrlər, həm mənbələr, həm də insanlar, onların yaşayış tərzi haqqında dürüst məlumat əldə etmək mümkündür. Əgər eksponatlar, əsrlərlə yaşı olan əlyazmalar, müxtəlif əşyalar muzeylərimizdə qorunub saxlanmazsa, onda yuxarıda şərh elədiyim reallıqları biz doğru-dürüst öyrənə bilmərik. Dünyanın yaranışı, tarixi inkişaf və qədim həyat tərzi, mədəniyyətlər haqqında faktları biz ancaq qorunan, yaşadılan mənbələr vasitəsilə öyrənə bilirik. Bəlkə də, oxucu yenə də məqsəddən uzaqlaşdığımı düşünəcək. Ancaq bu gün muxtar respublikamızda məqsədyönlü şəkildə həyata keçirilən “Muzey günləri”ndə muzeylərə gəzintilərin təşkil olunmasının insanlarda o eksponatlara qarşı nə qədər maraq yaratmasının şahidi olduğum üçün fikrimi bir qədər geniş çatdırmağa çalışıram. Sözsüz ki, Şahbuz rayonunda da tərtib olunmuş cədvələ əsasən, rayon İcra Hakimiyyəti aparatının, müxtəlif təşkilatların əməkdaşları ilə bərabər, “Oğuz səsi ” qəzetinin kollektivi də Şahbuz şəhərindəki Tarix-Diyarşünaslıq və Nursu kəndindəki Məmməd Arazın ev- muzeyində bir neçə dəfə olub. Həmin tədbirdə iştirak edərkən yaşından asılı olmayaraq, sərgiyə baxan tamaşaçıların bir-birlərinə suallar verməsini, həmçinin muzey əməkdaşlarına eksponatlarla bağlı çoxlu suallar ünvanlamasını görəndə düşündüm ki, atalarımız demişkən, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Baxmayaraq ki, Şahbuz rayonundakı Tarix-Diyarşünaslıq Muzeyi uzun müddətdir, fəaliyyət göstərir. Amma rayon sakinlərindən bəziləri bu muzeyə ilk dəfə idi gəlirdilər. Deməli, bir rayonun timsalında müşahidə olunan bu hal muxtar respublikamızın digər bölgələrində də, yəqin ki, mövcuddur. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada “Muzey günləri”nin keçirilməsini diqqət mərkəzində saxlaması insanlara tariximizin, milli mədəniyyətimizin, kimliyimizin aşılanması istiqamətində görülən işlərin mahiyyətindən xəbər verir. Ali Məclis Sədrinin muzeylərlə bağlı söylədiyi fikirlərdə bu, öz əksini tapır: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Şəhla Nəbiyeva