25 Dekabr 2024, Çərşənbə

AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri” kitabında Ordubad şəhərinin tarixi haqqında məlumat verərkən S.Onullahiyə istinadən belə bir faktı qeyd edir: “XV-XVI əsrlərdə Ordubad o qədər gözəl, möhtəşəm və füsunkar şəhər olmuşdur ki, o, Səfəvi hökmdarı I Şah Təhmasibin diqqətini cəlb etmişdi. Buna görə də I Şah Təhmasibin fərmanı ilə 1557-ci ildə tikintisi başa çatdırılmış Qəzvin dövlətxanasının (“Çehel sütun” sarayı adı ilə məşhurdur) tavanında dövrün məşhur rəssamları və nəqqaşlarının fırçası ilə Ordubad şəhərinin təsviri mənzərəsi və plan modeli çəkilmişdir”. Müəllif bu məlumatı verərkən “Azərbaycan müəllimi” qəzetinin 5 iyun 1987-ci il tarixli sayında çap edilmiş tarixçi S.Onullahinin “Ordubad” məqaləsinə istinad etmişdir.

Bu maraqlı faktı araşdırmaq məqsədilə İran İslam Respublikasının Qəzvin şəhərində yaşayan dostlarımızla əlaqə saxladıq və xahiş etdik ki, “Çehel sütun” (“Qırx sütun”) sarayının divarlarında əks olunmuş şəhər təsvirlərini çəkərək bizə göndərsinlər. XVI əsrdən günümüzə qədər yol gələn “Çehel sütun” (“Qırx sütun”) sarayı tarixin müəyyən dövrlərində təbii təsirlərə məruz qaldığı və restavrasiya edildiyi üçün bu təsvirlərin hamısı tam saxlanılmasa da, biz hal-hazırkı dövrə qədər qorunub saxlanılmış 2 şəhər təsviri mənzərəsini əldə edə bildik.

Əvvəla qeyd edək ki, Səfəvilər dövlətində 1524-1576-cı illərdə hakimiyyətdə olmuş I Şah Təhmasib 1548-ci ildə Qəzvini dövlətin paytaxtına çevirmiş və şəhərin abadlaşdırılması, yeni tikililərlə gözəlləşdirilməsi üçün bir çox işlər həyata keçirmişdir. Şəhər bu statusu 1596-1597-ci illərə qədər daşımışdır. Həmin tarixdən isə dövlətin paytaxtı İsfahana köçürülmüşdür. Məlumat üçün deyək ki, tarixi “Çehel sütun” saraylarından biri də məhz İsfahanda I Şah Abbas tərəfindən tikdirilmişdir. Qədim Qəzvin şəhərinin mərkəzi meydanında yerləşən “Çehel sütun” (“Qırx sütun”) sarayından qərb və cənub istiqamətində bazar, Cümə məscidi və şəhərin Səfəvilərdən öncəki dövrə aid qədim hissəsi yerləşir. Sarayda Qacarlar dövründə bir sıra dəyişik­liklər aparılsa da, 1970-ci illərdə burada əsaslı şəkildə bərpa işləri həyata keçirilmişdir.
“Qırx sütun” sarayında divarlarda bu günə qədər saxlanılmış və fotolarını əldə etdiyimiz 5 şəkil haqqında topladığımız ilkin məlumatlar belədir. Şərti olaraq 1 nömrəli təsvir adlandırdığımız, digərlərinə nisbətən daha böyük olan təsvirdə iki mələk tərəfindən sanki şəhər qorunması təsvir olunur. Şəkildə mərkəzdə axan çay, uzaqda isə meşəlik təsvir olunmuşdur. Çay təsvirindən solda bir, sağda isə iki məscid minarəsi təsvir edilmişdir. Çaydan sağ tərəfdə çox maraqlı tikiliş üslubu olan bir ev (saray) tikilisi görünür. Fikrimizcə, şəkildə təsvir edilən çay Ordubad çayıdır. Şəkildə sıx formada təsvir olunmuş məscid minarələri isə bu gün də Ordubadda qalmaqda olan hər bir məhəllənin öz məscidi düşüncəsi ilə bağlılıq təşkil edir.
Bu əsas təsvirlə yanaşı, sütunlar üzərində çəkilmiş müxtəlif binalar və körpülərə aid təsvirlər də diqqət çəkir. Şərti olaraq iki nömrəli təsvir adlandırdığımız sütunların birinin üzərində əks olunmuş şəkil də maraq doğurur. Bu şəkildə hündür çinar ağacları, çay üzərindəki körpü, çayın sağ və sol tərəflərində tikililər təsvir olunmuşdur. Çayın sol tərəfində təsvir edilmiş tikili ehtimallarımıza görə, Ordubad şəhərindəki “Qeysəriyyə” abidəsidir. Roza Salayevanın 1989-cu ildə rus dilində çapdan çıxmış “Ordubad – mənbələr və formalaşması” adlı kitabında “Qeysəriyyə” abidəsinin 1965-ci il restavrasiyasına qədərki təsviri ilə “Qırx sütun” abidəsinin iki nömrəli təsvirini müqayisə edərkən bu eyniliyi açıq-aşkar müşahidə etmək mümkündür. Şəkildə abidənin mərkəzindəki səkkizbucaqlı zalın üzərini qapayan günbəz və keçidlərin tavanını qapayan kiçik günbəzləri müşahidə etmək mümkündür.
Beləliklə, Səfəvilər dövründə ən sürətlə inkişaf edən Naxçıvan şəhərlərindən biri olan Ordubad bəhs olunan dövrdə bölgənin əsas şəhərlərindən biri olmaqla öz gözəlliyi və abadlığı ilə fərqlənmişdir.

 E.KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR