25 Dekabr 2024, Çərşənbə

Məlum olduğu kimi, uşaqlar üçün yazılan bədii və elmi-kütləvi əsər­lər məcmusu “uşaq ədəbiyyatı” adlanır. Bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədə­biy­ya­tı nümunələrində xalqların və uşaqların həyatına dair, onların yaş xüsusiyyətlə­ri­nə, qav­ra­ma qabiliy­yət­lərinə uyğun janr, forma və üslubda müxtəlif problemlər qaldırılır, gənc nəsildə yüksək əxlaqi keyfiyyətlər, vətənpərvərlik, sədaqət, dostluq, doğruluq, əməksevərlik, insanpərvər­lik və humanizm kimi yüksək insani keyfiyyətlər tərbiyə edilir. Uşaqlar üçün yazılan əsər­lər xeyirxah, mərd və cəsur qəh­rəmanları, maraqlı süjet və kompozi­si­­yası, anla­şıq­lı, sadə və aydın bədii ifadə vasitə­lə­ri, səlis dili ilə seçilir. Uşaq ədəbiyyatının sələfləri sayılan M.Füzuli, Q.Zakir, A.A.Bakıxanov, S.Ə.Şirva­ni, M.Ə.Sabir, F.Köçərli, A.Səhhət, S.S.Axundov, A.Şaiq, Mir Cəlal, M.Rzaquluzadə, M.Seyidzadə, M.Dilbazi və başqalarının açdığı cığır yolunu naxçıvanlı xələflər (Asim Yadi­gar, Vaqif Məmmədov, Həsənəli Eyvazlı, Zaur Vedili, Qafar Qərib, İlyas Fərəməzoğlu və başqaları) davam etdirirlər.

Böyüklər hər bir uşaqla emosional münasibət qurmağa səy göstərməlidirlər. Uşaq­­­ların saçını tumarlamaq, onların könlünü ələ almaq tərbiyəçiyə qarşı müs­bət mü­nasibət yaradır. Kiçik uşaqlar böyüklərin nəvazişinə olan tələbatı müxtəlif cür ifa­də edə bilirlər. Böyüklər uşağın təşəbbüsünə, təşəbbüs göstərmək cəhdlərinə həmişə ca­vab verməyə maraqlı olmalıdırlar. Uşaq, adə­tən, özünü rahat hiss etmədikdə buna ehtiyac duyur. Uşağın kədərlənməsinin səbəbləri müx­təlif ola bilər: fiziki nasazlıq, ailədə münaqişə, ya­şıdlarından inciməsi, nəyisə ba­car­ma­­­ması, paltarına ləkə yaxılması və sair. Bu zaman böyüyün vəzifəsi uşağın ke­çirdiyi hisslə­ri başa düşmək, ona kömək etmək və uşağı nəsihətamiz şəkildə vəziyyətdən çı­xar­maq­dır. Bu mənada Əbülfəz Ülvinin “Məktəbli qız” adlı şeri maraq doğurur. Burada Əbülfəz Ülvi uşaqları yoran, darıxdıran nəsihətçilikdən uzaqdır. Bəzən çətin, uzun, ağır tə­ləf­füz olunan sözlərlə dolu əsərlərin ideyası, məzmunu balaca oxucuya çatmır və ona la­zımi tərbiyəvi təsir göstərmir. Əbülfəz Ülvinin uşaq şeirlərinin əksəriyyəti dilinin sa­dəliyi, oynaqlığı, axıcılığı və bədiiliyi ilə fərqlənir. “Məktəbli qız” şerində oxuyuruq:

Hönkürtü eşidib ayaq saxladım,
Gördüm, bir məktəbli qızdır ağlayan.
Gəlib yaxınına dedim: – övladım,
Nədir ürəyini belə dağlayan?
– Baxın paltarıma, – dedi: – baxın bir,
Bu gün ləkə yaxıb sinif yoldaşım.
Bizim ailə də ləkəni sevmir.
Nə anam, nə atam, nə də qardaşım.
Dedim: – duymamısan mənanı, bəlkə,
Axıtma gözünün büllur çeşməsin.
Yuyulub gedəcək paltardan ləkə,
Qoru, qoy adına ləkə düşməsin.

Hər birimizə balaca yaşlarından aşılanıb ki, çörəyin qədrini bilək. Hər hansı bir uy­ğunsuzluq, narahatlıq görəndə, hiss edəndə dərhal bizə irad tuturdular ki, “bala, çö­rə­yin qəd­rini bilin, aclıq yamandı! Darı cadı, arpa kömbəsi yemə­mi­si­niz, çöllərin otunu-ala­fı­nı qaynatmamısınız. Allaha ağır gedər, çörəyi ayaq altına atmayın. Biz onun çox kor­lu­ğu­nu çəkmişik!!!” Çörəyi ən müqəddəs nemət sayır, hətta onu “Quran”a bə­ra­bər tuturuq. Bəzən “çörək haqqı” deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çö­rəklə imtahana çəkilməməyi diləyir, ən hörmətli qonağı duz-çörəklə qarşılayırıq. Bəzən ya­xın, doğma birisinin haqsızlığıy­la üzləşəndə “səni gö­rüm çörək tutsun” deyə qarğış edil­mə­si bu müqqədəs nemətin hər şeyə qadir olduğuna işarədir. Və yaxud bağçayaşlı, mək­­təbli uşaq çörəyi yerə tökəndə, çörəyə hörmət qoymayanda başqaları tərəfin­dən mə­zəm­mətlənir və ya deyilir ki, “sən böyüyəndə çörək tapmayacaqsan”. Bu kimi fi­kir­lərimizin Nazlı Hacılı “Cəza” adlı uşaq şerində daha gözəl təsvirini yarat­mış­dır:

