Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı böyük Norveç dramaturqu Henrik İbsenin (1828-1906) “Kuklalar evi” (1879) üçpərdəli psixoloji dramı əsasında hazırladığı tamaşa ilə 131-ci teatr mövsümünü başa vurmuşdur.
Tamaşadan əvvəl C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək bu sənət ocağının tamaşaçıların estetik zövqünün formalaşmasında, maariflənməsində, mütərəqqi ideyaların təbliğindəki əhəmiyyətli rolundan danışmışdır. Xalq artisti teatrın gələcək planlarından da söhbət açaraq Naxçıvan teatrına göstərilən qayğıdan bəhs etmişdir.
“Teatrın binasının son illər yenidən qurulması, sənət adamlarının əməyinin qiymətləndirilməsi bunun bariz nümunəsidir”, – deyən Rza Xudiyev teatrın gələcəkdə də sənət ənənələrini davam etdirəcəyini bildirmişdir.
Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji dramın banisi kimi tanınan Henrik İbsenin “Kuklalar evi” əsərində insanın daxili aləmi, sosial ziddiyyətləri, ümumbəşəri problemləri real hadisələrin inkişafı fonunda öz həllini tapır.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulan “Kuklalar evi” dramını uğurla təqdim edə bilmişdir. Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovun tərtibatı da diqqətəlayiqdir. Tamaşanın musiqi tərtibatçısı Fətəli Axundzadənin uğurlu musiqi seçimi və duyumu tamaşada aydın hiss olunur. Xüsusilə Norveç klassik musiqisinin banisi, dünya şöhrətli bəstəkar Edvard Qriqin lirik əsərlərindən istifadə edilməsi tamaşanın psixoloji aurası ilə üst-üstə düşür.
Qeyd edək ki, bu tamaşa son dörd ildə teatrın klassik Avropa dramaturgiyasından səhnəyə qoyduğu ikinci əsərdir. Teatr 2010-cu ildə böyük alman dramaturqu Lessinqin “Müdrik Natan” əsərini səhnəyə qoymuşdu.
Əli RZAYEV