Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azad Azərbaycan” adlı sərgi təşkil edilib.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimovun çıxışları olub. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, siyasi fəaliyyətindən, Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlərindən söz açılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin ölkədə ali hakimiyyətə qayıdışı günü tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olub. Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı günü rəsmi olaraq Milli Qurtuluş Günü elan edilib. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun tarixi xalqımızın fəlakətlərdən xilas olub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl hərflərlə yazılıb. Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, 29 rəssamın portret janrında çəkilmiş 50 əsərinin nümayiş etdirildiyi sərgi iyun ayının 27-dək davam edəcək.
Sona MİRZƏYEVA