25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, iyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının muxtar respublika festivalına başlanılmışdır. Dünən Şahbuz Rayon Xalq Teatrı festivalda Zülfüqar Hacıbəyovun “Evliykən subay” pyesi əsasında hazırlanmış üçpərdəli səhnə əsərini teatrsevərlərə təqdim etmişdir.
Məlumat üçün bildirək ki, Şahbuz Rayon Xalq Teatrı 2011-ci ildən fəaliyyət göstərir.
“Evliykən subay” tamaşasında ötən əsrin əvvəllərində ailə-məişət münasibətlərində mövcud olan ziddiyyətlər, eybəcərliklər gülüş hədəfinə çevrilmişdir. Əsərin əsas konflikti Kəlbə Hacı və onun arvadları Pərzadla Hürzad üzərində qurulmuşdur. Komediyanın əsas gülüş və tənqid hədəfi Kəlbə Hacıdır. İki arvad arasında qalan, tamaşanın finalına qədər gülüşdoğuran bu obrazı Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev uğurla təqdim etmişdir.

Tamaşada Kəlbə Hacı obrazının eybəcərliklərini arvadları Pərzad (İlahə Səfiyeva) və Hürzad (Xurşud Quliyeva) ifşa edirlər. Bu, tamaşada gülüşdoğuran əsas məqamlardandır. Öz taleləri ilə barışmayan hər iki qadın ikinci pərdədə Kəlbə Hacını evdən çıxarır. Ortalıqda qalan Kəlbə Hacı Üzeyir Hacıbəylinin Məşədi İbad obrazını xatırladır. Kəlbə Hacının küçədə üz tutduğu tiplər də gülüş doğurur. Qospodin (Gündüz Kəlbəli), Molla Səfi (İsa Qələndər­ov), Əmioğlu (Nihad Hüseynov), paltarsatan (Şahin Orucov) kimi tiplər dövrün koloritini səhnəyə gətirmək baxımından canlı və təbiidirlər. Qaraçılar obrazını canlandıran aktyorlar Tahirə Hacıyeva, Zərifə Qələndərova, Fazilə Məmmədova, İlkanə Əliyeva, Taleh Səfiyev tamaşaya şən və xoş ovqat qatırlar.
Tamaşanın quruluşçu rejissoru Ramiz Cəlilov, rəssamı Səxavət Paşayevdir. Murad Hacıyev və Emin Hüseynovun ifa etdikləri musiqilər tamaşanın təsirli təqdimatını səciyyələndirən amillərdəndir.
Ümumiyyətlə, Şahbuz Rayon Xalq Teatrının ifasında Zülfüqar Hacıbəyovun “Evliykən subay” musiqili komediyası tamaşaçılara xoş təsir bağışlayır. Bu xalq teatrının yarandığı gündən musiqili komediyaların səhnələşdirilməsinə daha çox meyil etməsi diqqəti cəlb edir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR