Həyatda elə böyük mütəfəkkirlər, ədəbi şəxsiyyətlər olub ki, onların həyatı, yaradıcılığı öz xalqının tarixi keçmişinin bir parçasına çevrilmişdir. Belə tarixi şəxsiyyətlərdən biri də ensiklopedik biliyə malik olmuş Abbasqulu ağa Bakıxanovdur. O, bir çox sahələrə aid maraqlı əsərlər yazmış, yaradıcılığı ilə bütün sahələrə çox yaxşı bələd olan mütəfəkkir kimi tanınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli Sərəncamında deyilir: “Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanovun tarixi fəaliyyətinə verilən böyük qiymət hesab etmək olar.
Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Tədbirlər Planının təsdiq edilməsi ümumazərbaycanmiqyaslı bu şəxsiyyətin fəaliyyətinin, yaradıcılığının öyrənilməsi və təbliğ olunmasını vacib vəzifələrdən biri kimi qarşımıza qoyur.
Abbasqulu ağa Bakıxanovun “Riyazül-Qüds”, “Qanuni-Qüdsi”, “Gülüstani-İrəm”, “Əsrarül-məlaküt”, “Təhzibül-əxlaq”, “Kəşfül-qəraib”, “Eynül-mizan” və başqa əsərləri onun bir sıra elm sahələrini çox gözəl bildiyindən soraq verir.
Abbasqulu ağa Bakıxanovun bədii əsərləri içərisində mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai, məsnəvi və sair formalarda yazılmış əsərləri, nəsihətləri, “Mişkatül-ənvar” adlı poeması, “Miratül-cəmal” adlı avtobioqrafik şeirləri vardır.
Abbasqulu ağa Bakıxanov özündən əvvəl yaşamış klassik Azərbaycan şairlərinin, eləcə də Şərq şairlərinin yaradıcılığına dərindən bələd olmuş, onların yaradıcılığından bəhrələnmiş, klassik şeir formalarından məharətlə istifadə edə bilmişdir. Rudəki, Nasir Xosrov, Qətran Təbrizi, Sənai Qəznəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, İmadəddin Nəsimi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi onlarla qüdrətli şairin yaradıcılığından bəhrələnən Abbasqulu ağa Bakıxanov didaktik əsərlərində, poemalarında bu şairlərin sənət yolunu ustalıqla davam etdirmişdir.
“Mişkatül-ənvar” poemasında biz şairin özünün həyata baxışını, dünyagörüşünü aydınca görə bilirik. Didaktik məzmuna malik olan bu poemada müəllif daha çox öyüd və nəsihətlərə yer ayırır. O, gənclərə üz tutaraq deyir:
Ey misilsiz cavan, çalış, hümmət eylə hər işə,
Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə.
Müəllif poemada zəmanə ilə bağlı fikirlərini poetik şəkildə oxucuya çatdıra bilir. Hiss olunur ki, ədib zəmanəsində haqsızlıqlarla üzləşmiş, ona görə də zəmanədən acı-acı şikayətlər etmişdir:
Günəş Şərqdən tulu edib çıxan zaman səhərlər,
Ürəyimi min əzaba düçar edir qəm, kədər.
Sübh kimi köynəyimi parça-parça edib mən,
Odlu ahlar çəkirəm bu yanıqlı ürəkdən.
A.Bakıxanovun poemasında müxtəlif hekayətlər verilir. Əsasən, tərbiyəvi mahiyyət daşıyan bu hekayətlər Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, Cəlaləddin Ruminin “Məsnəvi”, Marağalı Əhvədinin “Cami-cəm”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərlərini yada salır. Bu klassik əsərlərdəki didaktik nəsihətlər A.Bakıxanovun yaradıcılığına da xüsusi təravət gətirir. Həmin hekayətlərin birində deyilir ki, qaranlıq bir evdə doğulmuş uşaq evlərində bir ustaddan elm öyrənir. Uşaq şam işığından başqa, heç bir işıq tanımır. Müəllim nə qədər desə də ki, şamdan işıqlı Günəş var, uşaq ustada inanmayıb deyir ki, şamdan işıqlı heç nə ola bilməz:
Bir gün səhər çölə çıxdı, uşaq heyran dayandı,
O, Günəşi görən zaman bu sözlərə inandı.
A.Bakıxanov poemada yeri gəldikcə təmsillərdən, hekayətlərdən istifadə edir. A.Bakıxanova görə, zəmanənin hökmdarı ağıllı olsa, həmişə xalqının qayğısına qalsa, çətin gündə xalqı ilə bir olsa, onda o həm xoşbəxt, həm də ədalətli hökmdar kimi xalqı tərəfindən sevilər:
Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq,
Elə bir iş tutmalı ki, xalqa olsun o, layiq.
Ölkəsində qəddarlığa, zülmə etsə şah adət,
Heç bir zaman xalq içində hökm sürməz ədalət.
Şah bir etsə zülmü, onun xadimləri yüz edər,
Gedər elin iqtidarı, hörməti də tez itər.
A.Bakıxanov klassik şairlərin yolu ilə gedərək dövrünün, zəmanəsinin hökmdarlarına xalqa qayğı ilə yanaşmağı, ətrafına həmişə ağıllı, müdrik insanları yığmağı tövsiyə edir.
A.Bakıxanov bu poemasında, ilk növbədə, insanları xeyirxah işlər görməyə səsləyir. Onları nəfsinin qulu olmamağa çağırır:
Nəfsin elə bir ağacdır, zəhərlidir hər barı,
Cəhənnəmdən gətirilmiş bil ki, onun tumları.
“Miratül-cəmal” (“Surətin güzgüsü”) əsərində toplanan şeirlər həm də A.Bakıxanovun şəxsi həyatını və tərcümeyi-halını aydınlaşdırmaq baxımından əhəmiyyətlidir. “Xəyalın uçuşu”, “Avropa məclisi”, “Ərzi-əhval” və sair şeirlərdən ibarət olan bu əsərdə biz səadəti uzaqlarda deyil, ancaq doğma vətənində axtarmağın lazım gəldiyini oxuyur və ömrün bəxtəvərliyini xalqa xidmətdə, yaradıcı əməkdə görən müəllifin duyğu və düşüncələri, işıqlı fikirləri ilə tanış oluruq.
A.Bakıxanovun yaradıcılığı göstərir ki, o, klassik şairlərin ədəbi ənənələrini davam etdirməklə yanaşı, həm də yeni demokratik ədəbiyyatın banilərindən biri olmuşdur. Ədibin ədəbi irsini ciddi öyrənməklə biz Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi mütəfəkkir yazıçı və şairləri aydın dərk edə bilərik. A.Bakıxanovun yaradıcılığı sübut edir ki, o, Şərq ədəbiyyatına dərindən bələd olmaqla yanaşı, rus və dünya ədəbiyyatını da yaxşı öyrənmiş, yeri gəldikcə bu ədəbiyyatdan da bəhrələnmişdir. O, Krılovun bəzi təmsillərini Azərbaycan dilinə tərcümə etmiş, “Qurd və ilbiz”, “Tülkü və qoyun”, “Yersiz iftixar” adlı alleqorik əsərlər yazmışdır. “Qurd və ilbiz” təmsilində özünü yersiz öyən alma qurdunun ölümü onu göstərir ki, boş və mənasız ömür sürən lovğaların həyatı beləcə məhv olub gedir. “Tülkü və qoyun” təmsilində isə tülkünün bicliyi ucbatından qurdun güdaza getməsi, qoyun ilə itin dostluğu önə çəkilir.
Abbasqulu ağa Bakıxanovun mənzum məktubları, “Fatma tar çalır”, “Tatar nəğməsi”, “Gözəl yay” və başqa şeirləri sübut edir ki, o həm də lirik bir şair kimi duyğu və düşüncələrini axıcı bir dillə oxucusuna çatdıra bilmişdir. “Tatar nəğməsi” şeri axıcılığı ilə daha çox seçilmiş, dillər əzbəri olmuşdur:
Qalanın dibində durmuşdur yarım,
Əynində bahalı arxalığı var.
Qırmızı mahudun altından onun
Mavi rəng köynəyi gün kimi parlar.
…Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
A.Bakıxanovun qəzəlləri öz incəliyi ilə nəzər-diqqəti daha çox cəlb edir. Şərq poeziyasının klassikləri hesab olunan Xaqani, Nizami, Sədi, Hafiz, Nəsimi, Füzuli kimi ustadların qəzəl yaradıcılığındakı ənənələrini davam etdirən, qəzəllərini, əsasən, “Qüdsi” təxəllüsü ilə yazan şairin Azərbaycan və fars dillərində 140-a qədər qəzəli vardır. Bu qəzəllərə diqqət yetirəndə onun daha çox böyük Füzulidən bəhrələndiyi özünü açıq-aydın göstərir. Füzuli ədəbi irsinin A.Bakıxanova təsiri onun “Riyazül-Qüds” və “Kitabi-Əsgəriyyə” əsərlərində daha parlaq görünməkdədir.
A.Bakıxanovun qəzəllərinin əksəriyyətində, əsasən, azad eşq tərənnüm olunur. Lakin şairin bir sıra qəzəlləri də var ki, onlar dövrün ictimai-siyasi vəziyyətini və şairin dövrdən şikayətini özündə əks etdirməklə ədəbiyyatımızda ictimai məzmun daşıyan qəzəllər kimi tanınmaqdadır. Şairin qəzəlləri xanəndələrimiz tərəfindən də həmişə ifa olunmuşdur:
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə.
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş, saqi, yarım bu gecə.
Şairin başqa bir qəzəlində də biz gözəlin tərənnümünə rast gəlirik. Gözəlin daxili aləmi də zahiri kimi gözəldir:
Yol saldım onun zülfünə sevdası gözəldir,
Hər şeydən onun gün kimi siması gözəldir.
Hər acı sözü yarın olar qəndə bərabər,
Bəh-bəh, nə əcəb işvəsi, qovğası gözəldir.
Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən,
Bu bakılı Qüdsi deyir, ixlası gözəldir.
A.Bakıxanovun yaradıcılığında qəsidələrə, qitələrə, müxəmməslərə, rübailərə də rast gəlirik. Klassik şairlərin əksəriyyətinin yaradıcılığında klassik şeir şəkilləri daha çox işlənmişdir. Bu baxımdan A.Bakıxanovun “Bahar və xəzan” qəsidəsi mükəmməlliyi ilə seçilir. Qışın qoşunu bağları viran qoyur. Təbiətdə baş verən dəyişiklikləri şair elə gözəl təsvir edir ki, bunu sözlərlə çəkilmiş gözəl bir təbiət lövhəsi kimi göz önündə canlandıra bilərik:
Gəldi qış ləşkəri, ah, bağları viran etdi,
Tökdü gül paltarını, hər xolu üryan etdi.
Bülbülü saldı necə sevdiyi güldən ayrı,
Gülşəni Yusifin hicrində cigərqan etdi.
Şair bədii ifadə vasitələrindən bacarıqla istifadə edərək gözlərimiz önündə poetik lövhələr yaradır:
Yıldırım ağladı göydən gülə matəm tutaraq,
Buludu sərv qəmində gözü giryan etdi.
Nərgizin gözlərini yumdu əbəd xabi ilə,
Həm qərənfil tacını xakilə yeksan etdi.
Süsənə, sünbülə bax, tökdü üzə saçlarını,
Zülmdən nalə çəkib çaki giriban etdi.
Abbasqulu ağa Bakıxanov qitələrində qəsidələrindən fərqli olaraq, daha çox mənəvi təmizlik məsələlərinə toxunur. O, gəncləri elm dalınca getməyə, xalqı üçün xeyirli işlər görməyə çağırır:
Bir gecə gördüm, qoca öyüd verir oğluna,
Deyir: malu-dövlətə bel bağlama, amandır.
Get, bala, elmi öyrən, qulaq ver hər hikmətə,
Elmlə bu dünyada hər iş əqlə batandır.
Qüdsi bir şair kimi, alim kimi həmişə öz xalqına xeyir verməyə çalışdığı üçün oxucusunu da bu yola dəvət edir. “Aldanma, ey oğul, mala, şöhrətə, ağlınla hər çətinliyə qalib gəl”, – deyən şair insanları ədalət uğrunda mübarizəyə səsləyirdi:
Beləcə haqq yolunda çarpışan hər mərd insan,
Ya xalqına xeyir verər, ya bu yolda verər can.
Bilindiyi kimi, rübai klassik Şərq poeziyasının ən geniş yayılan şeir şəkillərindən biridir. Rudəkinin, Xəyyamın, Məhsəti Gəncəvinin, Əfzələddin Xaqaninin, Cəlaləddin Ruminin, Əmir Xosrov Dəhləvinin və digər klassik şairlərin rübailəri onu göstərir ki, hər bir dövrdə şairlər bu şeir şəklinə tez-tez müraciət etmişlər. Abbasqulu ağa Bakıxanovun da 40-dan artıq rübaisi vardır. Digər şairlərin yaradıcılığında olduğu kimi, Qüdsi də öz rübailərində dünya, kainat haqqında düşüncələrini, fəlsəfi fikirlərini rübailər vasitəsilə oxucularına çatdırmaq istəmişdir:
Əgər can nur isə, bu zülmət nədir?
Zülmətsə, bəs nurlu məhəbbət nədir?
Demək, var vücudda zülmət də, nur da,
İfrata varmaqda bu adət nədir?
Zəmanə ilə bağlı giley-güzarını da A.Bakıxanov rübailərində dilə gətirmişdir. Özündən əvvəl yaşamış şairlərin yaradıcılığında olduğu kimi, o da dünyanın vəfasızlığından, zalımlığından söhbət açır. Şair dünyada sevinclə kədərin qoşa olduğunu, bir-biri ilə bağlandığını dilə gətirərək deyir:
Dünyada bir yerdə olur şadlıq, qəm,
Şadlıq kədər ilə bağlanmış möhkəm.
Şadlıq keçən kimi qəm edər zühur,
Şadlıq zühur edər, qəmlər keçən dəm.
Görkəmli ədib Abbasqulu ağa Bakıxanovun bədii əsərləri içərisində “Nəsihətlər”i xüsusi yer tutur. Müəllif əsərin girişində yazır ki, qüdrətli Allahın köməyinə ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin. Müəllif uşaqlara üz tutaraq deyir: “Ey mənim əzizim! Sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışdır. Görmürsənmi ki, heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdirlər. İnsanlar arasında hər kəs çox bilikli və işbilən olsa, həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir”.
Müəllif nəsihətlərində insanları bir-birinə qarşı diqqətcil olmağa çağırır. İlk növbədə, gəncliyə elm və kamal dalınca getməyi tövsiyə edir. O yazır: “Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyüksə, ona hörmət elə, ta ki səndən kiçiklər də sənə hörmət etsinlər”.
A.Bakıxanov elmli, kamallı insanları yüksək qiymətləndirir, uşaqlara da elm öyrənməyi tövsiyə edirdi: “Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edirlər”.
Böyük mütəfəkkirin nəsihətləri xalq arasında geniş yayılmışdır. Adama elə gəlir ki, bu nəsihətlər min illər boyu xalqımızın yaddaşında yaşayan nəsihətamiz sözlərdir. Çünki o, bir yazıçı kimi öz sözünü müdrikcəsinə deməyi bacarmışdır. O yazır: “Yaxşı əməldən iki dəfə zövq alarsan, birincisi, onu edəndə, ikincisi, onun əvəzi sənə çatanda”.
A.Bakıxanovun doğma Azərbaycan dilində yazdığı “Kitabi-Əsgəriyyə” əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk povest adlana bilər. Bu əsərdə iki gəncin pak və səmimi eşqi tərənnüm edilir, bu saf məhəbbətə maneçilik törədən ictimai mühit, xurafat tənqid olunur. XIX əsrin birinci yarısında yaranmış bu əsər İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərindən əvvəl yazıldığı üçün biz A.Bakıxanovu müasir bədii nəsrimizin banisi kimi dəyərləndirə bilərik.
Göründüyü kimi, anadan olmasının 220 illiyini qeyd etdiyimiz Abbasqulu ağa Bakıxanov xalqımızın böyük alimi, şairi, yazıçısı, tarixçisi, coğrafiyaşünası, bir sözlə, ensiklopedik biliyə malik mütəfəkkiri kimi, Azərbaycan tarixində mühüm yer tutan görkəmli tarixi şəxsiyyətlərimizdən biridir. Zaman belə tarixi şəxsiyyətləri unutmadığı kimi, xalqımız da mütəfəkkir övladını heç vaxt unutmur.
Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri