Bu il görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasından 160 il ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü il 20 avqust tarixdə “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Tədbirlər Planı təsdiq edilmiş, görkəmli maarifçimizin yubileyinin muxtar respublikada geniş qeyd edilməsi, bu münasibətlə elmi konfrans və digər yubiley tədbirlərinin keçirilməsi, eləcə də mətbuatda M.T.Sidqinin həyatına, ədəbi, elmi və pedaqoji fəaliyyətinə həsr olunmuş məqalələrin dərc olunması nəzərdə tutulmuşdur. Qeyd olunan mövzularda qəzetimizdə silsilə yazılar dərc olunacaq. Bu silsilədən ilk yazını oxuculara təqdim edirik.
Azərbaycan maarif və məktəbdarlığının inkişafı tarixində Məhəmməd Tağı Sidqinin göstərdiyi misilsiz xidmətlər yalnız təsis etdiyi məktəblərlə bitmir. O, “Tərbiyə” məktəbində müdir və müəllim olduğu müddətdə “Heykəli-insana bir nəzər”, “Puşkin”, “Kəblə Nəsir” kimi mətbu, “Məsnəviyyati-mədəniyyət”, “Həkimanə sözlər”, “Yüz il yatandan sonra” kimi ictimai-siyasi, fəlsəfi, etik və elmi-pedaqoji əsərlərin və “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Tənviri-əfkar və təfhimi-insaniyyət”, “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” kimi mühüm dərsliklərin müəllifi olmuşdur.
Sidqinin “Məktəbi-tərbiyə” şagirdləri üçün hazırladığı ədəb qaydaları bu gün də öz təsir qüvvəsini itirməmişdir və müasir məktəblərimizdə həmin qaydalara əməl edilməsi vacib şərtlərdən biri sayılmalıdır.
Yorulmaz maarif fədaisi Məhəmməd Tağı Sidqinin Azərbaycan maarifi və mədəniyyətinin tərəqqisində göstərdiyi xidmətləri C.Məmmədquluzadə belə ifadə etmişdir: “Sidqinin Vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad və maarif aləmində olan indiki əhvali ilə on il bundan əqdəm halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, insafdan və həqiqətdən bilmərrə uzaq olmaz. O hörmət və məhəbbət ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib…”
Məhəmməd Tağı Sidqi təkcə məktəb müəllimi kimi deyil, həm də maarifçi şair və yazıçı kimi ad-san qazanmışdır. M.T.Sidqinin yaradıcılığında maarifçi şeirlərin xüsusi yeri vardır. Pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” sayan görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs olunur.
Ailə tərbiyəsində öyüd-nəsihətlər tarix boyu nəsillərin həyat, davranış və fəaliyyəti üçün əsas götürülmüş, adamların həyat dərsliyi kimi təlimat rolunu oynamış və müxtəlif dövrlərdə yaşamış qabaqcıl fikirli şəxsiyyətlərin əsərlərində daha da cilalanmışdır. Buna inanmaq üçün Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən oğlu Məhəmmədə nəsihətini, Marağalı Əhvədinin “Cami-cəm” poemasını, Şah İsmayıl Xətainin “Nəsihətnamə”sini, Məhəmməd Füzulinin oğlu Fəzliyə “Nəsihət”ini, Məsihinin “Əziz oğluma öyüdlər”ini, Abbasqulu ağa Bakıxanovun “Kitabi-nəsihət”ini, Seyid Əzim Şirvaninin oğlu Cəfərə, Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlimə və Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqiyə ünvanlanmış öyüd-nəsihət dolu fikirlərini xatırlamaq kifayətdir.
Elə bu fikrə əsaslanaraq biz də burada M.T.Sidqinin valideyn-övlad münasibətlərinə baxışını qismən də olsa, işıqlandırmağa çalışacağıq.
Bildiyimiz kimi, XIX əsrin axırları, XX əsrin əvvəllərində cahil və fanat mollaların, axundların, zahidlərin baxışlarına görə, qızların oxuması və ya oğlanların yeni üsullu məktəblərdə təhsil alması dinə qarşı çıxmaq kimi dəyərləndirilirdi. Məhəmməd Tağı Sidqi isə “Qurani-Kərim”dən sitat gətirərək qara camaatı inandırmağa çalışırdı ki, qızların təhsil almasında heç bir qadağa yoxdur. Sonralar bu mənzərəni Sidqinin müasiri Məşədi Zeynalabdın belə xatırlayır: “Mirzə Təqi müəllimlə mollaların, müşteyidlərin bərk davası düşdü… Onlar istəmirdilər ki, Sidqi müəllim qızları oxutsun. Əslinə baxsan, heç bizim də könlümüz yox idi. Elə ki Mirzə Təqi müəllim qızların oxumasını “Quran”nın da tələb etdiyini camaata oxuyub göstərdi, daha şəkk olmadı”.
Göründüyü kimi, belə uzun sürən mübahisə və təbliğatdan sonra 1896-cı ildə Sidqi “Qız məktəbi”ni təsis etmiş və cəmi səkkiz qızın təhsil və tərbiyəsi üçün fəaliyyətə başlamışdır. Sidqi qızlara dünyəvi təhsil verməklə kifayətlənməmiş, həmçinin bu gün də tərbiyəvi əhəmiyyətini itirməyən gözəl bir dərslik – “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” əsərini Azərbaycan pedaqoji fikir tarixinə ərməğan etmişdir.
Məhəmməd Tağı Sidqinin “Qızlara hədiyyə” dərsliyindəki “Tərbiyənin təfavütü”, “Ata və ana məhəbbəti”, “Ədəbli və tərbiyəli Rübabə”, “Validə məhəbbəti”, “Bala tərbiyəti” kimi əxlaq dolu hekayələrindən bir qisminə nəzər salaq.
“Ata və ana məhəbbəti” hekayəsində Sidqi valideyn və övlad sevgisini təsvir edərək belə qeyd edir ki, heyvanlar və ya quşlar balalarını qısa müddət bəslədikdən sonra artıq onları mühafizə etmir, qaydına və ya qayğısına qalmırlar. Ancaq insanlar öz balalarının daim qayğısını çəkir, diqqətlərini bir an olsun belə, onlardan ayırmırlar, deyərək yazır: “Nərgiz xanım ilə Qönçəbəyim bağçada dərslərinə məşğul ikən bağçanın divarında yuva tutmuş sərçələr civ-civ və cəh-cəh ilə balalarına dən gətirirdilər. Qönçəbəyim dərsdən fariğ olub sərçələrin hal və hərəkətinə və balalarına olan meyil və məhəbbətinə diqqətlə mütəvəcceh idi. Bu halda Nərgiz xanım da dərsini tamam edib Qönçəbəyimə dedi ki:
– A qız, Qönçə, bu sərçələrə baxıb nə çox təəccüb edirsən?
– Xanım bacı, əsla sərçələrə baxıb təəccüb etmirəm. Bunların bu qədər öz balalarına olan məhəbbətinə təəccüb edirəm.
– Cəmi heyvanatın öz balasına olan məhəbbəti məlumdur. Bunda təəccüb yeri yoxdur. İnsanın da öz övladına olan məhəbbəti bunların məhəbbəti ilə bərabər ola bilərmi?
– Bu qədər bil ki, insanın heyvanatdan ağıl və fərasəti, fəziləti və şərafəti nə qədər artıqsa, övladına olan məhəbbəti ondan dəxi artıqdır.
– Nə səbəbə artıqdır?
– Ondan ötrü ki, yumurtadan çıxmış bir quş ki hənuz uçub getməyə qadir deyil, ata və anası toxumdan, qurddan, milçəkdən və sair cücülərdən gətirib onları bəslər. Elə ki bədəni və qanadları kamilən tüklənib pərvaz oldu, onlar dəxi özləri uçub gedib ruzi axtarmağa başlar və anaları da onları mühafizə etməkdən asudə olarlar. Amma insan öz balasına on beş-iyirmi yaşına kimi pərvəriş verib hər bir ləvazimatını tədarük eylər. Ondan sonra yenə həmişə onun hümmətinə və qəminə şərik olub ömrünün axırına kimi balasının yolunda zəhmət çəkib can qoyar. Məazallah, ata və ananızın haqqı nə böyükdür! Və nə qədər onlara itaət və məhəbbət etmək lazım gəlir!”
Uşağın şəxsiyyət kimi düzgün tərbiyəsinin və sonrakı inkişafının əsası, təbii ki, ailədə qoyulur və ailə tərbiyəsinin düzgün qoyulmasından başlayır. Məhəmməd Tağı Sidqi istəyirdi ki, qızlarımız əqidəli, doğrucul, vətənpərvər, milli mentalitetlərimizi sevən və onu yad təsirlərdən qoruyan qadınlar kimi böyüsünlər. Bunun üçün də qızlarımızın özlərinin tərbiyə görməyə ehtiyacı vardır. Bu ehtiyacı da ancaq “analar yetişdirəcək məktəblər” ödəyə bilər. Pedaqoq Sidqi qadının – qızların təhsil almasını vacib bilir və göstərirdi ki, gələcək cəmiyyətin taleyi onların öz uşaqlarına verdiyi tərbiyədən çox asılıdır. O, qızların ailədə feodal-patriarxal münasibətlər əsasında tərbiyəsinə qarşı məktəb tərbiyəsini, sağlam ailə tərbiyəsini qoyur, oğlanlar kimi qızların da yeni məktəblərdə oxumasını tələb edirdi. Əgər hər bir ana məktəb tərbiyəsi görübsə, təbii ki, uşağının da tərbiyəsi ilə düzgün məşğul olar.
“Bala tərbiyəti” adlı hekayəsində Sidqi iki ananı qarşılaşdıraraq onların bir-birindən tam fərqli olan cəhətlərini gözəl bir nümunə şəklində belə təsvir edir: “Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftarı və kirdarı, hal-hərəkəti balaların qəlbinin aynasına əks salır. Elmli və mərifətli analar süd verən vaxtdan başlayıb övladının təlim və tərbiyəsilə məşğul olurlar. Hüsni-əxlaq və ədəb tərbiyətə vaqif olan validə balasının təlim və tərbiyəsini özünün bəzənib-düzənməyindən vacib bilir.
Bir gün zər və zivərə həris olan bir arvad faxir libaslarını geyib və cəvahiratı ilə bəzəndiyi halda bala tərbiyəsinə aşiq olan bir xanımın evinə gəldi. Qiymətli libasını və bahalı qaş-daşını iftixarla göstərəndən sonra mürəbbiyə xanımı adi və sadə libasda görüb: “Sənin də zər-zivərini görmək istəyirəm” – dedi.
Xanım cavab verdi ki:
– Əgər bir az səbir eləsən, onları sənə nişan verərəm.
Bir azdan sonra balaları məktəbdən gəlib evə daxil olanda onların əlindən tutub o arvadın yanına gətirdi və dedi:
– Mənim də zər-zivərim, mülk və malım, cah və calalım bu iki gözlərimin nuru və ciyərparələrimdir. Mənim üçün əziz balalarıma təlim və tərbiyə vermək cavahiratdan qiymətlidir”.
Məhəmməd Tağı Sidqinin fikirlərindən aydın olur ki, hər bir ana öz uşağının tərbiyəsi ilə məşğul olmağa bütün məsuliyyəti ilə borcludur. O, valideynlik borcunu ödəməli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, onun aqibəti ilə maraqlanmalıdır. Əxlaqi cəhətdən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün maarifçi pedaqoq, yuxarıda qeyd etdiyimiz kimi, anaların özlərinin qüsursuz olmalarını, onların müəyyən qədər pedaqoji biliklərə yiyələnmələrini zəruri hesab edirdi. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi istəyirdi ki, ana qarşısında duran bu kimi çətin, eyni zamanda şərəfli və məsuliyyətli vəzifələr mümkün qədər inandırma, şəxsi nümunə əsasında həyata keçirilsin. Bütün bu qeyd olunan keyfiyyətlər isə ancaq və ancaq elm yolu ilə, təhsil yolu ilə əldə edilə bilər. Görkəmli yunan filosofu Sokrat deyir ki: “Pislik biliyin azlığından irəli gəlir, şər isə biliyin yoxluğundan törəyir”. Bu mənada Sidqi də üzünü şagirdlərinə tutaraq deyir: “Ey mənim xoşbəxt şagirdlərim! Gərəkdir ki, gözəl xasiyyətlərə rəğbət göstərib və pis sifətlərə nifrət edəsiniz. Çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər”. Göründüyü kimi, Sidqi qızlarımızın pis fikir, pis düşüncə, şər və böhtandan uzaqolma yolunu elm və təhsilə yiyələnməkdə görürdü. “İki bacının mükaliməsi” hekayəsində pedaqoq fikrini bir daha əsaslandıraraq belə yazır: “Balaca bacım! Sən hənuz kiçiksən. Elmin ləzzətini və faydasını... bilməyirsən. Bu qədər bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz. Və insanın hər işində və əməlində elmə ehtiyacı vardır. İnsanın fəziləti və heyvan ilə insanın təfavütü elm ilə bilinir. Sən də elm, ədəb təhsil et, yainki dünya və axirətdə səadətmənd olasan”.
Digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair Məhəmməd Tağı Sidqinin də yaratdığı əsərlər, elm təhsil etməklə nurlanan fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 20 avqust tarixli “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sərəncam muxtar respublikanın ziyalıları tərəfindən görkəmli şəxsiyyətlərimizə, ədib və şairlərimizə, onların fəaliyyətinə və yaradıcılığına verilən qiymət kimi dəyərləndirilir.
Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru