25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən xalq teatrlarının muxtar respublika festivalı dünən başa çatıb.
Festivala bu il iyul ayının 18-də start verilmişdi. Festivalın son günü Babək Rayon Xalq Teatrı böyük dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını teatrsevərlərə təqdim edib. Qeyd edək ki, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da, muxtar respublikanın tanınmış kollektivlərindəndir. Teatrın son 5 ildə səhnəyə qoyduğu G.Fiqeyredonun “Ezop”, B.Vahabzadənin “Yollara iz düşür”, “İkinci səs”, M.Əlizadənin “Şeyx Rəhmətullah”, S.Axundovun “Məhəbbət nişanəsi” tamaşaları rəğbətlə qarşılanıb. Kollektiv “Ezop” tamaşası ilə muxtar respublikanın rayonlarında qastrol səfərlərində olub.
2012-ci ildə hazırlanan “Solğun çiçəklər” tamaşası kollektivin maraqlı səhnə əsərlərindəndir. Peşəkar teatrımız tərəfindən dəfələrlə səhnəyə qoyulan bu tamaşa xalq tea­trı­nın ifasında maraqlı səhnə təcəssümü ilə teatrsevərlər tərəfindən rəğbətlə qarşılandı. Səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Elnur Rəhimovdur.

Tamaşanın əsas obrazlarından olan Bəhram rolunun ifaçısı Firdovsi Səfərov bu surətin tərəddüdlü, məhəbbəti nifrətə, nifrəti məhəbbətə çevrilən, bu iki bir-birinə zidd hiss arasında qalan xarakterini tamaşaçıya çatdıra bildi. Əsərin əvvəlində məhəbbəti üçün hər şeyə hazır olan Bəhram tamaşanın sonunda başqa bir obrazdır.
Bəhramın sevgilisi Sara rolunun ifaçısı Vüsalə İsmayılova da öz rolunu təbii və canlı təqdim edir. Məhəbbətin acı qurbanına çevrilən bu obraz tamaşaçıların yadında qalır.
“Solğun çiçəklər” tamaşasında Stella Babayevanın (Gülarə), Şölə Novruzbəylinin (Pəri), İsmayıl Qurbanovun (Əbdül) da təbii ifaları əsərin təsir gücünü tamaşaçıya çatdırmaq baxımından diqqəti cəlb edir. Bu səhnə əsəri göstərdi ki, xalq teatrlarımız dramatik tamaşaları da uğurla oynaya bilərlər.
Festivalın sonunda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirdi ki, bu cür festivalların keçirilməsi teatra həvəs göstərən, yaradıcılıq qabiliyyəti olan insanların istedadının aşkara çıxarılmasında və formalaşmasında böyük əhəmiyyət daşıyır. Öz qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək baxımından da bu festival xalq teatrları üçün faydalı oldu. Həmin kollektivləri geniş ictimaiyyətə tanıtmaq baxımından da bu tədbirin əhəmiyyəti az deyil. Geniş ictimaiyyət qarşısında çıxış etmək üçün repertuar zənginliyinə diqqət yetirməyi vacib bilən nazir çıxışının sonunda xalq teatrlarına yaradıcılıq uğurları arzuladı və kollektivlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomlarını təqdim etdi.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR