25 Dekabr 2024, Çərşənbə

Qədim Naxçıvan diyarı zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvan ərazisinin qədim Daş dövründən başlayaraq ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Diyarımız antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəllərlə, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Naxçıvanda belə qədim tarixə malik olan daşyonma sənəti də memarlığın ən mükəmməl nümunələrindən biridir. Bununla bağlı müsahibimiz AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevadır.

– Sara xanım, istərdik, əvvəlcə daşyonma sənətinin tarixi haqda oxuculara məlumat verəsiniz.
– Zəngin daş yataqlarına malik olan Naxçıvan ərazisinin sakinləri bir sıra yaşayış məskənlərində daşyonma mərkəzi yaratmış və bu mərkəzlərdə fəaliyyət göstərmişlər. Daşyonma mərkəzlərində bölgənin daş ehtiyatlarından xammal mənbəyi kimi istifadə edən sənətkarlar yaşadıqları dövrdə saxtalaşdırılması mümkün olmayan çoxlu abidələr yaratmış və gələcək nəsillərə yadigar qoymuşlar. Hələ qədim zamanlardan ibtidai insanlar həyatlarında mühüm rol oynayan daşı ən qədim və təbii nemət kimi ilahiləşdirmiş və müqəddəs hesab etmişlər. Uzaq keçmişdən belə xammaldan məzar daşları da düzəldilməsi bunu bir daha sübut edir.
Bu sahə ilə məşğul olan tədqiqatçılar öz araşdırmalarında Azərbaycanda, o cümlədən qədim Naxçıvan bölgəsində daşyonma sənətinin tarixi, keçdiyi inkişaf yolu haqqında maraqlı məlumatlar vermişlər. Orta əsrlər zamanı Naxçıvan ərazisində daşyonma sənətinin inkişaf etməsi və daha da təkmilləşməsi bölgədə bir sıra daş karxanalarının, daşyonma mərkəzlərinin, sənətkar sexlərinin yaranmasına səbəb olmuşdur. Bu mərkəzlərdə Naxçıvan ərazisinin zəngin daş yataqlarında olan bir çox daş növündən istifadə edilmişdir. Xüsusən çaydaşı, dağdaşı, tuf, mərmər və sair kimi möhkəmliyi və görkəmi ilə fərqlənən, həmçinin memarlıq üçün böyük əhəmiyyət daşıyan daşlardan peşəkar sənət adamları sənət əsərləri yaratmışlar.
– Naxçıvanda fəaliyyət göstərmiş daşyonma mərkəzləri ilə bağlı nə deyə bilərsiniz?
– Daşyonma mərkəzləri Naxçıvanın bir çox yaşayış məskənlərində fəaliyyət göstərmişdir. Bu mərkəzlərin çoxluq təşkil etdiyi ərazilər, əsasən, indiki Ordubad və Culfa rayonları olmuşdur. Bu isə həmin bölgələrdə müxtəlif daş növlərinin zənginliyindən irəli gəlmişdir. Ordubad rayonunun Biləv kəndinin yaxınlığında, Yalquzaq deyilən yerdə, “Gümüş ağılı”, “Mahmud ağılı” adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin bu ərazidəki “Qarovulxana”, “Arpaçuxuru”, “Südyolu” adlandırılan yerlərdə də daşyonma mərkəzlərinin fəaliyyət göstərməsi haqqında məlumatlar vardır.
Daşyonma mərkəzlərinin indiki Culfa şəhəri və ona yaxın kəndlərdə fəaliyyəti haqqında maraqlı məlumatlar mövcuddur. Aparılan araşdırmalar göstərir ki, indiki Culfa rayonunun şimal-şərqində, “Darıdağ” mineral su mənbəyinin yaxınlığında, təqribən, 2 kilometr aralı, yolun sağ tərəfində daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daşyonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Həmin ünvanda iş prosesində sıradan çıxmış və yaxud keyfiyyəti ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqətipli qəbirüstü xatirə abidələri vardır.
– Sara xanım, bu sənətin inkişafı, əsasən, hansı dövrlərdən başlayır?
– Daşyonma sənətinin izlərinə təkcə Naxçıvan ərazisində deyil, bütün türkdilli xalqlar yaşayan bölgələrdə rast gəlinmişdir. Daşişləmə sənətinin ən qədim nümunələrinə daş və qayalar üzərində rast gəlinir. Tədqiqatçı alimlər bunun əsas səbəbini insanların məişətində daşın xüsusi rol oynaması ilə əlaqələndirirlər. Ulu əcdadlarımız ov səhnələrini, onunla bağlı əfsanəvi təsəvvürlərini bu təsvirlər vasitəsilə canlandırmağa çalışmışlar. Buradan görünür ki, insanların ən qədim bədii yaradıcılıq növlərindən biri də daş üzərində təsvirlərin işlənməsi sənəti olmuşdur. Tarixin müxtəlif inkişaf dövrlərində tikinti işlərinin çoxalması ilə əlaqədar daşişləmə sənətinin tətbiqi istiqamətləri genişlənmişdir. Daşdan məişət əşyaları hazırlanmasında, yaşayış və müdafiə istehkamlarının inşasında geniş istifadə edilməyə başlanmışdır. Feodalizm dövründə isə Azərbaycanda daşyonma – daş üzərində oyma sənəti xüsusilə daha çox tərəqqi etmişdir. Azərbaycan ərazisində məhəlli xüsusiyyətləri ilə fərqlənən bir sıra memarlıq məktəblərinin əmələ gəlməsi və onların çoxcəhətli səmərəli fəaliyyətləri ənənəvi daşişləmə sənətini daha da zənginləşdirmişdir. Azərbaycan xalqının orta əsrlər dövründən günümüzədək tarixi keçmişini özünün daş yaddaşında yaşadan və əsaslı mənbələr verən məzar daşları bütün dövrlər üçün çox qiymətli sənət əsərləridir.

Müsahibəni apardı:
Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR