25 Dekabr 2024, Çərşənbə

Zərgərlik metalişləmə sənətinin başlıca sahələrindən olub, qədim tarixə malik sənət növüdür.
Naxçıvanda zərgərliklə bağlı ilkin arxeoloji materiallar Eneolit dövrünə (e.ə. VI-V minillik) aid arxeoloji abidələrdən aşkar edilmişdir. Bu dövrdən başlayaraq cəmiyyət həyatında əkinçiliyin, maldarlığın intensiv inkişaf etməsi nəticəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da ilkin sənətkarlıq vərdişləri yaranmışdır. Metalişləmə ilə məşğul olan insanlar (qədim sənətkarlar) əqiq, pasta, firuzə və sair kimi qiymətli daşlarla misdən muncuq və iynələr düzəltmişlər.

Naxçıvanın Eneolit dövrü abidələrindən (I Kültəpə, Ovçular təpəsi) tapılmış arxeoloji materiallardan bir qrupunu bəzək əşyaları təşkil edir. Qədim diyarımızda Erkən Tunc dövründən etibarən metalişləmə sənəti inkişaf etməyə başlamışdır. II Kültəpə abidəsinin Erkən Tunc dövrü təbəqəsindən tapılan metaləritmə sobasının və metalişləmə emalatxanasının qalıqları bunu sübut edir. Bu dövrdə metalişləmənin inkişafı zərgərliyə də təsir etmişdir. Sənətkarlar tərəfindən tuncdan üzük, bilərzik və digər bəzək əşyaları düzəldilmişdir. Orta Tunc dövründə sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində zərgərlik daha da inkişaf etmiş, belə əşyaların çeşid və keyfiyyəti artmışdır. Buraya müxtəlif formalı bilərziklər, halqalar, sırğalar, muncuqlar və digər bəzək əşyaları daxildir. Qızılburun, Şahtaxtı, Çalxanqala, II Kültəpə abidələrindən tapılan Orta Tunc dövrünə aid bəzək əşyaları fikrimizi sübut edir. Son Tunc-Erkən Dəmir dövründə insanların həyat tərzində, məşğuliyyət və sənətkarlıq sahələrində əmələ gəlmiş dəyişikliklər zərgərliyə də təsir etmiş, əvvəlki dövrün bəzək əşyaları ilə müqayisədə daha mükəmməl məhsullar düzəldilmişdir. Onların keyfiyyəti və çeşidləri daha da artmışdır. Bu dövrün arxeoloji materiallarını müqayisəli şəkildə öyrənərkən məlum olur ki, Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın zərgərlik məhsullarından olan bəzək əşyaları baş bəzəkləri (alınlıq, saç boruları, sırğalar və sair), sinə və ya boyun bəzəkləri (asmalar, boyunbağılar və digər), geyim bəzəkləri (düymələr, sancaqlar, piləklər), qol bəzəkləri (üzük, bilərzik və başqaları), ayaq bəzəkləri (halqalar) olmaqla bir neçə qrupa bölünür. Muncuqlardan istər baş, istərsə də qol, sinə və geyim bəzəklərinin bəzədilməsində geniş istifadə edilmişdir. Onlar əqiqdən, pastadan, firuzədən, dentalium, sprea, konustipli dəniz heyvanlarının qabığından, tuncdan və dəmirdən silindrik, diskşəkilli, şarbiçimli, xırda doğranmış formada düzəldilmişdir. Bu dövrün bəzək əşyalarında həndəsi ornamentlərlə yanaşı, zoomorfornamentlərdən, müəyyən süjetli rəsmlərdən də istifadə edilmişdir. Sarıdərə, Kolanı, Muncuqlutəpə, Qızılburun abidələrindən əldə olunmuş quş fiquru formasında düzəldilmiş asma bəzəklər, Qızılburun nekropolundan tapılmış ilanvari başlıqlı boyunbağı və bilərziklər, Qarabağlar nekropolundan aşkar edilmiş sancaqlar, tunc kəmər bu tip arxeoloji materiallardan olub, maddi mədəniyyətimizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edirlər. Naxçıvanda zərgərlik orta əsrlər zamanından məktəb kimi formalaşmışdır. Zərgərlik məhsullarının düzəldilməsində kəsmə, xatəmkarlıq, fleqran, basma, qravüra, tökmə, döymə üsullarından istifadə edilmişdir. Orta əsrlər dövründə Naxçıvan zərgərlik məktəbində minasazlıq üsulunun ən çətin və maraqlı sahələrindən biri olan pərdəli mina geniş yayılmışdır. Xüsusilə bu dövrdə xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrinin üzərləri bəzək əşyaları ilə bəzədilmişdir. Orta əsrlər dövründə Naxçıvan zərgərləri tərəfindən düzəldilmiş yerli zərgərlik məktəbinə məxsus bəzək əşyalarından bir qrupunun (qarabatdaq, çəçik, silsilə, sərmə, gərdənbağı, sinəbənd, gərdənbənd) şöhrəti dillər əzbəri olmuş, öz gözəlliyi ilə dünyada tanınmışdır. Tarixi mənbələr sübut edir ki, XIX əsrdə Naxçıvan Azərbaycanın başlıca zərgərlik mərkəzlərindən biri olmuşdur.

Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR