Bu ilin ötən dövrü ərzində Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini 20 minə yaxın insan ziyarət edib. Onlar arasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları da vardır.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın dediyinə görə, muzeyin fondunda rəsmi qeydiyyata alınmış 1125 eksponat mövcuddur. Bunların 300-ə yaxını muzeyi ziyarət edənlərə nümayiş etdirilir. Bu eksponatlar arasında arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi ziyarətçilərin böyük marağına səbəb olur.
Muzey direktorunun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində mədəni tədbirlər də həyata keçirilir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana səfərlərindən bəhs edən sərgi təşkil olunub. Sərgiyə həmçinin qiymətli fotomənbələr, ensiklopedik materiallar, bülletenlər, yeni tədqiqat kitabları daxil edilərək nümayiş etdirilib. Bundan əlavə, muzeydə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar “Naxçıvanın muxtariyyəti – 90: Naxçıvan muzeylərinin inkişaf tarixi” mövzusunda sərgi təşkil olunub, müxtəlif mövzularda açıq dərslər keçilib.
Xəbərlər şöbəsi