Milli dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Hər bir xalq kimi, Azərbaycan xalqı da özünəməxsus milli dəyərlər sisteminə sahibdir. Xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli dəyərlər onun ən qiymətli sərvətidir. Milli-mənəvi dəyərlərimizin dəqiq elmi və mənəvi-əxlaqi mahiyyətini açan ümummilli lider Heydər Əliyev deyirdi: “Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Xalqımızın əsrlər boyu yaratdığı zəngin milli irsə yüksək qiymət verən ulu öndər arxeoloji və etnoqrafik tədqiqatları daim diqqət mərkəzində saxlamış, bu sahəyə xüsusi qayğı göstərmişdir.
Dahi rəhbər hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyinin və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında qərar qəbul etmişdir.
Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il 13 avqust tarixli bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – deyən ümummilli liderimizin işıqlı ideyaları bu gün də yaşayır və uğurla həyata keçirilir.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda milli dəyərlərimizin öyrənilməsi, təbliği və qorunub saxlanılması istiqamətində mühüm işlər görülür. 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilməsi buna bariz nümunədir.
Aparılan elmi araşdırmalar zamanı milli dəyərlərimizi özündə əks etdirən çoxlu arxeoloji material aşkar olunmuşdur. Belə arxeoloji materiallar içərisində qədim təsviri incəsənətimizin tərkib hissəsi olan sənətkarlıq nümunələri mühüm yer tutur. Arxeoloji abidələrimizdən tapılan gil qablar, xəncərlər, heykəllər, bəzək əşyaları, qayaüstü təsvirlər bu tip arxeoloji materiallardan olub, qədim və zəngin mədəniyyətimizi özündə yaşadan sənət nümunələridir.
Naxçıvandakı Qızılburun, II Kültəpə, Nəhəcir, Şahtaxtı və digər abidələrdən tapılan gil qablardan bir qrupunda milli dəyərlərimizlə bağlı maraqlı süjetlər əks olunmuşdur. Qızılburun abidəsindən əldə olunmuş boyalı küpələrdən birinin üzərində həndəsi naxışlarla yanaşı, qarşı-qarşıya dayanmış və qolları dirsəkdən bükülmüş insanlar təsvir edilmişdir. Təsvirdəki insanlardan birinin bir əli yuxarı qalxmış, digər əli isə yanındakı insanın dizi üzərinə qoyulmuşdur. Qobustan qayaüstü təsvirlərində olduğu kimi, bu qabın üzərindəki təsvirdə də xalqımızın qədim milli dəyərlərindən olan yallı rəqsi əks olunmuşdur. Musiqinin milli-mənəvi dəyərlərimizin əsasını təşkil etməsi haqqında ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir”.
Milli dəyərlərimizin öyrənilməsində gil fiqurlar, qədim heykəltəraşlıq sənətini özündə əks etdirən arxeoloji nümunələr böyük əhəmiyyət daşıyır. Bu arxeoloji nümunələr Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da heykəltəraşlıq sənətinin tarixinin qədim olduğunu sübut edir. Onlar içərisində öküz, at, qoç kimi heyvan fiqurları daha çoxdur. I Kültəpə, I Maxta və digər abidələrdən aşkar olunmuş bu tip arxeoloji materiallarda insanların maddi mədəniyyəti ilə yanaşı, mənəvi mədəniyyəti, dini inanclar sistemi də əks olunmuşdur. I Maxta yaşayış yerindən tapılmış Erkən Tunc dövrünə aid at fiquru Anadoludakı Karaz, Boğazqala arxeoloji abidələrindən tapılmış at fiqurları kimi yüksək sənətkarlıq bacarığı ilə düzəldilmişdir.
Qədim heykəltəraşlıq nümunələrimiz içərisində Qızılburun abidəsindən tapılmış Orta Tunc dövrünə aid kişi fiquru diqqəti cəlb edir. Şamaxıdan, Tovuzdan, Ağdamdan tapılmış insan fiqurlarında olduğu kimi, Qızılburun kişi fiqurunda da geyim mədəniyyətimizin bir çox incəlikləri əks olunmuşdur. İnsanın üzü yastı, alnı bir az qabarıq, baş və bədən üzvləri çox mütənasib şəkildədir, paltarlı, çəkməli və papaqlıdır. Bədəni incə xətlərlə qara və qəhvəyi rənglə boyanmışdır. İnsanın sol əli kəmərinin üzərinə qoyulmuşdur. Qızılburun kişi fiqurunun milli dəyərlərimizin öyrənilməsində əhəmiyyəti ondan ibarətdir ki, orada qədim geyim mədəniyyətimizin bəzi xüsusiyyətləri (başmaq, arxalıq) əks olunmuşdur. Hər bir xalqın tarixi ilə möhkəm bağlı olan geyimi onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdəndir. Geyim maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə sabit etnik əlamətlər sırasına daxildir. Geyim etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynayır. Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri hər zaman öz əksini geyimlərdə tapır. Qızılburun kişi fiquru ilə yanaşı, müxtəlif formalı bəzək əşyaları da geyim mədəniyyətimizlə bağlı müəyyən təsəvvür yaradan arxeoloji materiallardandır.
Milli dəyərlərimizin öyrənilməsində qayaüstü təsvirlər də mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasındakı Gəmiqaya abidəsində çoxlu qayaüstü təsvirlər vardır. Gəmiqaya abidəsində qeydə alınmış maraqlı qayaüstü təsvirlərdən birini canavarın keçiyə hücum etməsi təşkil edir. Bu təsvirdə canavarla keçi arasında uzun dalğalı xətt çəkilərək mənəvi dəyərlərimizin tərkib hissəsi olan inanclar sistemimiz əks olunmuşdur. Təsvirdə bütün türk xalqları arasında geniş yayılan “qurd ağzı bağlanılması” ayininin verildiyi fikrindəyik.
Aparılan araşdırmalar sonda onu qeyd etməyə əsas verir ki, hər bir arxeoloji material kimi, qədim sənətkarlıq nümunələrimiz də milli və mənəvi dəyərlərimizi, qədim tariximizi özündə ehtiva edən dəyərli materiallardır. Azərbaycan xalqının milli ideologiyası və milli dəyərlərində ümumtürk ruhunun və milliliyinin üstün amil olması bir daha sübut edir ki, Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan diyarı da qədim türk yurdudur.
Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru