Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatına, elminə, mədəniyyətinə bir çox sanballı şəxsiyyətlər, elm xadimləri, yazıçılar, ədəbiyyatşünaslar bəxş etmişdir. Həmçinin Naxçıvan mühitini formalaşdıran bu şəxsiyyətlər mühitin inkişafında misilsiz rol oynamışlar. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan maarifçilik ideyalarının reallaşdırılması bu dövr Naxçıvan ədəbi mühitini formalaşdıran sənətkarlarımızın və maarifçi yazıçılarımızın məqsədinə çevrilmişdir. Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid bu amal uğrunda mübarizə aparan sənətkarlardır. Müstəqillik illərində Naxçıvan böyük inkişaf yolu keçmiş, Azərbaycanın elm, mədəniyyət, maarif və sənaye mərkəzinə çevrilmişdir. Bu illərdə Naxçıvanda, hər sahədə olduğu kimi, mədəni sahədə də yüksək inkişaf müşahidə olunmaqdadır. Bu inkişaf mühitin ziyalı və şairlərinin yaradıcılığında da özünü göstərir. Naxçıvan ədəbi mühitində yazıb-yaradan sənətkarların əsərlərində müstəqillik və vətənpərvərlik ideyalarının ön plana çıxması dediklərimizi sübut etməkdədir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Ali Məclisin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir: “Hər bir xalqın həyatında ədəbiyyatın, bədii söz sənətinin mühüm yeri və rolu vardır... Ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən ümummilli liderimiz hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını bir nömrəli vəzifələr sırasına çəkmişdir” .
“Müstəqillik dövrünün özünəməxsus ədəbiyyatı olmalıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, “bu dövr əvvəlki dövrlərdən tamamilə fərqlənir. Əsas fərq bundan ibarətdir ki, Sovetlər Birliyi dövründəki kimi indi ədəbiyyatın üzərində senzura yoxdur. Müxtəlif mövzular üzrə dövlət sifarişləri aradan qaldırılmış, mövzu seçimində tam sərbəstlik verilmişdir. İkinci fərq budur ki, bu gün bədii yaradıcılıqda “Vətən” anlayışı öz real məzmununa qovuşmuş, Azərbaycan müstəqil dövlət olmuşdur. Əgər əvvəllər şair və ya yazıçı “Vətən” deyərkən fikrində xəyali sərhədlər cızır və ya keçmiş Sovetlər Birliyini nəzərdə tuturdusa, bu gün real sərhədlər hüdudunda müstəqil Azərbaycanımız – öz doğma Vətənimiz mövcuddur”.
Ali Məclisin Sədri həmçinin qeyd etmişdir: “Bəzən polemika açılır ki, müstəqillik dövrünün ədəbiyyatı necə olmalıdır? Bu dövrün ədəbiyyatı, birinci növbədə, vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir”.
Yaradıcılığının bütün mahiyyətini Azərbaycançılıq, vətənpərvərlik, Vətənə sevgi motivləri üzərində quran istedadlı sənətkarımız Məmməd Araz belə söz ustadlarından idi. Onun “Bizi Vətən çağırır” (1992), “Ayağa dur, Azərbaycan” (1992), “Ata millət, Ana millət, ağlama” (1992) kimi şeirləri bu qəbildəndir. Müstəqillik illərində yazıb-yaradan sənətkarların əsərlərinə diqqət etsək, görərik ki, onlar bu illərdə düşüncələrini, dərdlərini, tələblərini, arzularını aşkar ifadə edə biliblər.
Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və müstəqillikdən sonra keçdiyi uğurlu yol, Vətənin tərənnümü poeziyamızın əsas mövzusuna çevrilmişdir.
Naxçıvanda yazıb-yaradan Hüseyn Razi də Naxçıvanın, həmçinin ölkəmizin ədəbi-mədəni və ictimai həyatında fəal iştirak etmiş, onun bu mövzularda şeirlər çap olunmuşdur. 1980-1990-cı illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr də Hüseyn Razi poeziyasında öz əksini tapmışdır. Ömrünün son illərində sanki əvvəllər yaza bilmədiklərini söyləməyə fürsət tapan Hüseyn Razi bu şeirlərinin çoxunu son kitabı “Gözün aydın”da toplamışdır:
Başqa səfası var bu yerdə yazın,
Gur Arpa çayının, sakit Arazın,
Əsrlər keçsə də, əcdadımızın
Minbir nişanəsi Naxçıvandadır.
Yaxud Muxtar Qasımzadənin “Əshabi-Kəhf”, “Oğlan qala, qız qala”, “Duz saray”, “Əlincə”, “Gülüstan”, “Bəkir oğlu Əcəmi”, “Babək qalası”, “Cavidin məqbərəsi önündə düşüncələr” və digər şeirləri, xüsusilə “Gəmiqaya” poeması Azərbaycanımızın, həmçinin qədim Naxçıvanımızın məşhur tarixi və mədəniyyət abidələrinin şan-şöhrətinin tərənnüm və vəsfinə həsr olunmuşdur:
Qorunub həmişə Yer kürəsində,
Yaşayır hər kəsin öz nəfəsində.
Ürəyin məhəbbət xəritəsində,
Ən böyük dövlətdir Vətən sevgisi.
Naxçıvanda öz bədii üslubu ilə tanınan şairlərdən biri də Asim Yadigardır. Onun “Azərbaycan bayrağı”, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq”, “Darıxan məzarlar” və sair şeirlərində vətənpərvərlik ideyaları əsl vətəndaş yanğısı ilə təbliğ olunur:
Vətəndir dünyada hər şeydən əzəl,
İlk sevgim, son sevgim, bu yurd, bu torpaq.
Məndən inciməsin sevdiyim gözəl,
Vətəni sevmişəm mən ondan qabaq.
Bədii yaradıcılığının əsasını Naxçıvan mövzusu təşkil edən sənətkarlardan biri də Elman Həbib olmuşdur. “Vətən olsa, biz varıq, Vətən yoxsa, biz heç nə!”, – deyən sənətkar, Azərbaycanın keçmişi, bu günü haqqında yazdığı şeirlərində vətənpərvər şair kimi çıxış etmişdir:
Qədiməm, uluyam, dünyaya tayam...
Qərbdən Şərqə kimi mən odam, suyam.
Bir canda yaşayan o tay, bu tayam.
Bir eləm, bir ürək, bir qəlbəm, canam...
Mən Azərbaycanam, Azərbaycanam.
Naxçıvanın bugünkü inkişafını, tərəqqisini özündə əks etdirən şeirləri ilə müasir Naxçıvan ədəbi mühitində tanınan şairlərdən biri də İbrahim Yusifoğludur.
Gəzirəm qoynunu hey qarış-qarış,
Nura boyanırsan doğulanda dan.
Hər yanda yüksəliş, hər yanda yarış,
Bu nəğməm sənədir, doğma Naxçıvan! –
bəndinin müəllifi şeirlərində Naxçıvanın tərəqqisini, yüksəlişini rəssam ustalığı ilə təsvir etmişdir.
Naxçıvan ədəbi mühitində öz sözünü deməyi bacaran Vaqif Məmmədovun “Vətən sığır ürəyimə” şerində isə Vətənə, millətə olan sonsuz sevgi, sonsuz məhəbbət hissləri oxucunu riqqətə gətirir, onu Vətənin vətəndaşı olmağa çağırır:
Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir…
“Azərbaycan”, “Azərbaycan bayrağı”, “Harda Azərbaycan bayrağı qalxsa”, “Naxçıvanım mənim”, “Xalqım” və sair şeirlərində Vətəni tərənnüm edən şairimiz Xanəli Kərimli bu şeirlərində Azərbaycanın keçdiyi kəşməkəşli yolu sənətkarlıqla təsvir etməyi bacarmışdır. Onun “Naxçıvanım mənim” şeri də bu baxımdan diqqət çəkir:
Naxçıvanım – şanım mənim!
Qəlbimin şah damarında
Axan təmiz qanım mənim!
İftixarım, şərafətim,
Basılmaz ad-sanım mənim!
Gənc şair Elxan Yurdoğlunun “Sən sevgilim, sən anamsan” adlı şerində isə Naxçıvanın keçmişi, bu günü, gələcəyi özünəməxsus üslubda təsvir olunmuşdur. Nuhun diyarı Naxçıvanın tarixin sınaqlarına sinə gərməsi və bu sınaqlardan üzüağ çıxması şairin bu şerinin ana xəttini təşkil edir:
Sən ki mənim Nuh babamın
Süfrəsinə duz vermisən.
Danışanda susub tarix –
Tarixə sən söz vermisən.
Bütün əyri sualların
Cavabını düz vermisən,
Öndən gedib iz açmısan,
Arxanca yeriyib zaman,
Naxçıvan!
Dahilər yurdu Naxçıvan tarixin sınaqlarına mətanətlə sinə gərən ulu torpaqdır. Naxçıvanın keçmişi kimi, gələcəyi də şanlı yazılır; günbəgün inkişaf edən Naxçıvan ulduz kimi parlayır.
Nərgiz İSMAYILOVA