YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında 23 apreli Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. Bu gün 2001-ci ildən etibarən hər il ölkəmizdə də qeyd edilir.
Yaradıcılıq anlayışı ilə sıx bağlı olan müəlliflik hüququ mədəniyyətin və biliklərin uzaq keçmişindən bəhrələnən məhsuludur. Azərbaycanda kitab nəşrinin, eləcə də müəlliflik anlayışının tarixi çox qədimdir. Xalqımız tərəfindən yaradılan qədim əmək mahnıları, mərasim nəğmələri, bayatılar, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvəllər şifahi formada yayılmış, sonralar isə daş, ağac və gil üzərinə köçürülərək bu günümüzə qədər gəlib çatmışdır. Orta əsrlərdən başlayaraq görkəmli Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun ilkin səmərəli qorunma formasını yaratmışlar.
Azərbaycanda kitab mədəniyyəti X-XII əsrlərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş, ədəbiyyat, coğrafiya, təbabət, astronomiya, tarix, fəlsəfə, məntiqə aid gözəl əsərlər yaranmışdır. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük alimlər, şairlər yaşayıb-yaratmışlar. Müxtəlif tarixi dövrlərin böyük ustadları olan Xətib Təbrizinin, Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Nəcməddin Naxçıvaninin, Hinduşah Naxçıvaninin, Nəsirəddin Tusinin, Qətran Təbrizinin, Bəhmənyarın və başqalarının müəllif hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları bu günə qədər gəlib çatmışdır. Bu əlyazmalar ölkəmizdən başqa, dünyanın bir sıra ölkələrində – ABŞ, Rusiya, Fransa, Almaniya, Vatikan, Çexiya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrdə qorunub saxlanılmaqdadır. Bütün bunlar Azərbaycanda kitab və müəllif hüququnun qədim tarixə malik olmasından xəbər verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə kitab mədəniyyətinə, nəşriyyat işinə, kitabların yaradıcıları olan müəlliflərə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşri geniş vüsət almış, yaradıcı insanlar hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Müstəqillik illərində dahi şəxsiyyətin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində daha geniş və ardıcıl tədbirlər həyata keçirilmiş, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, ölkəmiz tezliklə “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlamışdır. Ulu öndər kitab nəşrinə yüksək qiymət verərək demişdir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”.
Bu gün Azərbaycanda kitab nəşri və kitabxanaların fəaliyyətinin gücləndirilməsi, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində ardıcıl işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar görülən işlərin miqyasını daha da genişləndirmişdir.
Bu sahədə Heydər Əliyev Fondu tərəfindən də mühüm tədbirlər görülür. Son illər fond tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, bir sözlə, mədəni irsimizlə bağlı nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Aparılan işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Son illər Azərbaycan yazıçılarının əsərlərinin xarici ölkələrdə nəşr olunması, beynəlxalq kitab yarmarkalarında, sərgilərdə nümayiş olunması da bu sahədə əldə olunan müsbət nəticələrdən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, elektron kitabxanaların yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin edilərək istifadəyə verilməsi kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulmuş, elektron kitabxana sistemi yaradılmışdır.
Muxtar respublikada təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. 2013-cü ildə Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bundan başqa, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana sistemi də yaradılmışdır.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın kitabxanalarına 500 minə yaxın elmi və bədii ədəbiyyat paylanmışdır.
Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Gəncliyimiz – gələcəyimiz”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Naxçıvan tarixi” çoxcildliyi tariximizi və milli dəyərlərimizi öyrənmək üçün dəyərli elmi mənbələrdir. Bu kimi tədbirlərin və işlərin ardıcıl həyata keçirilməsi dövlətin bu sahəyə xüsusi önəm verməsinin göstəricisidir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. İl ərzində gənc şair və yazıçıların onlarla kitabı işıq üzü görür. Bu gün Naxçıvanın qələm sahiblərinin yaradıcılıqları ölkə və dünya miqyasında tanınır və sevilir. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə ayrılan diqqətin, müəlliflərə göstərilən qayğının bariz nümunəsidir.
Bəşəriyyətin elmi və mədəni intibahı insanların yaradıcı təfəkkürünün məhsuludur. Bu mənada Ümumdünya Kitab və Müəllif Hüquqları Günü hər kəsin diqqətini kitabların və müəllif hüquqlarının qorunmasına cəlb etməlidir. Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Əziz Şərif, Məmməd Araz, İslam Səfərli və digər görkəmli yaradıcı şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında əqli mülkiyyət yaradıcılarının hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti