Türkiyənin “ortakses.com” saytında rəssam, yazıçı Hülya Sezginin Naxçıvan haqqında yazdığı “Güllər içində gözəl Naxçıvan” məqaləsinin II hissəsi yayımlanmışdır. Həmin məqalənin oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq qəzetimizin bugünkü nömrəsində dərc edirik.
Gəzdim gözəl Naxçıvanı…
II məqalə
Bundan əvvəlki məqaləmdə qeyd etdiyim kimi, Naxçıvan Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalına dəvət edilmişdim. Həmin festivalda iştirak etmək üçün səfər etdiyim gözəl Naxçıvan haqqında təəssüratlarımı sizinlə bölüşməyi davam etdirirəm…
Sənətə dair belə möhtəşəm tədbirlərdə müxtəlif ölkələrdən, müxtəlif mədəniyyətin təmsilçiləri olan dostlarla tanış oluram. Onlardan bəziləri ilə dostluğumuz bu gün də davam edir. Qarşılıqlı olaraq bir-birimizə qonaq gedirik. Azərbaycanlı Nəvai Mətin ilə olduğu kimi. Nəvai artıq mənim bir qardaşım kimidir. Həmin tədbirdə tanış olduğum Eldar Zeynalov da artıq belə olacaq.
Eldar naxçıvanlıdır, amma İtaliyada yaşayır. Professordur. Elm sahəsində yüksək səviyyəyə çatsa da, bu gün yenə oxumaqdan, elm öyrənməkdən doymaq bilmir. Belə ki, həm memardır, həm tibb elmləri doktorudur, həm də çox yaxşı rəssamdır. Üç universitetin məzunudur. Tam 25 dil bilir. Eyni zamanda rəqs müəllimi və idmançıdır. Amma bülbülü qızıl qəfəsə qoyublar, “Ah, Vətənim!” – deyib. Eldar da belədir. Hər kəs tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilən yeddi kimsənənin qeybə çəkildiyi Əshabi-Kəhf ziyarətgahını ziyarət edərkən duasını sona çatdırdıqdan sonra “Ah, qürbət! Ah, qürbət!” – deyərək göz yaşlarına hakim ola bilmədi. Ürəyim sızıldadı…
Televiziyaların birində rejissor işləyən gənc rəssam Vüqar Mehdiyev də dostlar, qardaşlar siyahısına əlavə etdiyim insanlardandır. Oturacaqda oturub dincəlirdik. Dağın yüksəkliyinə çıxan dostlarımız var idi. Vüqar “Oradakı dostlarımız da dağdan düşsünlər gedərik”, – dedi. Mən dərhal “Niyə düşsünlər? Allah qorusun!” – deyərək bir az sərt cavab verdim. Sonra anladım ki, azərbaycanlılar “enməyə” “düşmək” deyirlər. Bizdə isə “düşmək” sözü “yıxılmaq”, “qəza etmək” mənasına gəlir…
Saeed Ayyami iranlıdır. Naxçıvanın sərhədində olan Araz çayının yaxınlığındakı şəhərdən gəlib. Türk dilini bilir. Otuz yaşındadır və şam yeməyimizdə çıxış edərkən “Burada yaxşı bir böyük bacı tapdım” deməsi məni duyğulandırdı…
Sıra gəlmişdi Duzdağı gəzməyə. Naxçıvan şəhərindən 14 kilometr uzaqlıqda yerləşən Duzdağın mağarasında astma, bronxit və nəfəs darlığı olan xəstələrə şəfa verən maraqlı bir xəstəxana var. Deyilənə görə, mağarada yayda da, qışda da istilik 18-20 dərəcə olur. Xəstələr gecəni burada qalır, təbii yolla müalicə alırlar. Bu müalicənin müsbət nəticələr verməsi hər kəs tərəfindən qəbul edilir. Bizdə də Çankırı duz mağarasında buna bənzər belə bir sağlamlıq mərkəzi var.
Azərbaycanlıların bəzi sözləri mənim çox xoşuma gəlir. Budur, həmin sözlərdən biri də diqqətimi cəlb etdi. Həmşirənin otağının qapısında belə yazılıb: “Tibb bacısı”…
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yanında Nuh Peyğəmbərin türbəsi var. Türbənin tam arxasında uzaqda Haçadağ və Gəmiqaya görünür. Naxçıvanlılar belə hesab edirlər ki, Nuh tufanı bu bölgədə baş verib. Naxçıvandakı yer adlarının Nuh Peyğəmbər tərəfindən qoyulduğu, hətta “Naxçıvan” sözünün “Nuh çıxan” mənasına gəldiyini də deyirlər…
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva gənc və gözəl bir xanımdır. Həm deputat, həm yaxşı bir ana, həm fədakar könüllü, həm də çalışqandır. Bu festivalın adına layiq bir şəkildə keçirilməsi üçün çox çalışıb.
Üçüncü gün hamımız muzeydə öz yerimizi aldıq və açıq havada rəsm çəkməyə başladıq. Çox gözəl rəsmlər ortaya çıxdı. Yeri gəlmişkən, azərbaycanlılar “rəsm yapmaq” demirlər, “rəsm çəkmək” deyirlər. Bu da xoşuma gələn sözlərdən biridir.
Digər bir sevdiyim və heyran qaldığım həmcinsim də vardı ki, onunla adaşıq. Adı Hülya Akıncıdır. Hülya xanım Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncının həyat yoldaşıdır. Bahar təravətli gənc bir xanımdır. Sənətə bağlıdır. Boş dayanmır, keramika ilə rəsm yaradır. O, bizimlə birlikdə Naxçıvanın tarixini canlandıran çox gözəl bir rəsm çəkdi. Çox şirin əkiz iki oğlu var. Naxçıvanlılar Baş konsula və onun həyat yoldaşına rəğbət bəsləyirlər. Onlar da yerli insanlarla qaynayıb-qarışıblar.
Səfərimizin sonuncu günü axşam çay içməyə dəvət etdilər. Söhbətimiz xoş keçdi. Ülviyyə xanım “Hülya xanım ilə birlikdə “Qadınlardan nağıllar” adlı keramika-rəsm sərgisi keçirdik. Türkiyəli və naxçıvanlı rəssam qadınlar da sərgidə iştirak edirdilər”, – deyərək səmimi şəraitdə birgə fəaliyyət göstərdiklərindən danışdı...
Sonuncu gün Azərbaycanın ən tanınmış rəssamlarından biri olan və otuz yaşında vəfat edən Bəhruz Kəngərlinin məzarını ziyarət etdik və muzey binasını gəzdik. Həmin gün rəsmlərimizdən ibarət sərginin açılışı ilə birlikdə plaketlərimiz və hədiyyələrimiz də bizə təqdim olundu. Sonra Naxçıvan Dövlət Universiteti tələbələrinin rəsmlərindən ibarət sərgiyə baxdıq. Çox gözəl rəsmlər vardı. Bir daha deyirəm ki, naxçıvanlılar sənətdə bizdən çox irəlidədirlər...
Nəvai ilə yaxın dostu Mahir müəllim məni avtovağzala gətirdilər. Sağ olsunlar. Avtobusa mindirdilər. Avtobus hərəkətə gələndə gözəl xatirələri, dostluğumdakı yeni insanları xatırlayarkən gözlərim yaşardı, dostlara əl elədim...
Yol kənarları ağaclarla dolu idi, ancaq ondan o tərəfə baxanda intəhasız düzənlik görünürdü. Nəyə görə yol kənarlarından başqa yerlərdə ağac olmadığı barədə sualıma belə cavab verdilər ki, müstəqilliyin ilk illərində ermənilər Naxçıvana gələn işıq və qaz xətlərini kəsdikləri üçün əhali qış aylarında isinmək üçün ağacları kəsərək ondan istifadə etmək məcburiyyətində qalıb...
Bu gün isə yüzlərlə insan, könüllülər Naxçıvan şəhərindən kilometrlərcə uzaqda ağac əkir, yaşıllıqları daha da genişləndirmək üçün var güclərini əsirgəmir. Məni təəccübləndirən digər bir məqam isə həmin ağacları damcı üsulu ilə suvarmaq üçün su xətlərinin çəkilməsidir. Görürəm ki, bizdə bəzi bələdiyyələr tingi əkdikdən sonra belə hesab edirlər ki, bununla iş qurtarır. Həmin tinglərə bütün yay boyu bir qab su da vermirlər və nəticədə, ağaclar quruyur...
Mən Naxçıvanı qurtuluş savaşından çıxmış Türkiyə Cümhuriyyətinə oxşatdım. Həmin illərdə bizdə olduğu kimi, burada da əhali yeniliklərə imza atmaq, irəliyə doğru addımlamaq, yüksəlişi davam etdirmək üçün sıx şəkildə birləşərək canla-başla çalışır...
Təşkilatçılıq yüksək səviyyədə idi...
Güllərə qərq olan gözəl Naxçıvanı gəzdim. Gözəl dostlar, qardaşlar qazandım. Qısaca, 5 günüm çox gözəl keçdi. Gözəl xatirələrlə ayrıldım.
Festivalın təşkilinə böyük dəstək verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov başda olmaqla əməyi keçən hər kəsə təşəkkürlərimi, sevgi və salamlarımı çatdırıram.
Hülya SEZGİN