25 Dekabr 2024, Çərşənbə

Türkiyənin “ortakses.com” saytında rəssam, yazıçı Hülya Sezginin Naxçıvan haqqında yazdığı “Güllər içində gözəl Naxçıvan” məqaləsi yayımlanmışdır. Hülya Sezgin təqaüddə olan bank işçisidir. Bu günə qədər rəssamın 10 fərdi sərgisi keçirilib və 50 müxtəlifsəviyyəli sərgidə əsərləri nümayiş etdirilib. O, İzmir Gözəlbağça qəsəbəsi bələdiyyəsinin üzvü, Beynəlxalq Fəal Sənətçilər Birliyinin (UASB) İzmirdəki nümayəndəliyinin rəhbəridir. Rəssamın “Güllər içində gözəl Naxçıvan” məqaləsinin oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq qəzetimizin bugünkü nömrəsində dərc edirik.

Birinci məqalə
Keçən həftə Naxçıvanda idim. Nə üçün getdim? Çünki muxtariyyətinin yaradılışının 90-cı ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı təşkil etmişdi. Bakılı qardaşım, rəssam Nəvai Mətinin xəbər verməsi və Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın dəvəti ilə mən də müsabiqədə iştirak etdim. Və festivalın sonunda yeddi ölkədən olan 33 qalib sənətçinin arasında mən də var idim...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi beş min ildən daha qədimdir. Ölkədaxili idarəçilik məsələlərində müstəqildir, müdafiə və xarici siyasət məsələlərində isə Azərbaycan Respublikasına tabedir. Qonşuları İran ilə Ermənistandır. Eyni zamanda Türkiyə ilə 11 kilometr uzunluğunda sərhədi var. Azərbaycanla əlaqələri hava yolu ilə qurulan Naxçıvan kiçik bir şəhərdir, amma çox yüksək mədəniyyətə sahibdir.
Naxçıvan şəhəri muxtar respublikanın paytaxtıdır. İğdırdan, ya da Ərzurumdan Naxçıvana avtobusla getmək mümkündür. İğdırdan Dil­ucu sərhəd-keçid məntəqəsində, Araz çayı üzərində inşa edilmiş “Həsrət” körpüsünü keçən kimi Naxçıvana çatırsan. Mən də elə etdim. Nəvainin təklifi ilə İzmirdən İğdıra təyyarə ilə, İğdırdan Naxçıvana isə avtobusla getməyə qərar verdim...
Somanın ağrısı ürəyimdə, bir qanadım qırılmış vəziyyətdə düşdüm Naxçıvanın yollarına...
İğdır şəhərinə gəldim. Burada avtobus firmaları ilə birlikdə şəxsi maşınlar da Naxçıvan-İğdır arasında yolçu aparıb-gətirirlər. Xüsusən bu işi naxçıvanlılar edirlər. Çünki benzin onlarda ucuzdu. Həmin maşınlardan birinə əyləşdim. Yola çıxdıq. Maşının sürücüsü də, sərnişinlər də naxçıvanlılar idi. Yol boyu söhbət edə-edə gedirdik…
Sürücümüz yoldakı çuxurlara düşməmək üçün maşını sağa-sola qaçırırdı. “Xanım, indi bir sizin yollara bax, bir də sərhədi keçəndən sonra bizim yollara baxarsan”, – dedi. Araz çayının üzərindəki körpü ölkələrimizi birləşdirir. Həmin körpünü keçəndən sonra Naxçıvana gəldik. Sürücünün dediyi kimi, burada uzanan avtomobil yolları ip kimi düzülmüşdü…
Söhbətimizi davam etdiririk… “Sizdə kefir varmı?”, – deyə soruşdum. Mənə süzmə qatıq haqqında məlumat verməyə başladılar: “...Torbaya qoyursan, suyu süzülür...” “Yox” – dedim. “Biz ona süzmə qatıq deyirik. Kefir o deyil. Digər tərəfdən, deyilənə görə, süzmə qatığın suyu, əslində, çox faydalı imiş. Atılmamalıdır. İstifadə edilməlidir. Hətta böyrəkdəki daşı da düşürə bilirmiş”.
Mənim bu sözümə sürücümüz bığaltı eyhamla gülərək belə cavab verdi: “Bacı, məndə heç böyrək daşı olmaz… Sizin yollarda silkələnməkdən qalmır ey...” Sürücünün bu sözünə yenə hirsləndim, amma səsimi çıxarmadım.
Nəvai hər dəqiqə zəng edib – “Haradasınız, gəlim sizi götürüm” – deyirdi. Lakin sağ olsun, sürücümüz məni otelə qədər gətirdi…
Naxçıvanlılar yaxşı insanlardır… Nə də olsa, qardaş ölkədir... İki dövlət, bir millətik onlarla...
Əslində, Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Qədim yunan alimi Ptolomey miladdan əvvəl II əsrdə Naxçıvan barədə yazarkən, buradan “İnsanların rifah halının yüksək olduğu şəhər” kimi bəhs etmişdi. Əsrlər boyunca baş verən ardıcıl işğallar nəticəsində dəfələrlə dağıdılan və təkrar qurulan bu sevimli şəhər bir elm və mədəniyyət mərkəzidir. Naxçıvanda iki universitet və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi var…
“Təbriz” otelində qalacağıq. Bura beşulduzlu və çox gözəl bir oteldir. Müdiri Bəkir bəy türkiyəlidir… Qaldığımız müddət ərzində Naxçıvana xas olan milli yeməkləri bizə tanıtmaq üçün böyük əmək sərf etdilər. Çeşid-çeşid ət yeməkləri, dolmalar... Hamısından bir az dadsam, İzmirdə iki-üç dəfəyə yediyim yeməkdən daha çox yemiş olardım... Necə yeməyim?! Hər halda kökəlmişəm... Nə isə, Türkiyəyə qayıdanda yeməyimə diqqət edərəm. Amma bu yeməkləri bir daha tapa bilməyəcəyəm” – deyə düşündüm və iştahla yedim...
Naxçıvanda tərəvəzi çox yemirlər. Daha çox ət, balıq və toyuq yeyirlər. Göyərtilərdən tərxun, reyhan, keşniş və yaşıl soğan hər dəfə süfrələri bəzəyir. Hələ bir gün Rizədə yediyimiz, ancaq qırx beş ildir, bir daha dadmadığım ləzzətli, təbii bildirçin kababını gətirdilər. Bundan məst oldum. Xəyalımda uşaqlıq illərimə qayıtdım... O zamanlar Rizədə yüksək təpələrdə tor qurardılar. Bundan sonra işıqsaçan lampaları yandırardılar. Qara dənizi keçərək Rusiyadan gələn yorğun bildirçinlər işığı görüncə sahilə çatdıq düşüncəsiylə həmin yerlərə qonmağa çalışanda tora çırpılaraq yerə düşər və yorğun olduqları üçün bir daha ayağa dura bilməzdilər. Onları armud kimi səbətə toplayıb, ertəsi günü də bazarda satardı rizəlilər. Rəhmətlik atam da alıb gətirərdi. Mən də bütün günü onlarla oynardım. Axşam süfrəyə gətiriləndə əvvəlcə ağlayardım, sonra çarəsiz yeyərdim…
Gəzməyə başlayırıq....
Səfərimizin ikinci günü proqramı­mızda gəzinti vardı. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyduq və Heydər Əliyev Muzeyini gəzdik...
Naxçıvanın ən çox ziyarət edilən yerlərindən biri də Möminə xatın türbəsidir. Bu türbə XII əsrdə Atabəy Eldənizin 30 yaşlarında vəfat edən arvadı Möminə xatının şərəfinə tikilmişdir. Səlcuqluların memarlıq xüsusiyyətlərini özündə əks etdirən türbənin çöl sütunlarında “Yasin” surəsi yazılmışdır. Lap yuxarısında isə memarın yazdığı bir söz vardır: “Biz gedərik, ancaq qalar rüzigar. Biz ölərik, əsər qalar yadigar”.
Fasadı son dərəcə estetik görünüşə malik olan bu türbəyə heyran qaldım. Bir də memarın sözünü çox sevdim və “Məndən sonra kim bilər, bəlkə, rəsmlərimin asılı olduğu divarların sahibləri də məni yad edərlər”, – deyə düşündüm... Sonra Buzxana deyilən yerdə günorta yeməyimizi yedik. Deyilənə görə, əvvəllər bura buzxana imiş, yenidən bərpa edilmiş və gözəl bir yeməkxana, əyləncə yerinə çevrilmişdir.
Naxçıvanda sənətə çox dəyər verirlər. Uşaqlara rəssamlıq sənəti ilə bağlı xüsusi təhsil verirlər. Deyirlər ki, “Tariximizi rəssamların çəkdiyi rəsmlər sayəsində öyrənirik”…
Naxçıvanda hər tərəfdə gül bağçaları var…
Gəzdiyimiz Dövlət Xalça Muzeyinin dünyada analoqu yox imiş. XIV əsrdə əsgərlərin hərbi yataqxanası kimi istifadə edilən bir binada bu gün XVIII-XX əsrlərə aid olan dəyərli xalçalar sərgilənir. Muzeyin ən qiymətli əsəri 8 qadın tərəfindən 8 ayda tamamlanan və 1,2 milyon ilmə vurulan, əslən naxçıvanlı olan mərhum Prezident Heydər Əliyevin rəsminin işləndiyi xalça idi.
Bir çox tarixi əsərin nümayiş etdirildiyi Dövlət Tarix Muzeyi də görülməyə dəyər bir yerdir... I Dünya müharibəsində türk ordusu Naxçıvanı ermənilərin işğalından xilas etmişdir. Kazım Qarabəkir Paşa onlara çox kömək etmişdir. Buna görə də onu çox sevirlər və muzeylərində Qarabəkir Paşaya aid bir guşə vardır.
Növbəti gəzinti ünvanımız hər kəsin müqəddəs bildiyi, dualar edilərək qurbanlar kəsdiyi Əshabi-Kəhf idi. Həmin yer barədə rəvayətlər bizdəki yeddi yatan kimsənin rəvayətləri ilə eynilik təşkil edir. Yeddi dost və bir it dinsizlərin zülmündən qaçaraq bir dağa sığınmışlar. Dağ onları, necə deyərlər, gizlətmişdir. Tam 300 il yatmışlar. Oyandıqları zaman heç nəyin fərqinə varmadan bazara çörək almaq üçün getdiklərində verdikləri pulu dükançı tanıma­mışdır. Ondan-bundan soruşduqdan sonra isə 300 il öncəsinə aid pul olduğunu bilmişlər… Rahatlıq bəxş edən, yaşıllıqlarla əhatəli bir yerdir. Təpədəki mağaraya çatmaq üçün 3500 pillə qalxmaq lazımdır. Orada kimsələrin məzar daşları var. İtlə çobanın məzar daşı isə ziyarətgahın girəcəyindədir. Bu rəvayət “Qurani-Kərim”də olduğu kimi, hətta “İncil”də də qeyd olunmuşdur. Müxtəlif dinlərə inanan insanlar buranı ziyarətə gələrək dualar edirlər, ürəklərində arzu tutur, qurban deyirlər. Arzuları yerinə yetəndən sonra qurbanlarını kəsmək üçün yenidən bura gəlirlər. Qurban kəsildikdən sonra onun tullantıları səliqə ilə təmizləndiyi üçün pis qoxu və milçək yığnağı ilə rastlaşa bilməzsiniz. Hər tərəf təmizdir…
Davam edəcək….

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR