Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Ona görə də ölkəmizdə uşaqlara diqqət və qayğı göstərilir, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilir. Muxtar respublikada da uşaqlara olan diqqət və qayğı prioritet vəzifəyə çevrilib. Uşaqların yaxşı tərbiyə və təhsil almaları üçün məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələri, tam orta məktəblər üçün yeni binalar tikilir, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində fəaliyyət göstərən Dövlət Kukla Teatrının yaradılması da bu zərurətdən doğub.
Teatr bu il yaradılmasının 25 illiyini qeyd edəcəkdir. Bu illər ərzində kollektiv bir sıra yaradıcılıq uğurlarına imza atıb, balaca tamaşaçıları öz maraqlı tamaşaları ilə sevindirib. Teatrın kollektivi nəinki ölkəmizdə, həmçinin xarici ölkələrdə müxtəlif festivallarda muxtar respublikamızı uğurla təmsil edir. Ötən illərdə teatrın səhnəsində, orta məktəblərdə, uşaq bağçalarında kollektivin uşaqlara təqdim etdiyi Cəlil Məmmədquluzadənin “Çay dəsgahı”, Abdulla Şaiqin “Danışan kukla”, Əyyub Abbasovun “Keçinin qisası”, Tofiq Ağayevin “Cırtdanın sərgüzəştləri”, Gülnarə Kərimovanın “Nəğməkar bülbül”, Bayram İsgəndərlinin “Cırtdanın yeni sərgüzəşti”, Aybəniz Ağaqızının “Qaraca qız” və başqa tamaşalar balaca tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Teatrın bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanova ilə söhbətimizdə o bildirdi ki, ölkəmizdə hazırda 28 teatr fəaliyyət göstərir. Onların 5-i kukla teatrıdır. 2004-cü ildə görkəmli maarifçi, pedaqoq, şair və publisist M.T.Sidqinin anadan olmasının 150 illiyi ilə əlaqədar teatra bu böyük şəxsiyyətin adı verilib.
Müsahibim qeyd etdi ki, kukla tamaşaları Azərbaycanda çox qədimlərdən mövcud olub. Əsrlər boyu mövcud olmuş “Kilimarası” kukla tamaşasını buna misal göstərmək olar. Xalqımızın yaratdığı “Şah Səlim”, “Keçəl pəhləvan”, “ Şölə oyunu”, “Hacı gəldi”, “Maral oyunu”, “Tapdıq çoban”, “Qaragöz” və başqa kukla tamaşaları zəngin xalq yaradıcılığının bir hissəsi deyilmi?
Yasəmən Ramazanova bildirdi ki, beynəlxalq festivallarda iştirak etmək hər bir teatrın həyatında yaddaqalan əlamətdar mədəni hadisədir. Belə hadisələr Naxçıvan Dövlət Kukla Teatrının həyatında da çox olub. Kukla teatrı 2006-cı ilin yanvarında İran İslam Respublikasının Tehran şəhərində keçirilən 24-cü “Fəcr” Teatr Festivalında, 2008-ci ilin noyabrında Təbrizdə Birinci Beynəlxalq Kukla Teatrları Festivalında, 2009-cu ilin dekabrında Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 13-cü Uluslararası Qaragöz Kölgə və Kukla Oyunları Festivalında iştirak edib. Bu il isə teatr Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” Beynəlxalq Kukla Teatrları Festivalına qatılıb. Bu, kollektivin həmin ölkəyə üçüncü səfəri idi. Doğma respublikamızı təmsil etdiyimizi dərindən dərk etdiyimizdən ciddi hazırlaşmışdıq. Festivalda dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşanı iştirakçılara təqdim etdik. Marionetka üslubunda hazırladığımız tamaşa yüksək səviyyədə qarşılandı.
Yasəmən xanım onu da vurğuladı ki, 25 il teatr üçün çox yaş olmasa da, özünü təsdiq üçün az zaman deyil. Bu illər ərzində teatrımız özünü peşəkar teatr kimi təsdiq edib. Rəssamlar Əli Səfərlinin, Rafael Qədimovun, bəstəkar Yaşar Xəlilovun, aktyorlar İlham Babayevin, Süleyman Süleymanovun, Vəsmə Quliyevanın və başqalarının teatrımızın uğurlarında xidmətləri çoxdur. Bu insanlar uşaqlar üçün işləməyin çətin və məsuliyyətli olduğunu gözəl bilirlər. Kollektivimiz çalışır ki, uşaqlar üçün elə tamaşalar hazırlasın ki, onların qəlbinə yol tapa bilsin. Tamaşalarda saflıq, mərhəmət, xeyirxahlıq, vətənpərvərlik, cəsarət, qəhrəmanlıq, hazırcavablıq, gözəllik hiss və duyğularını ön plana çəkmək hamımızı düşündürür. Teatr kollektiv sənət olduğu üçün bu məsələlər hamımızı axtarışlara sövq edir. Sənətimizə verilən qiymət isə bizi daha məsuliyyətlə çalışmağa ruhlandırır.
Sona MİRZƏYEVA