Əlindəki çörəyi
Qəzənfər yerə atdı.
Dedi: – Neynirəm bunu,
Köhnəlibdir, bayatdır.

Bunu görən qonşular
Məzəmmət etdi onu.
Görün bir necə bitti
Bu düşüncənin sonu.

Yatıb yuxuda gördü,
Çörək tapmır o andan.
Nəyi yemək istəyir,
Hamısı qaçır ondan.

Uşaq ədəbiyyatında həyatın bütün sahələri əks olunmalıdır. Həyat­da elə bir prob­lem yoxdur ki, uşaq ədəbiyyatında ona toxunmaq mümkün ol­ma­sın. Uşaq ma­raq­­­larını səngitmək, onu lazımi məcraya yönlən­dir­mək üçün uşaq ədə­­biyyatının xidməti əvəz­­­sizdir. Uşaqların maraq dolu suallarına cavabı Elbəyi Sadıqoğlunun şerində tapırıq:

– Baba, axı balıqlar
Quruda niyə gəzmir?
Bəs dənizdə gəmilər
Balığı niyə əzmir?

– Bala, axı balıqlar
Ayaqsızdır gəzəmmir,
Dənizdə yaşayanlar
Quruda da üzəmmir.

Dəniz sakit olanda
Balıqlar oynaşırlar,
Gəmini görən kimi
Qaçıb uzaqlaşırlar.
İndi bildin, balıqlar
Quruda niyə gəzmir,
Suda üzən gəmilər
Onları niyə əzmir?

Bizim milliliyimizi təmsil edən mərasimlərdən biri də çillə gecəsidir. Çillə ge­­cəsi 3 ay Novruz bayramına qalmış bir gecədir. Çillə gecəsindən sonra günəşli gün­­lər uzanır. Mərasimin ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qə­dim inanc­lara görə, hə­min gecə xeyir qüvvə (Axura Mazda) şər qüvvə (Əhrimən) ilə kəs­kin mübarizə apar­mış­dır. Bu mərasimin ən əhəmiyyətli atribut­la­rından bi­ri qarpızdır. Be­lə ki, hər ailə həmin ge­cə mütləq bir qarpız almalıdır. Cəviz hal­vası, kök (həvic) halvası, paxlava, gü­nə­ba­xan toxumu, meyvələr və şirniyyatlar bu gecə süf­rə­də olmalıdır. Ancaq düşünürsən ki, artıq balaca uşaqlar “milax asmaq”, “qovut” kimi sözlərin mahiyyətini unutmaq üzrə ol­salar da, İbrahim Yusifoğlunun “Çillə ge­cə­si” adlı uşaq şerində bu ifadələrin mahiyyətini an­la­yarlar. Şeir milli ruhumuzu oxşayan bir şerdir:

Qonaq gəlmişik
Biz babamgilə.
Axı bu gecə
Çillədi, çillə.

Saatlar, anlar
Xoş keçəsidi,
Bu gün ən uzun
Qış gecəsidi.
Nənəm süfrəyə
Gör nələr düzüb,
Milaxdan armud,
Üzümü üzüb.

Bir-bir seçibdi
Alma-heyvanı,
Ətri bürüyüb
Evi, eyvanı.

Küncüd qatıbdı
Qoza, badama,
Çox ləzzət verir
Dadı adama.

Babam saxlayıb
Çillə qarpızı,
Çəkisi bir pud
Olardı azı.

Qarpızı kəsib
Dilim eylədi,
Bizə paylayıb
– Yeyin, söylədi.

...Mahnı oxuyub,
Şeirlər dedik,
Doşab qatılmış
Qovutdan yedik...

Yekun olaraq qeyd edək ki, uşaq şeirləri gələcəyimiz olan övladlarımızın təlim-tər­bi­yə­si işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına, uşaq marağına müvafiq yazılmış müvəffəqiyyətli əsərlərdir. Yazıçı və şairlərimizi son dərəcə çox həssas olan uşaqlar üçün daha çox əsərlər yaz­ma­ğa çağırır və bu yazını böyük rus pedaqoqu V.Q.Belinskinin fikri ilə bitirmək istərdik: “Yazın, uşaq­lar üçün yazın, ancaq elə yazın ki, onu yaşlılar da eyni zövqlə oxuya bilsin və oxu­yar­kən xəfif bir xəyal içində öz gözəl uşaqlıq illərini yad etsinlər.”

Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR