“Jurnalistin tək-tək dostu olmur, jurnalist hamının dostudur, hamı da jurnalistə dostdur. Əlbəttə, ara-bərədə yazı-pozusundan razı qalmayanı da tapılır, amma əksəriyyət onun tərəfindədir, bu, jurnalistin uğurudur, zəhmətinin bəhrəsidir. Və indi-indi bu sətirləri yaza-yaza xatirimə M.F.Axundovun dramaturgiyasından qalma bir fikir düşür ki, hər kəsin sənəti onun həyat iksiridir, yəni öz peşənə necə münasibət göstərirsənsə, peşən də səni elə yaşadır. Və bir də oxucu yazımın bu məqamına gəlib çatanda hökmən qəlbində mənə də bir sual ünvanlayacaqdır: bəs sən özün necə, bu peşədən nə qazandın? Əlbəttə, mən dünya malını heç vaxt qazanc, var-dövlət hesab eləməmişəm və bu barədə ən ibtidai təsəvvürüm belə, yoxdur və belə yerdə deyirlər ki, Süleymana qalmayan dünya kimə qalacaq? Amma bu Süleymana qalmayan dünyada qalası şeylər çoxdur və bunların fövqündə bir amil durur: insan olmaq amili, vətəndaş olmaq istəyi, xalqına, millətinə sədaqətlə xidmət etmək təşnəliyi, Vətən yolunda şəhidliyə hazır olmaq ucalığı və Tanrı nə ömür verirsə, bu ömrü ləyaqətlə başa vurmaq qeyrəti”.
Bu sətirlər Naxçıvan Mətbuat Şurasının 2007-ci ildə nəşr etdirdiyi “Jurnalist” kitabının ilk yazısı olan Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nurəddin Babayevin məqaləsindən götürülüb. Muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının hər birinin özünə ağsaqqal saydığı Nurəddin Babayevin bu qənaətini, bütünlükdə, onun özünə aid etmək olar. Bəs kimdir Nurəddin Babayev?
Bu gün həmkarlarının anadan olmasının 75 illiyini qeyd etdiyi Nurəddin Babayev haqqında ürəkdolusu danışmaq olar. Ancaq mətbuatımızın bu ağsaqqal simasının keçdiyi ömür yolunu bütün detalları ilə oxuculara çatdırmaq bir jurnalist kimi mənim imkanlarım xaricindədir. Odur ki, Nurəddin müəllim haqqında bəzi məqamları oxucularla bölüşəcəyəm. Nurəddin Babayevi uzun illərdir, tanıyıram. Dəfələrlə televiziyada apardığı verilişlərə maraqla baxmışam. Mətbuat səhifələrində dərc olunan yazıları da eləcə maraqla oxumuşam. Mətbuatdan az-çox xəbəri olanlar təsdiq edərlər ki, telejurnalistika ilə qəzet jurnalistikası arasında ciddi fərqlər var. Müəyyən mənada televiziya jurnalistikasının imkanları daha genişdir. Nurəddin müəllimin bacarığı ondadır ki, o, televiziyada deyə bildiklərini qəzetdə də deyə bilir. Məncə, bu, ömrünü jurnalistikaya bağlayan bir insan üçün böyük istedaddır.
Haşiyə: Neçə illər əvvəl kənd məktəbində müəllim işləyərkən ailəmizə məxsus olan pay torpaq sahəsində əkdiyim taxıl zəmisinin kənarında dayanmışdım. O vaxt ictimai təsərrüfatlara məxsus olan torpaqlar təzəcə özəlləşdirilmişdi. Torpaq mülkiyyətçilərinin üzləşdikləri problemlər isə çox idi və həmin çətinliklərin aradan qaldırılması üçün zamana ehtiyac vardı. Sahənin kənarında dayanıb düşünürdüm: taxılın yetişib-yetişmədiyini kimdən öyrənim ki, əziyyətlə hasilə gətirdiyim məhsulu vaxtında və itkisiz tədarük edim. Kənddə yaşayan təcrübəli taxılçılara müraciət etməyi qərara aldım. Bu an sahənin kənarına bir avtomobilin yaxınlaşdığını gördüm. Avtomobil yanıma çatıb dayandı. Maşından düşənləri tanıdım. Birinin çiynində kamera var idi, digəri isə televiziya ekranından qiyabi surətdə tanıdığım Nurəddin Babayev idi. Nurəddin müəllim mənimlə çoxdanın tanışı kimi görüşdü, hal-əhval tutdu. Əlini uzadıb bir sünbül qopardı. Ovcunda ovxaladı, üzünə yaxınlaşdırıb qoxuladı, – ətrinə qurban olum, – dedi. Sonra soruşdu:
– Nə üçün biçinə başlamamısınız? Taxıl ki yetişib.
