2009-cu ildən fəaliyyət göstərən Babək Rayon Xalq Teatrı daim repertuarını zənginləşdirməyə çalışır, günümüzlə səsləşən əsərlərə müraciət edir, rayonun mədəni həyatında fəal iştirakı ilə diqqəti çəkir. Ötən dövr ərzində teatr bir sıra maraqlı səhnə əsərlərinə müraciət etmiş, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə öz töhfəsini vermişdir.
Kollektivin bu günlərdə Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsəri əsasında səhnələşdirdiyi tamaşa teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Tamaşada mənəvi təmizlik, ailəyə sədaqət, vəzifə borcuna məsuliyyət, insan ləyaqətinin uca tutulması kimi dəyərlər aşılanır. Cəmiyyətin sağlam təməllər üzərində inkişafında mühüm amillər olan bu dəyərlərin tamaşaçılara təqdimində aktyorlar öz imkanlarından maksimum istifadə etməyə səy göstərmişlər. Ancaq aktyorlar sırasında bir nəfər var ki, ən çox diqqəti o çəkirdi. 11 yaşlı bu balacaboy qız rolunu o qədər məharətlə ifa edirdi ki, heyrətlənməmək mümkün deyildi. Tamaşadan sonra hamı bu balaca qızla maraqlanırdı, onu təbrik edirdi. Bu istedadlı yeniyetməmizi oxucularımızla daha yaxından tanış etmək üçün onu redaksiyamıza dəvət etdik. Öyrəndik ki, tamaşadakı məktəbli İradə obrazını canlandırmaqla hamının sevimlisinə çevrilən bu qızın adı Mələk, soyadı isə Aslanovadır.
2003-cü ildə Babək rayonunun Qoşadizə kəndində anadan olub. Hazırda həmin kənd məktəbinin VI sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxumaqla yanaşı, məktəbin bütün mədəni tədbirlərində də iştirak edir.
Qeyd edək ki, Mələk ilk dəfədir, tamaşada oynamasına baxmayaraq, heç bir çətinlik çəkməyib. Onun dediklərindən:
– Anam tamaşalarda rol aldığı üçün xalq teatrının bütün tamaşalarını izləmişəm. Çox istəyirdim ki, mən hər hansı bir tamaşada rol alım. Düzdür, insanlar qarşısında şeirlər söyləmişəm, ancaq ilk dəfə idi ki, bu qədər insan qarşısına çıxırdım. Rolumu ifa edənə qədər zala heç baxmadım. Sonda alqışları eşidəndə çox sevindim.
Babək Rayon Xalq Teatrının rejissoru Yusif Əliyev Mələk haqqında çox xoş sözlər söylədi:
– Xalq teatrının nəzdində məktəbli uşaqlardan ibarət “Tumurcuq” adlı dram dərnəyi yaratmışıq. Burada uşaqlar kiçik səhnəciklər hazırlayırlar. Mələk də bu dram dərnəyinin üzvüdür. Ona tapşırılan rolları çox ustalıqla ifa edirdi. Tamaşanın stolüstü məşqlərinə başlayanda “İkinci səs” tamaşasında İradə rolunu Mələyə həvalə etdik. O, az yaşı olmasına baxmayaraq, rolu yaşayırmış kimi oynadı. Mələk artıq xalq teatrının bir üzvüdür. Bundan sonra da tamaşalarımızda rol alacaq.
Görkəmli rus teatrşünası Stanislavski yazırdı ki, teatr asılqandan başlayır. Bu fikirdə həqiqət var. Professional teatrların təməlində dram dərnəkləri və xalq teatrları dayanır. Babək Rayon Xalq Teatrı Mələk kimi neçə-neçə istedadlı gənclər yetişdirəcək. Heç şübhə yoxdur ki, Mələk gələcəkdə Naxçıvan peşəkar teatrında özünəməxsus yer tutacaq. Bu yolda ona uğurlar arzulayırıq.
Sara ƏZİMOVA