Dünən Naxçıvan şəhərindəki “Böyük bağ” Mədəniyyət və İstirahət Parkında Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən 1 avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü münasibətilə kitab sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə kitabxananın şöbə müdiri Arifə Hüseynzadə açaraq ümummilli lider Heydər Əliyevin dilimizin inkişafında, onun qorunub saxlanılmasındakı yorulmaz fəaliyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin “Hər bir azərbaycanlı öz Ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” kəlamını xatırladan şöbə müdiri sərgidə 300-ə yaxın müxtəlif məzmunlu ədəbiyyatın sərgiləndiyini qeyd edib.
Kitabxananın böyük kitabxanaçısı Vüsalə Cəfərova burada sərgilənən kitablar haqqında ümumi məlumat verib, müasir dövrdə Uşaq Kitabxanasının məktəblilərin və kiçikyaşlı oxucuların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında rolundan danışıb. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi uşaqların estetik zövqünün formalaşması ilə yanaşı, onların kitabxanalara olan marağını da artırır.
Qeyd edək ki, təşkil edilmiş sərgidə Naxçıvan şəhərindəki 1 və 7 nömrəli uşaq bağçalarının balaca fidanları, məktəblilər, habelə şəhər sakinləri iştirak ediblər.
Xəbərlər şöbəsi