Nurəddin müəllimin bu sözündən sonra intizarıma son qoyulmaqla bu təcrübəli jurnalistin, yuxarıda dediyim kimi, müxtəlif sahələri dərindən bildiyinə inamım bir qədər də artdı.
Nurəddin Babayevi tanıyan tamaşaçı və oxucu onu necə xarakterizə edə bilər? Bu suala öz cavabı: “Hər bir jurnalist üçün vacib şərtlərdən biri həmsöhbət olduğu insanlarla onların başa düşdüyü sadə, anlaşıqlı dildə danışmağı bacara bilməsidir. Təbii ki, bunlar – əkinçi, çoban, taxılçı, fəhlə, çilingər, ticarətçi – xülasə, səninlə gündəlik qaynayıb-qarışan insanlardır və bu insanlara kosmik raketlərin uçuş trayektoriyasını yox, adi, gündəlik həyatı, bu həyatın enişli-yoxuşlu yollarında necə hərəkət etməyi izah etməlisən, həm də onların başa düşəcəyi, anlaya biləcəkləri dildə”. İzahata ehtiyac duymadan düşünürəm ki, Nurəddin Babayevin bu qənaəti hər bir jurnalist üçün ən qiymətli tövsiyədir.
...50 ildən artıqdır ki, Nurəddin Babayev öz qələmi ilə yol gedir. Bu yolda hər cür çətinliklərlə üzləşib, ancaq bir dəfə bu yoldan qayıtmaq istəyib. Deyir ki, Naxçıvan radiosunda təzəcə işə başlamışdım. Baş redaktor bir kənar müəllifin 5-6 səhifəlik yazısını redaktə etmək üçün mənə verdi. “Arpa çayı daşa bilməz” adlı yazının müəllifi o vaxt ali məktəbin ikinci kursunda təhsil alan İsa Həbibov idi. Yazını oxudum. İkinci kurs tələbəsinin belə yüksək səviyyədə yazdığını görəndə düşündüm ki, gör işlədiyim təşkilatda belələri nə qədərdir. Və burada işləməyimin mənim üçün çətin olacağını fikirləşib buradan getmək istədim. Təcrübəli həmkarlarım məni bu fikirdən daşındıra bildilər. Bu gün jurnalistikada nə qazanmışamsa, o vaxt mənimlə çiyin-çiyinə çalışan yaşlı həmkarlarıma borcluyam.
Bu an ürəyimdən Nurəddin müəllimə ünvanlamaq üçün bir sual keçir:
– Nurəddin müəllim üçün jurnalistika nə deməkdir?
Gülümsünür, bir qədər düşünür, üzünə təbəssüm qonur:
– İxtisasca alman dili müəllimiyəm. Ancaq ömrüm boyu televiziya və radioda işləsəm də, heç vaxt özümü jurnalist adlandırmamışam. Həmişə bu adın böyüklüyündən, əzəmətindən qorxmuşam, ehtiyatlanmışam. Jurnalist adı çəkiləndə birinci olaraq yadıma Həsən bəy Zərdabi düşüb. Və bir də jurnalist adı çəkiləndə böyük Mirzə Cəlil gəlib durur gözümün qənşərində. Mirzə Cəlilin yüz il öncə az qala bütün dünyaya meydan oxuyan “Molla Nəsrəddin” jurnalı və bu jurnalda çalışan, lakin jurnalist diplomu olmayan neçə-neçə müəllif bu gün jurnalist olmağa hazırlaşan hər bir gənc üçün örnəkdir. Mirzə Cəlil başqa planetli deyildi, “gözünü açan gündən bu dünyanı qaranlıq görmüşdü” və bu qaranlıq dünya da təkcə Xudayar bəyin kəndi deyildi, bütövlükdə, Azərbaycan kəndlərinin hamısının büründüyü zülmət dünya idi. Və Mirzə Cəlil də elə bu zülmət dünyasından çıxmışdı və əsrdaşlarını bu zülmət dünyadan çıxarmaq üçün özü də zülmətdə yaşamalı idi, necə ki yaşayırdı. Bu baxımdan Mirzə Cəlil jurnalistikası, “Molla Nəsrəddin” jurnalı jurnalistika tariximizdə əbədiyaşar bir səhifədir. Və bu səhifəni öyrənən, ondan bəhrələnən, onu özünə müəllim, ustad, məktəb hesab eləyən jurnalist xoşbəxtdir. Odur ki, jurnalist adına, jurnalist peşəsinə həmişə böyük hörmət və ehtiramla yanaşmaqla bu sahədə çalışmağımdan sonsuz qürur və fəxarət duymuşam və bu gün də duyuram.
Nurəddin Babayevin adını eşidəndən üzübəri oxuduğum yazılarını, hazırladığı televiziya verilişlərini göz önünə gətirəndə bu qocaman jurnalistin operativliyini, aktual mövzulara müraciətini, analitik və publisist yazılara və verilişlərə üstünlük verməsini, tənqidi materiallar hazırlayarkən qərəzsizliyini, müraciət etdiyi mövzulara müdaxiləsini görürəm. Yeri gəlmişkən onu da demək istəyirəm ki, Naxçıvan mətbuatında fəaliyyət göstərən jurnalistlər içərisində tənqidi mövzulara ən çox müraciət edən də məhz Nurəddin Babayevdir. O, nail olduğumuz inkişaf və tərəqqinin yeni bir mərhələyə qədəm qoyduğu bir dövrdə rastlaşdığımız neqativ hadisələrə əsl jurnalist gözü ilə yanaşmağı bacarır. Bu yazılarda, yenə təkrar edirəm, ən başlıca keyfiyyət Nurəddin müəllimin qərəzsizliyi, baş verənləri düzgün qələmə almasıdır. Eyni zamanda müşahidə etdiyi nöqsanların haradan qaynaqlandığını, bütün bunların “olmaya bilərdi” qənaətinə gəlməsi tənqidi materiallarda ortalığa qoyulur, araşdırmalar və paralellər aparılır və yaxşı haldır ki, nöqsanların aradan qaldırılması yolları da göstərilir.
75 yaşını qeyd etdiyimiz Nurəddin Babayev təqaüddə olsa da, bu gün də qələmini yerə qoymayıb. O, muxtar respublika həyatının bütün sahələrinə nüfuz edir, regionda gedən güclü inkişaf proseslərinin mətbu salnaməsini yaratmaq üçün öz imkanlarından maksimum istifadəyə səy göstərir. Qələmə aldığı hər hansı mövzunun işlənməsində özünəməxsus priyomlardan istifadə edir.
Hörmətli oxucu, Nurəddin Babayev haqqında qələmə aldığım bu qeydlərimi onun öz sözləri ilə başlamışdım. Və “Kimdir Nurəddin Babayev?” sualının cavabına əlavələr etmək istəyirəm: həyatda göründüyü kimi olan, olduğu kimi görünən, sənətinə qəlbən bağlanan təcrübəli jurnalist, dövlətçiliyimizə sadiq vətəndaş, bu sahədə çalışanlara etdiyi köməyi vəzifə borcu sayan gözəl insan. Bu yerdə yadıma gənc həmkarlarımdan birinin söhbəti düşür. Həmkarım deyir ki, Naxçıvan televiziyasında təcrübəyə gəldiyi ilk günlərdə siyasi mövzuda bir yazı hazırlayıb Nurəddin müəllimə təqdim edib. Yazı ilə tanış olan N.Babayev ona: get kəndinizdən bir yazı yaz, – tapşırığını verib. Tapşırığı yerinə yetirən gəncin həmin yazısını oxuyan Nurəddin müəllim ona: səndən yaxşı jurnalist olacaq, – deyib, həmin gün rəhbərlikdən gəncin işə qəbul olunması əmrini alıb.
Bu da Nurəddin müəllimin kimliyini şərtləndirən amillərdən biri.
Bu gün Nurəddin Babayevin 75 yaşı tamam olur. Ağsaqqal jurnalistimizi ad günü münasibətilə “Şərq qapısı” qəzetinin kollektivi adından təbrik etdi:
Muxtar MƏMMƏDOV