25 Dekabr 2024, Çərşənbə

Elə insanlar var ki, onlar həyatda seçdiyi sənətə o qədər vurğun olurlar ki, onların övladları da bunu görüb o adamların davamçısı olurlar. Nəticədə, bir sənətin, peşənin nəsildən-nəslə ötürülməsi ənənəsi yaranır. Naxçıvan teatrında da bu gün bu ənənə yaşamaqdadır. Bu yazıda Xalq artisti Sofya Hüseynovadan danışmaq istəyirəm.

Naxçıvan teatrının canlı korifeyi, Xalq artisti Sofya Hüseynova 1926-cı ildə Bakı şəhərində anadan olub. Sofya xanım anası, Azərbaycan Respublikasının əməkdar artisti Xədicə Qazıyevanın sənət yolunu davam etdirib. Xədicə xanım 1920-ci illərdə Bakıda teatrda fəaliyyət göstərib. Elə həmin illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktrisalara çox ehtiyac vardı. Xədicə Qazıyevanın peşəkarlığı ilk illərdən teatrın truppasının işini xeyli asanlaşdırıb. Çünki uzun illər Bakıdakı teatrda olduğu kimi, Naxçıvan teatrında da qadın rolunu ya gənc kişilər, ya da qeyri millətlərin nümayəndəsi olan, Azərbaycan dilində danışmaqda çətinlik çəkən qadınlar oynayırdılar. 1923-cü ildə Naxçıvan teatrına dövlət teatrı statusu verilib.

Bundan sonra dövlət səviyyəsində teatra qayğı göstərilməyə başlanıb. Muxtariyyət illərində artıq Bakıdan qadın aktrisalar teatra dəvət alırdılar. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Həmin vaxtlar Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. Naxçıvan teatrında bu gün də davam edən qadın aktrisaların peşəkarlığının təməli məhz həmin illərdə qoyulub. İstedadı ilə seçilən aktrisanın ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra o, Cəfər Cabbarlının “Sevil” əsərində Edilya, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Xumarı yaradıb. Maraqlı burasıdır ki, onun oynadığı rolların sayı 200-ə çatır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir. Elə Sofya xanım da anasının ciddi təkidi ilə 1942-ci ildə peşəkar aktrisa ömrünü Naxçıvan teatrına bağlayır. Amma Sofya xanım deyir ki, anam məni hələ 3 yaşım olanda teatra aparıb. Orada C.Cabbarlının “Sevil” tamaşasında balaca Gündüzün sözsüz səhnələrini oynamışam. Deməli, 3 yaşımdan səhnədəyəm.
İlk peşəkar rolu isə Səməd Vur­ğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı olub. Sonradan, Böyük Vətən müharibəsi illərində ailə vəziyyəti ilə bağlı Bakıya getməyə məcbur olub. Amma 1955-ci ilin yaradıcı­lıq mövsümündə naxçıvanlı tamaşaçılar onu yenidən doğma səhnədə İslam Səfərlinin “Göz həkimi” pyesində Nərminə rolunda görürlər. Öz zahiri görünüşü və Xədicə xanımdan heç də geri qalmayan istedadı onu az zamanda naxçıvanlı sənətsevərlərin sevimlisinə cevirir. Aydın, səlis diksiyası, peşəkar səhnə davranışı, ən əsası, sərbəstliyi sonradan Sofya xanımın obrazlar silsiləsinin yaranmasına gətirib çıxarır. Dünya səviyyəli müasir və klassik dramaturqların əsərlərində yaratdığı maraqlı rollar həm də mürəkkəbliyi ilə seçilirdi. Amma təcrübəli aktrisa üçün bu, artıq adi hal idi. Ona görə də Baxşı Qələndərli, Miribrahim Həmzəyev, Vəli Babayev kimi rejissorlar məmnuniyyətlə öz tamaşalarında ona rollar təklif edirdilər. A.N.Ostrovskinin “Günahsız müqəssirlər”ində Kruçinina, “Cehizsiz qız”ında Larisa, gürcü A.Saqarellinin “Xanuma”sında Xanuma, Lope de Veqanın “Bostan iti”ndə Diana, S.S.Axundovun “Eşq və intiqam”ında Zəhra, Ü.Hacıbəy­ovun “O olmasın, bu olsun” əsərində Gülnaz, C.Cabbarlının “Sevil”ində Edilya, K.Ağayevanın “Məhsəti”sində Tərgül və sair rolların hamısı uğurla tamaşaçılara təqdim edilib. Sofya xanımın üstünlüyü rolları özününküləşdirmək bacarığı idi. Hər bir obrazın sanki daxili aləmini açır, onu olduğu kimi hissləri, düşüncələri ilə tamaşaçıya təqdim edirdi. Bu ustalığına görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layıq görülüb. Prezident təqaüdçüsü olan Sofya Hüseynova “Şöhrət” ordeninə də layiq görülüb.
Söhbətimizin əvvəlində bir nəsildə davam edən sənət ənənəsindən nahaq söhbət açmadıq. Ənənə bu ailədə də davam edir. Əgər Xədicə xanım səhnəmizə Sofya Hüseynovanı veribsə, Sofya xanım Azərbaycan teatr sənətinə Rafael Dadaşov və Rövşən Hüseynov kimi iki Xalq artisti bəxş edib.

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR