25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Qızlar Liseyinin yanından keçirdim. Qadınların savadlanması uğrunda mübarizə aparan, mühitin ziddiyyətli fikirlərinə qorxmadan sinə gərən ziyalılarımız haqqında oxuduğum fikirlər yadıma düşdü.
Maarifçilərimiz həmişə xalqın, xüsusilə qadınlarımızın savadlanması istiqamətində tədbirlərlə çıxış edirdilər ki, bu da bugünkü parlaq gələcəyimizin formalaşması yolunda ilk addımlar idi. Bildiyimiz kimi, Azərbaycan qadını tarixən müdriklik, müqəddəslik simvolu olub, iti zəkası,uzaqgörənliyi və qəhrəmanlığı ilə tariximizdə iz qoyub: XII əsrdə Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin xanımı Möminə xatın, Gəncədə yaşayıb-yaradan Məhsəti Gəncəvi, XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın, Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə, 1890-cı ildə Naxçıvanda dünyaya gözlərini açan Nazlı xanım Nəcəfova və daha neçələri…

Qadın anadır. Ana isə gələcəyimizin təməli olan körpələrimizin ilk müəllimidir, ilk tərbiyəçisidir. Bu səbəbdən qadınlarımızın savadlanması hər zaman çox vacib məsələlərdən biri olmuşdur. Bu mənada maarifçi ziyalılarımız Azərbaycan qadınının da təhsil almasına çalışmış və bu uğurda mübarizədən bir an belə, üz döndərməmişlər. Qadınlarımızın savadlanması uğrunda mübarizə aparan qadın maarifçilərimizdən olan Nazlı xanım Məmməd­ağa bəy qızı Tahirovanın adı xüsusilə qeyd edilməlidir. Nazlı xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin ilk məzunlarından оlmuşdur. Dövrün məşhur ziyalılarından olan Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərdən səkkiz il dərs alan Nazlı xanım bu illər ərzində elmin sirlərinə yiyələnmiş və müəllimlik peşəsinin parlaq nümayəndəsinə çevrilmişdir. Onun Bakıda təhsil almasından məmnun olan Mirzə Cəlil ona deyir: “Qızım, sən təhsil almısan, get Naxçıvana, qadınların maariflənməsinə çalış, cəsarətli ol, heç nədən qorxma!”
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Unudulmaz maarif fədaisi” adlı məqaləsində Nazlı xanım haqqında qiymətli məlumatlar vermişdir: “1912-ci ildə atasıgil Naxçıvana köçdüklərindən Nazlı xanım da Naxçıvana qayıdır. O, Naxçıvan şəhərində qızlar üçün məktəb açdırır və həmin məktəbdə dərs deməklə bərabər, həm də məktəbə müdirlik edir. 1917-ci ildə baş verən siyasi hadisələrlə əlaqədar məktəbin fəaliyyəti dayansa da, 1920-ci ildə Naxçıvan Maarif Komissarlığının nəzdində yaradılan qızlar məktəbində Nazlı xanım fəaliyyətini davam etdirir”.
Nazlı хanım Tağıyеv məktəbindən tanıdığı rəfiqəsi Ayna Sultanovanın köməyi ilə Naхçıvanda bir qadın klubu, bunun ardınca isə yеrli müəllimlərin hazırlıq məktəbində qızlar üçün хüsusi bölmə və Ordubadda qızlar məktəbi təsis etmişdir. Nazlı xanım teatrın gənc rejissoru Rza Təhmasibin dəstəyi ilə məktəbdə şagirdlərdən ibarət dram dərnəyi yaradır. 1921-ci ildə о, Naхçıvanda ilk dəfə qızlar tеatrının təsis оlunmasına müvəffəq оlmuşdur. Nazlı хanımın həyat yоldaşı Nəcəfqulu Nəcəfоv оnun maarifçilik idеyalarının həyata kеçirilməsinə dəstək göstərirdi. 1937-ci ildə Nazlı Nəcəfоvanın həyat yоldaşı həbs edilir. 1942-ci ildə Nazlı Nəcəfоva da “хalq düşməninin həyat yоldaşı” kimi Qazaхıstana sürgün еdilir. Qazaхıstanda оlarkən o, ailəni saхlamaq üçün fəhlə briqadasında işləməklə yanaşı, özünün pеdaqоji fəaliyyətini yеnidən bərpa еdir. 1946-cı ildə оna Azərbaycana qayıtmağa icazə vеrilsə də, 1949-cu ildən 1954-cü ilədək оna dоğma Naхçıvanda qalmağa icazə vеrilmir. 1959-cu ildə Naхçıvana qayıtdıqdan sоnra Nazlı Nəcəfоva yеnidən müəllimlik еtməyə başlayır. Nazlı xanım 1977-ci ildə Naxçıvanda dünyasını dəyişmişdir.
Təməli dəyərli maarifçilərimiz tərəfindən qoyulan qadınların savadlanması ideyası tarixin ağır sınaqlarından keçmişdir. Eynəli bəy Sultanovun, Cəlil Məmmədquluzadənin əsərlərində təbliğ edilən bu ideya, bu istək zamanla gerçəyə çevrildi. Naxçıvanda fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyi bu gerçəkliyə ən mükəmməl nümunədir. Məktəbdə yaradılan müasir şərait burada gələcəyin savadlı, bilikli qadınlarını yetişdirməyə geniş imkanlar açır.

Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR