Naxçıvan tarixin müxtəlif dövrlərinə aid tarix və mədəniyyət abidələri ilə zəngindir. Azərbaycan xalqı öz müstəqilliyinə qovuşduqdan sonra milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində xeyli işlər görülmüşdür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında görülən işlər xüsusilə təqdirəlayiqdir. Milli-mənəvi dəyərlərimizin bir parçası olan tarix və mədəniyyət abidələrinin tədqiqi, bərpası və qorunması həmişə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət mərkəzində olmuşdur.
Qeyd etmək lazımdır ki, bu abidələr yalnız Azərbaycan tarixinin öyrənilməsi üçün deyil, həmçinin ümumdünya tarixinin öyrənilməsi üçün də əhəmiyyətlidir. Belə abidələrdən biri də Culfa rayonundakı Əlincəqala abidəsidir. 11 fevral 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanmışdır.
Sərəncamda deyilir: “Əlincəqala tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamından sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlamışdır. İki aydan artıqdır ki, Əlincəqalanın bərpasına başlanmışdır. Özünəməxsus arxitekturası olan qalanın bərpası həm şərəfli, həm də məsuliyyətli bir işdir. İyulun 14-də Əlincəqalada aparılan elmi-bərpa işləri ilə tanış olmaq üçün akademik İsmayıl Hacıyevlə birlikdə yenidən qalaya getdik. İlk baxışdan aydın olurdu ki, elmi-bərpa işlərinə başlamaq heç də asan olmamışdır. Məlum olduğu kimi, qalanın iki əsas girişi olmuşdur. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilmiş və Əlincə dağının müəyyən hissəsinə qədər, daha doğrusu, qala istehkamlarına qədər torpaq yol çəkilmişdir. Dağın müəyyən hissəsinə yol çəkilsə də, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılır. Bərpa işlərinə yüzdən artıq işçi cəlb edilmişdir ki, onlar da sahə rəhbərlərinin göstərişi ilə təmir və bərpa işlərini davam etdirirlər. Qalanın üstü nəhəng bir tikinti meydançasını xatırladır. Xeyli işçi qüvvəsi cəlb edilməsinə baxmayaraq, sakit və ahəngdar mühitdə davam edən iş göz oxşayır. Az bir müddət keçməsinə baxmayaraq, xeyli bərpa işləri görülmüş, qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmışdır. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə edilmişdir. Təmir və bərpa işlərinə rəhbərlik edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərmiş, həmçinin bu əvəzedilməz abidənin neçə min il bundan əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olmuşlar. Qalanın üzərində yerləşən binaların təmizlənməsi nəticəsində onların ilkin forması müəyyənləşdirilmişdir. Bərpa və təmizləmə işlərindən sonra məlum olmuşdur ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə ictimai bina kimi istifadə olunmuşdur. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilmişdir. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunmuşdur. Bir-birinin yaxınlığında yerləşən mənzillər, başlıca olaraq, birotaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkar olunmuşdur. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə çıxarılmışdır.
Bərpa işləri zamanı torpaq altında qalan xeyli bina aşkar olunaraq təmizlənmişdir. Ümumiyyətlə, ilkin işlər qalada yaşayış sahəsinin olduqca böyük olduğunu göstərir. Mənbələrin məlumatına görə, qalada altı yüz döyüşçünün sığınması üçün şərait olmuşdur. Böyük ictimai binalar ərzaq ehtiyatı saxlamağa imkan vermişdir. Suya olan tələbatı ödəmək üçünsə su hovuzlarından və kəhrizlərdən istifadə olunmuşdur. Hovuzlarda suyu toplamaq üçün sərt qayaların üzəri ilə kiçik kanallar açılmışdır. Hovuzlardan bəzisinin uzunluğu 20 metr, eni 5 metrə yaxındır. Bəzi hovuzların dərinliyi 3 metrdir. Yaz aylarında yağış çox yağanda bəzən suyun hamısını hovuzlarda toplamaq olmurdu. Buna görə qala sakinləri yeraltı suları idarə etmək üçün səy göstərmiş, qalanın bəzi hissələrində yeraltı suları üzə çıxarmağa nail olmuşlar. Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın şərq tərəfində aşkar olunan kəhrizlər də suya olan tələbatın ödənilməsi üçün mühüm rol oynamışdır. Bu kəhriz indi də kənd sakinləri tərəfindən istifadə edilməkdədir. Lakin isti yay günlərində bəzən hovuzların və kəhrizlərin suyu quruyur. Ehtimal ki, Əlincəqalanın sakinləri yeraltı yollar vasitəsilə Xanəgah kəndindəki su mənbələrindən də yararlana bilmişlər.
Bənzərsiz və özünəməxsus müdafiə sistemi olan Əlincəqalanın bərpası tariximizin bərpası deməkdir. Qala divarları və yaşayış binaları birbaşa qayanın üzərində inşa olunduğundan seysmik baxımdan olduqca davamlı və təhlükəsizdir. Divarların inşasında istifadə olunan inşaat materialları onların tarixin müxtəlif mərhələlərində bərpa olunduğunu təsdiq edən maddi sübutdur. Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinin istinadgahı olmuş Əlincəqala monqolların və teymurilərin zamanında xüsusilə dağıntıya uğramış və yenidən bərpa olunmuşdur. Mənbələrin məlumatına görə, Atabəy hökmdarı Özbək Xarəzmşahların yürüşü zamanı qalaya sığınıbmış. Onu Əlincəqalanın yaxınlığında dəfn ediblər. Tədqiqatçılar belə hesab edirlər ki, Əlincəqala yaxınlığında “Özbək yeri” adlanan ərazi Atabəy hökmdarının dəfn olunduğu yerdir. Çox təəssüf ki, vaxtilə Xanəgah kəndi yaxınlığında mövcud olan zəngin kitabəli qəbir abidələrindən əsər-əlamət qalmamışdır. Amma tarixi hadisələrin şahidi olan, neçə cahangirlərə sinə gərən Əlincəqala hələ də öz möhtəşəmliyini qorumaqdadır.
Əlincəqalanın Əmir Teymura qarşı on dörd il müqavimət göstərməsi tariximizin şanlı səhifələrindən biridir. Bəzi mənbələr göstərir ki, Hindistana yürüşdən geri qayıdarkən Əmir Teymur artıq tərk edilmiş qalaya daxil olur və onun möhtəşəmliyinə heyran qalır. Əlincəqala yazılı qaynaqlarda VI əsrdən etibarən xatırlanmışdır. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur.
Kastiliya kralının Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir”.
Əlincəqalada bərpa və təmir işləri davam etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikamızda Əlincəçay xanəgahı, İmamzadə, Qarabağlar memarlıq kompleksləri, Möminə xatın, Yusif Küseyiroğlu kimi türbələr, Əshabi-Kəhf ziyarətgahı, Ordubad buzxanası və onlarla digər abidələr bərpa edilərək tariximizə və mədəni irsimizə qazandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra muxtar respublika ərazisində 1200-dən artıq abidə qeydə alınmışdır. Hazırda Naxçıvan ərazisində olan onlarla arxeoloji abidədə tədqiqatlar aparılmaqdadır.
Mədəni irsimizin öyrənilməsindəki bu uğurlar muxtar respublika rəhbərinin uğurlu və məqsədyönlü sosial-iqtisadi siyasətinin nəticəsidir. Əminik ki, yaxın illər ərzində minillik tariximizdən xəbər verən digər abidələrimiz də bərpa edilərək milli-mədəni irsimizə qovuşdurulacaqdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü