25 Dekabr 2024, Çərşənbə

Xalçaçılıq, toxuculuq, dulusçuluq, misgərlik, zərgərlik, dəmirçilik və daha sadalamadığımız neçə-neçə sənət nümunələri... Dünyamız nə qədər inkişaf etsə də, nə qədər yeniliklər baş versə də, sənət nümunələri bizi öz sehri ilə cəlb edir. O sənət ki ata-babalarımızın ustalıq məharətindən, sənətkarlıq qabiliyyətindən xəbər verir.
Hər bir sənətkar yaratdığı əl işində yaşadığı tarixi dövrün izlərini qoyub. Bəlkə də, gələcək üçün bunun əhəmiyyətli olduğunu düşünməyib. Amma onun minbir əziyyətlə hasilə gətirdiyi məhsuluna vurduğu naxışlar, cizgilər tarixilik və millilik baxımından bu gün tədqiqatçılara çox söz deyir. Qol gücü, zindan və alın təri ilə başa gələn dəmirçilik də bu baxımdan istisna deyil. Dəmirdən istifadənin tarixi çox-çox qədimlərə gedib çıxsa da, bu sənət oturaq həyat sürmüş əcdadlarımızın müəyyən əmək vərdişlərinə, o cümlədən əkinçilik ənənələrinə yiyələndiyi dövrdə təşəkkül tapıb. Torpağın əkilib-becərilməsində zaman-zaman istifadə olunmuş əmək alətləri getdikcə təkmilləşib, cilalanıb, daha əlverişli formaya salınıb. Bu gün muzeylərimizdə eksponat kimi saxlanılan kənd təsərrüfatı alətlərinin hər birində həmin şüurlu, yaradıcı əməyin izləri aydın nəzərə çarpır.

Vaxtilə əkinçi babalarımızın yaxın köməkçisinə çevrilən cüt, xış, vəl, dəryaz, oraq, yaba, kətmən, dırmıq və başqa əmək alətləri dəmirçi əməyinin məhsulu kimi olduqca böyük dəyər qazanmışdır. Dəmirçilik sənətinin sadaladığımız və sadalamadığımız nümunələri bu gün də yüksək dəyərə malikdir. Onların hər biri qədim yurdumuzda dəmirçilik sənətinin inkişafından, onun formalaşmasından xəbər verir.
Bu sənətlə məşğul olanlar təkcə kənd təsərrüfatı alətləri deyil, məişətdə gündəlik istifadə olunan bir çox əşyalar da düzəltmiş, insanlara bu sahədə yardımçı olmuşlar. Maşa, daraq, iynə, biz, çuvalduz, sac, qəndqıran, dəstər, çörək şişi, xəkəndaz, qarqara, fırlanquş və sair məişət əşyaları bu qəbildəndir. Onu da qeyd edək ki, kənd yerlərində bu əşyalardan indi də istifadə olunur. Belə ki, yeni tikilmiş evlərin damına mor-suvaq salarkən qarqaradan, təndir külü çıxaranda xəkəndazdan, buğdadan yarma və yaxud qovut çəkərkən dəstərdən istifadə edirlər. Bir sözlə, dəmirçi əməyinin məhsulu olan bu alətlərin hər biri müəyyən funksiyanı yerinə yetirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Yaxşı haldır ki, qədirbilən insanlar texnologiyanın inkişaf etdiyi indiki vaxtda da bu əşyaların dəyərini bilir, onları dədə-babadan qalmış yadigar kimi qoruyub saxlayırlar. Təqdirəlayiq haldır ki, dəmirçilik sənətini yaşadan, onu davam etdirənlər də var. Belə insanlardan biri də Şərur rayonunun Zeyvə kəndində yaşayan Səməd Rəsulovdur. O, bu sənəti atasından öyrənib. Atası Yusif kişi dəmirçilik sənətini yaxşı bilən adam kimi el-obada tanınıb. Ona usta deyə müraciət ediblər. Onun dəmirçi körüyündən çıxmış, qabarlı əlləri ilə düzəlmiş bir çox məişət və kənd təsərrüfatı alətləri neçə-neçə adamın gərəyinə çevrilib. Əməyinin məhsullarından böyük bir sərgi yaratmaq olar.
Səməd Rəsulov deyir ki, dəmirçiliyin nə qədər ağır sənət olduğunu bilmək üçün istehsal prosesini izləmək lazımdır. Proses belə olur: filiz parçaları kömürlə birlikdə kürənin odluğuna qoyulur. Qoşa körük vasitəsilə yaradılan yüksək temperatur filizi əridir. Kürənin odluğundakı qaynar metal kütləsindən ərinti zamanı əmələ gələn pas, kəfkir vasitəsilə çıxarılır, təmizlənir. Əlbəttə, sırf dəmir əldə etmək üçün bu, kifayət etmir. Odur ki, dəmirçi ərintini saf dəmir halına gələnədək onu zindan üzərində döyür. Çəkic və zindanların əhəmiyyəti, ilk növbədə, burada üzə çıxır.
Bunlardan savayı, dəmirçilər, əridilərək soyudulmuş metalları dartmaq, döymək və naxışlamaq kimi böyük fiziki güc tələb edən işləri də görürlər.
Dəmirçi bizimlə söhbət əsnasında bunu xüsusilə vurğuladı:
– Atamın sənətini davam etdirməkdən qürur duyuram. Bu sənətin incəliklərini mənə o öyrədib. Çalışıram ki, düzəltdiyim alətlər keyfiyyətli olsun, necə deyərlər, adamların işinə yarısın. Belə olanda müştərilər də bol olur. Şükür, ailəmin dolanışığını təmin edirəm. Hər dəfə zindan başında hansısa bir aləti düzəldəndə müdriklərimizin çox dəyərli bir deyimi yadıma düşür: yaxşı sənətkar kiməsə möhtac olmaz...
Bəli, bu, doğrudan da, belədir. “Sənətkarı el yaşadır” ifadəsi də əbəs yerə deyilməyib. Müasir texnika və texnologiyaların məişətə və istehsalata dərindən təsir və nüfuzu, təbii ki, bir sıra sənət növlərini sıradan çıxarıb. Lakin elə sənət növləri də var ki, onlar ilkinliklərini qoruyub-saxlamaq gücünə malikdir. Belələrinin sırasına daxil olan dəmirçilik bu gün də qədimliyi ilə öz dəyərini və əhəmiyyətini saxlamaqdadır. Bu sənətin, təbii ki, ata-babadan dəmirçiliklə məşğul olanlar tərəfindən gələcəkdə də qorunacağına şübhə yoxdur.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR