Muxtar respublikamızda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrindən biri də Estetik Tərbiyə Mərkəzidir.
Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin əsas fəaliyyət istiqaməti uşaq və gənclərin mənəvi-estetik tərbiyəsinin yaxşılaşdırılması, bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaradılmasından ibarətdir. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin ünvanda olduq. Mərkəzin direktoru Elxan Məmmədov söhbət zamanı bildirdi ki, mərkəz 1990-cı ildən fəaliyyətə başlayıb. Bu gün dövlətimizin təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan Estetik Tərbiyə Mərkəzinə də pay düşüb, mərkəzin fəaliyyət göstərdiyi bina əsaslı təmir olunaraq 2004-cü ildə müəllim və şagirdlərin istifadəsinə verilib.
Müsahibim vurğuladı ki, mərkəzin kollektivi şəhər ümumtəhsil məktəbləri şagirdlərinin dərnəklərə cəlbini yaxşılaşdırmaq, onların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Mərkəzdə fəaliyyət göstərən 192 qrupa 1600 nəfər məktəbli cəlb edilib. Bu şagirdlərlə 62 ali təhsilli müəllim məşğul olur. Estetik Tərbiyə Mərkəzində 23 adda studiya fəaliyyət göstərir. Təlimata uyğun olaraq, avqust-sentyabr aylarında mərkəzdə qruplaşmalar aparılır, maraq və yaş xüsusiyyətlərinə görə uşaqlar studiyalara cəlb edilir. Uşaqların maraqlarına uyğun olaraq, bu studiyalarda onlara toxuma, tikmə, rəsm, aplikasiya, bədii qiraət, rəqs, solo ifa, vokal sənətinin sirləri öyrədilir, uşaqlarda xalq yaradıcılığına, milli dəyərlərimizə uyğun vərdişlər aşılanır. Keçirilən bayramlarda, el şənliklərində uşaqlar çıxış edir, qazandıqları vərdişləri nümayiş etdirirlər. Mərkəzdə tarixi və əlamətdar günlərdə tədbirlər keçirilməsinə böyük əhəmiyyət verilir. 15 sentyabr – Bilik Günü, 18 Oktyabr – Müstəqillik Günü, 9 Noyabr – Bayraq Günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəblilərlə birlikdə tədbirlər keçirilir, əl işlərindən ibarət sərgi təşkil edilir.
Elxan Məmmədov onu da qeyd etdi ki, məktəblilərin yay tətili günlərində onların asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzin “Yay tədbirlər planı” hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə və C.Naxçıvanskinin, C.Məmmədquluzadənin, H.Cavidin ev-muzeylərinə ekskursiyalar keçirilib.
Həmsöhbətim sonda onu da vurğuladı ki, uşaqların asudə vaxtlarının daha səmərəli təşkili üçün üzərimizə düşən hər bir işi layiqincə yerinə yetirməliyik. Sabahımız olan uşaqlara qayğı və diqqət hər bir dövlətin siyasətində önəmli yer tutur. Çünki hər bir xalqın, millətin gələcəyi uşaqlardır.
Sona MİRZƏYEVA