24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov çıxış edərək Azərbaycan teatrının keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, xalqımızın teatr sənətinin, xalq teatrımızın tarixi çox qədimlərdən başlayır. Qədim tarixə malik olan xalq oyunları, xalq komediyaları, meydan və Qaravəlli tamaşaları teatr sənətimizin ilk nümunələridir. Min illər boyu xalqımız bu tamaşaları, oyunları açıq havada, şəhər mərkəzində, kənd içində və başqa yerlərdə nümayiş etdirərək yaşadıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan teatrının inkişafında müstəsna xidmətlərindən danışan nazir vurğulayıb ki, bu gün ölkəmizdə teatrlara və sənət adamlarına ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə teatr binaları tikilir, əsaslı təmir edilir və ya yenidən qurulur. Teatr sənətinə göstərilən diqqət və qayğını muxtar respublikada fəaliyyət göstərən sənət ocaqlarının timsalında da aydın görmək mümkündür.

Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Teatrın direktorunun sözlərinə görə, Naxçıvan teatrı 130 ildən çoxdur ki, dərin mündəricəli əsərlər tamaşaya qoymaqla teatr tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Bu əsərlərlə Naxçıvan teatrı istedadlı aktyor, rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı nəslin estetik zövqünün formalaşmasında böyük rol oynayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının “Araz sahilində doğan Günəş” ikihissəli dramı əsasında hazır­lanmış tamaşa teatrsevərlərə təqdim olunub.
Quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov olan bu tamaşada Naxçıvan torpağının muxtariyyət tarixinin çətin və mürəkkəb dövrü tamaşaçılara təqdim edilib.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR