24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən “Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyat­şünaslıq elminin görkəmli nümayəndəsi Əziz Şərifin anadan olmasının 120 illik yubileyi münasibətilə konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor İsmayıl Əliyev alimin mənalı həyat yolu, zəngin elmi yaradıcılığı haqqında danışıb.
Rektor qeyd edib ki, professor, Əməkdar elm xadimi Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərib, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi şəxsiyyətləri haqqında qiymətli əsərlər yazıb.
Rektor bildirib ki, görkəmli pedaqoq və elm xadiminin 120 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ədəbiyyatşünas-alimin irsinin öyrənilməsi və öyrədilməsi baxımından Naxçıvan ziyalı mühiti tərəfindən rəğbətlə qarşılanıb.
Konfransda çıxış edən Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Rafiq Babayev Əziz Şərif yaradıcılığındakı milli məfkurə və milli düşüncənin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafındakı əhəmiyyətindən bəhs edib, onun ölkəmizdə alim-filoloqların yetişməsindəki fəaliyyətindən danışıb. Bildirilib ki, Əziz Şərifin taleyində görkəmli mollanəsrəddinçi Cəlil Məmmədquluzadənin çox böyük rolu olub, onun təhsil almasında Mirzə Cəlil bilavasitə iştirak edib.
“Əziz Şərifin ədəbiyyatşünaslıq fəaliyyəti” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Məmməd­ova görkəmli ədibin həyatının maraqlı məqamları, onun yaradıcılıq axtarışları haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, ədəbiyyatşünas alimin Azərbaycanın görkəmli şair və yazıçılarının həyat və yaradıcılığı, onların əsərlərinin əsas məziyyətləri barədə təhlili məqalələri ədəbiyyatşünaslıq tariximizin uğurlu səhifələrindəndir.
Daha sonra “Əziz Şərifin publisistik və tərcümə yaradıcılığı” mövzusunda çıxış edən həmin kafedranın baş müəllimi Nurlana Əliyeva Əziz Şərifin publisistika və ədəbi tərcümə sahəsindəki xidmətlərindən danışıb, onun Azərbaycan ədəbiyyatının qiymətli nümunələrini rus dilinə çevirərək onlara geniş oxucu auditoriyası qazandırdığını bildirib. Eyni zamanda ədibin klassik rus ədiblərinin əsərlərinin də Azərbaycan dilinə tərcüməsi onun əvəzsiz xidmətlərindəndir. Onun Naxçıvan haqqında məqalələri, teatr sənətinə aid publisistik yazıları oxucuların diqqətini həmişə cəlb edib.
Sonda universitet tələbələrinin təqdimatında Əziz Şərifin ədib dostları ilə yazışmalarından parçalar səsləndirilib, onun həyat və yaradıcılığı haqqında maraqlı məqamları əks etdirən slayd izlənilib.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR