25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalında qardaş Türkiyə Respublikasından olan rəssamlar da iştirak etmişlər. Türkiyənin nüfuzlu “ortakses.com” informasiya portalında beynəlxalq rəsm festivalı haqqında informasiya verilmişdir. Həmin məlumatı oxucularımıza təqdim edirik.

“Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı keçirilmişdir

Ən qədim dövrlərdən bəri Azərbaycan torpağı olan Naxçıvan dünyanın tanınmış mədəniyyət ocaqlarından biridir. Bu ərazidə istər ən qədim dövrlərdən qalan, istərsə də yaxın keçmişdə ərsəyə gətirilən bənzərsiz sənət əsərləri bir çox ölkələrdə yaxşı tanınır. Azərbaycan torpağı tarixin bütün dövrlərində dünya sivilizasiyasına çox dəyərli şəxsiyyətlər bəxş etmişdir. Naxçıvan isə hər biri Azərbaycan xalqının milli sərvəti olan tarixi abidələrlə zəngin bir diyardır.

Azərbaycan xalqının yaratdığı bu mədəniyyət inciləri görənləri heyran qoyur. Bu inciləri yaratmaq nə qədər çətindirsə, onları qoruyub saxlamaq və nəsildən nəslə ərməğan etmək də bir o qədər asan məsələ deyil. Muxtar respublikada digər mədəniyyət nümunələri kimi, memarlıq abidələrinin də qorunub saxlanılması üçün böyük zəhmət sərf edilmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi bu əsrarəngiz diyarda “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalını təşkil etmişdi.

Festivala 7 ölkədən 33 rəssam gəlmişdi. Naxçıvanda qonaq olan sənətçilər festivala ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymaqla başladılar. Daha sonra rəssamlar Heydər Əliyev Muzeyini ziyarət etmiş, muzeydə sərgilənən eksponatlarla tanış olmuşlar. Muzey işçiləri ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat vermişlər. Fırça ustaları Naxçıvan Dövlət Xalça, Tarix və Açıq Səma Altında muzeylərlə tanış olmuş, Möminə xatın türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Nuh Peyğəmbərin türbəsini ziyarət etmişlər.
Mayın 22-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının açılışı olmuşdur. Mayın 23-də isə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda iştirak edən rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi təşkil olunmuşdu. Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişlər.
Festivalda iştirak edən rəssamlara xatirə plaketləri və müxtəlif hədiyyələr təqdim olunmuşdur. Həmin gün rəssamlar Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin muzeyini də ziyarət etmişlər. Günün ikinci yarısında isə Naxçıvan Dövlət Universitetində gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR