Mental dəyərlər hər bir xalqın tarixində onun milli pasportu missiyasını özündə ehtiva edir. Bu dəyərlər sonralar digər xalqların mədəniyyətlərinə daxil olsalar da, əsas ştrixləri məhz onların əsl sahibi olan xalqın mədəniyyətində zaman-zaman büruzə verir. Belə dəyərlərin içərisində xalçaçılıq sənəti mühüm yer tutur.
Azərbaycan məişətinin tərkib hissəsi olan bu sənətin qədim tarixi köklərə malik olduğunu göstərən faktlardan biri Naxçıvan şəhəri yaxınlığında yerləşən I Kültəpə arxeoloji abidəsindən tapılan iy ucluqlarıdır. Bundan əlavə, e.ə.V-IV əsrlərdə yaşamış yunan alimi Ksenefontun farsların məşhur Midiya xalçalarından istifadə etməsi haqqında məlumatı, Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş hana hissələri, yun ip qalıqları xalçaçılıq sənətinin miladdan öncəki dövrlərdən başlayaraq orta əsrlər dövrü də daxil olmaqla əsrlər boyu türk xalqlarının əsas məşğuliyyət növü olduğunu təsdiqləyir. Ərəb müəllifləri X əsrdə xalçaları ilə məşhur olan Xoy, Ərdəbil və Muğan şəhərləri ilə yanaşı, Naxçıvan şəhərinin də adını qeyd edirlər.
Təsadüfi deyil ki, monqollar Azərbaycana gəldikdən sonra buradan minlərlə xalça aparmışdılar. Bu da xalçaçılığın Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvanda orta əsrlər zamanında böyük inkişaf dövrü keçdiyini göstərən amillərdəndir. Bu dövrə aid xalçaların qədimliyi onlar üzərindəki ornamentasiyada daha qabarıq büruzə verir. Ornamentlər xalçaların toxunma tarixini və mənsubiyyətini göstərən əlamətlərdəndir.
İnsan ruhunun şəkil dili olan ornamentlər ilk baxışda sadə görünsələr də, əslində, dərin məna ifadə edirlər. İlk vaxtlar primitiv formada meydana çıxan bu simvollar qədim fəlsəfi düşüncənin miniatürləşmiş təzahür formasıdır. Sadə bir naxışdan dərin şifrələrədək yol qət edən bu işarələr bu gün petroqlif kimi tanıdığımız şəkli yazıların ilk rüşeymi olmuşdur. İnsanlar bu işarələr vasitəsi ilə öz düşüncələrini əvvəl qayalarda, mağaralarda, sonra isə hazırladıqları sənətkarlıq nümunələri üzərində ifadə etməyə çalışmışlar. Beləliklə, daşlardan keramikaya, oradan da xalçalara köçən ornamentlər, sadəcə, naxış deyil, insanların fikirlərinin şəkil dili olan petroqliflərdir.
Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılan xalçalardan birinin üzərindəki ornamentlər bu cəhətdən diqqəti daha çox cəlb edir. Xalçanın üzərində təsvir edilən “S”, “T” şəkilli piktoqramlar, spiral və buynuzşəkilli zoomorf təsvirlər, həmçinin romblar, bucaqlar, ziqzaqlar, dairələr və onların interyerindəki svastika işarəli ornamentlər Naxçıvanın Erkən Tunc dövrü keramikası üzərindəki piktoqramların məcmusunu özündə əks etdirir. Sanki bütöv bir əlifbanı ifadə edən bu ornamentlər dil açıb danışır.
Qeyd etmək lazımdır ki, bu işarələrin semantikası ilə bağlı Azərbaycan mifologiyasında müxtəlif rəvayətlərə rast gəlmək mümkündür. Dairələrlə ifadə olunan Günəş təsvirinin insanların astral inancları ilə bağlı olduğu qədim Şərq mifologiyasında da geniş yayılmışdır. Günəşin müqəddəs tutulması bu gün də bəzi andlarda qalmaqdadır: “O işıq haqqı”, “Yalan deyirəmsə, o işığa kor baxım” və sair.
Qədim şərq mifologiyasında rombların və kvadratların Yer kürəsini, bucaqların dağları, ziqzaqların isə göy aləmində baş verən toqquşmaları ifadə etdiyi bildirilir. Xalçanın üzərindəki buynuzşəkilli qoşa spiralların iki dünyanın mövcudluğu haqqında qədim əfsanələrlə harmoniya yaratdığını nağıl qəhrəmanlarımızın işıqlı dünyadan qaranlıq dünyaya getməsi, dairə üzərində dayanmış quş təsvirinin isə qəhrəmanları xilas edən Simurq quşunu ifadə etməsi xalça ornamentlərinin dərin mənasını ortaya qoyur. Qeyd edək ki, xalçalar üzərində salınmış müxtəlif motivli ornamentlər öz başlanğıcını mənəvi cəhətdən miflərdən, maddi cəhətdən isə Gəmiqaya təsvirləri və keramika üzərindəki prototiplərdən götürmüşdür.
Bu təsvirlər qədim Naxçıvan tayfaları arasında heyvan kultunun geniş yayılmasını əks etdirir. E.ə. IV-I minilliklərə aid olan Gəmiqaya təsvirlərində, həmçinin Tunc dövrü keramikasındakı təsvirlərin bugünkü xalçalar üzərində də eyni motivlə təkrarlanması buranın avtoxton sakinlərinin qədim türk tayfaları olduğunu sübut edə bilən yüzlərlə faktdan, sadəcə, biridir.
Diqqəti cəlb edən cəhətlərdən biri də xalçalar üzərindəki ornamentlərin bənzərlərinə qədim şumer işarələrində rast gəlinməsidir. Həndəsi motivli ornamentlər şumerlərin sevilən işarələrindən olmuşdur. Xüsusilə bucaqlar və labirintşəkilli romblara bu işarələr içərisində tez-tez rast gəlinir.
Beləliklə, xalçalar üzərindəki müxtəlif formalı ştamplar, zoomorf-antropomorf təsvirlər, həmçinin romb, bucaqşəkilli işarələr və onların keramika və qayalar üzərindəki prototipləri vahid türk mədəniyyətinin tərkib hissəsi olmaqla qədim incəsənətin daşlardan keramikaya, oradan da xalçalara köçürülmüş xələfləridir. Təsadüfi deyil ki, belə ornamentlərə Sibir, Altay türklərinin mədəniyyətində, hun qəbirlərində, Səlcuq sultanı Qılınc Arslanın Konya şəhərində mühafizə edilən saray divarlarının qalıqları üzərində, bir sözlə, türk mədəniyyətinin yayıldığı bütün regionlarda rast gəlmək mümkündür. Bu da onu göstərir ki, xalçalar üzərindəki ornamentlər, sadəcə, bəzək növü deyil, həmçinin Naxçıvanın qədim türk yurdu olduğunu özündə ehtiva edən təkzibedilməz faktordur.
Zeynəb QULİYEVA
tarix üzrə fəlsəfə doktoru