25 Dekabr 2024, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük Norveç dramaturqu Henrik İbsenin (1828-1906) “Kuklalar evi” (1879) üçpərdəli psixoloji dramı əsasında hazırladığı tamaşaya ictimai baxış olmuşdur. Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji dramın banisi kimi tanınan Henrik İbsenin “Kuklalar evi” əsərində insanın daxili aləmi, sosial ziddiyyətləri, ümumbəşəri problemləri real hadisələrin inkişafı fonunda ortaya qoyulur.

Tamaşada hadisələr vəkil Torvald Helmerin ailəsinin yaşadığı evdə cərəyan edir. İlk səhnədə bu ailə xoşbəxt ailələrdən biri kimi təqdim olunur. Torvald Helmer (aktyor Elnur Rzayev) həqiqəti sevən, öz işini bilən məmur təsiri bağışlayır.

Səkkiz il bundan əvvəl ailə qurduğu Nora ilə (aktrisa Nurbəniz Niftəliyeva) çox mehriban həyat sürürlər, uşaqları var. Nora da bu həyatdan razıdır. Lakin hadisələrin tədrici inkişafı insan xarakterinin, xüsusilə tamaşanın bu iki əsas obrazının xarakterinin açılmasını göstərməklə, insan qəlbinin dərin psixoloji qatlarına enməklə ictimai-bəşəri məsələləri göstərir, tamaşaçını analitik düşüncələrə sövq edir.
“Kuklalar evi” tamaşasının birinci hissəsi sanki obrazların təqdimi, ikinci hissə hadisələrin inkişafı, üçüncü hissəsi isə nəticədir.
Böyük dramaturq əsərin proloqunda bu ailəni xoşbəxt göstərsə də, tamaşada hadisələr cərəyan etdikcə hiss olunur ki, əslində, bu ailəni xoşbəxtlik gözləmir. Sonra aydın olur ki, Torvald Helmer ağır xəstəlik nəticəsində ölüm qarşısında qaldığı zaman Nora atasının əvəzinə bankdan pul götürmək üçün müqaviləyə saxta imza ataraq pul götürmüş və qənaət yolu ilə borcunu ödəməkdədir. Ərinin isə bu məsələdən xəbəri yoxdur. Bu saxta işi bilən isə ancaq Helmerin müdiri olduğu bankın kiçik məmurlarından Kroqstaddır. Kroqstad (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haxverdiyev) saxtakar işlərinə görə bir neçə dəfə cəzalandırılmışdır. Torvald Helmerin onu işdən azad edəcəyini görən Kroqstad Noraya müraciət edərək onun saxta işini ifşa edəcəyini bildirir. Helmer Noranın onu işdən çıxarmamaq xahişini rədd etdikdə isə ailədəki vəziyyət daha da dramatikləşir.
Tamaşanın son hissəsi – epiloqdakı ər və arvadın söhbəti əsərin əsas ideyasını ortaya qoyur. Noranın dediyi: “Evimdə olduğum vaxt atam mənim hər bir hərəkətimi öz öyüdlərinə uyğunlaşdırmağı tələb edirdi. Mən onun kuklası idim. Sonra sənin kuklan oldum... Sən evdə hər şeyi öz zövqünə görə düzəldirdin. Sənin zövqün mənim zövqüm idi... İndi keçmişə nəzər saldığım vaxt görürəm ki, bu ailədə mən kölə vəziyyətində yaşamışam... Mən şən idim, lakin xoşbəxt deyildim...” sözləri onu göstərir ki, vəzifəsini üstün tutan Helmer Noranı qiymətləndirə bilmir və Nora ailəsini tərk edir.
Tamaşanın son səhnəsindən bəhs edərkən psixoloji anları, aktyorların yaşadığı bu hissləri xüsusilə qeyd etmək lazımdır. Nurbəniz Niftəliyeva (Nora) və Elnur Rzayev (Helmer) tamaşanın son səhnəsində bu psixoloji anları, dialoqları təbii, canlı çatdırmağa çalışırlar. Bizcə, əsərin son səhnəsini tamaşaçıya çatdırmaq ak­tyorlardan daha çox bacarıq tələb edir. İbsenin də vaxtilə təsdiq etdiyi kimi: “...bütün pyes tamaşanın nəticəsi xatirinə yazılmışdır”. Bu, o deməkdir ki, tamaşanın bütün ağırlığı bu səhnənin üzərindədir. Ona görə də hər iki aparıcı obrazın ifaçıları bu hissəyə daha çox diqqət yetirməyə çalışırlar.
Tamaşanın digər personajları – Kroqstad (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haxverdiyev), həkim Rank da (Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbov) təcrübəli aktyorlarımızın ifasında uğurla təqdim edilmişdir. Onlar psixoloji anları tamaşaçıya çatdırmağa müvəffəq olmuşlar. Nora və Torvald Helmerlərdən sonra tamaşanın daha çox səhnədə görünən, yaddaqalan surətləri onlardır.
Tamaşada rol almış aktrisalar Nazlı Hüseynquliyevanın (Frü Linne), Zülfiyyə Zeynalovanın (Anne Marie), Şölə Novruzbəylinin (xidmətçi), ak­tyor Anar Eyvazovun da (kur­yer) tamaşanın yüksək səviyyədə təqdimindəki uğurlu əməyi qiymətləndirilməlidir.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulan “Kuklalar evi” dramını uğurla təqdim edə bilmişdir. Rejissor əsas ideyanı düzgün açmaqla yaddaqalan səhnələrə diqqət yetirməyi bacarmışdır. Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axund­ovun tərtibatı da diqqətəlayiqdir.
Tamaşanın musiqi tərtibatçısı Fətəli Axundzadənin uğurlu musiqi seçimi və duyumu tamaşada aydın hiss olunur. Xüsusilə Norveç klassik musiqisinin banisi, dünya şöhrətli bəstəkar Edvard Qriqin lirik əsərlərindən istifadə edilməsi tamaşanın psixoloji aurası ilə üst-üstə düşür. Tamaşa boyu Norveç xalq musiqisindən, böyük alman bəstəkarı İ.S.Bax, görkəmli rus bəstəkarı S.S.Prokofyevin əsərlərindən seçilmiş musiqi parçaları tamaşadakı hadisələrə, obrazların psixoloji vəziyyətlərinə uyğun gəlir.
Qeyd edək ki, bu tamaşa son dörd ildə teatrın klassik Avropa dramaturgiyasından səhnəyə qoyduğu ikinci əsərdir (teatr 2010-cu ildə böyük alman dramaturqu Lessinqin “Müdrik Natan” tamaşasını səhnəyə qoymuşdu).
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının sektor müdiri Turqayə Əliyeva, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlı, Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Kamran Quliyev, tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildirmişlər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR