Avqustun 2-də Azərbaycan Kinosu Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Sarvan İbrahimov “Azərbaycan kinosu xalqımızın tarixinin salnaməsidir” mövzusunda çıxış edib. Bildirib ki, 116 il bundan əvvəl yaranan milli kinomuzda xalqımızın tarixi, milli-mənəvi dəyərləri, insan və onun cəmiyyətdəki mövqeyi başlıca mövzulardan olub. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, xalqın tarixini, milli adət-ənənələrini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən Azərbaycan kinosu milyonlarla insanın qəlbinə yol taparaq sevilən bir sənətə çevrilib. Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqünün formalaşmasında mühüm rol oynamaqla, milli ruhun qorunması işinə xidmət edir, yüksək tərbiyəvi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, milli kino sənətimiz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində əsl inkişaf və tərəqqi dövrünü yaşayıb. Bu dövr Azərbaycan kinosunun ən çox film istehsal olunan illəri kimi mədəniyyət tarixinə düşüb. Bu isə dahi rəhbərin kino sənətimizə, incəsənət və kino sahəsində çalışan insanlara göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub.
Müstəqillik illərində də kino sənətinə ulu öndər xüsusi qayğı və diqqət göstərirdi. Bu dövrdə ölkəmizdə “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı keçirilib, “Kinematoqrafiya haqqında” Qanun qəbul edilib.
Bildirilib ki, ümummilli liderimizin kino sənətimizin inkişafı ilə bağlı gördüyü işlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının “Kino sənətinin inkişafı haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı, “Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi bu işlərin ardıcıl və davamlı olduğunu göstərir. Ölkəmizdə kino sənətinin inkişafı üçün mühüm tədbirlər görülür, kinoya ayrılan maliyyə vəsaiti ilbəil artırılır, kino sənəti işçilərinə qayğı göstərilir.
Tədbirin sonunda son illərdə bərpa edilmiş “Arşın mal alan” filmi nümayiş etdirilib.
Əli RZAYEV