Ordubad şəhərinin “Minkəs” məhəlləsinin Ümmül-Leyla küçəsində yaşayır Cabir usta. Onun yaratdığı sənət əsərləri haqqında çox eşitmişdim. Bu sənət nümunələrini yaxından görmək üçün Ordubad şəhərinə getdim. Ağac üzərində oyma dekorativ-tətbiqi sənəti ilə məşğul olan Cabir ustanın müxtəlif məişət əşyaları, musiqi alətləri və bu qəbildən olan sənət nümunələri ilə tanış olduq. Evinin divarlarını bəzəyən taxçalar üzərindəki sənət inciləri göz oxşayırdı. Bundan başqa, sənətkarın kitabxanası diqqətimizdən yayınmadı. Sonradan aydın oldu ki, Cabir usta fars dilinin tədrisi ilə də məşğul olur. Bu, ona Şərq aləmini daha yaxşı tanımağa imkan verib. Bədii oyma dekorativ-tətbiqi sənətin ən qədim və ən geniş yayılmış növlərindən biridir. Daş, ağac, sümük və başqa materiallar üzərində işlənilir. Bu gün qədim Naxçıvan diyarında bu sənət növünün yaşadılması qürurverici və sevindirici hadisədir. Bədii oyma sənəti haqqında Cabir usta ilə həmsöhbət olduq.
– Bu sənətə necə gəldiniz?
– Universiteti bitirdikdən sonra Ordubada qayıtdım. O zamanlar Ordubadda Azərbaycan Elmlər Akademiyasının Materialşünaslıq üzrə xüsusi konstruksiya şöbəsi fəaliyyət göstərirdi. 5 il orda işlədim. Eləcə də rayondakı Gənc Texniklər Mərkəzində işə başladım. O illərdə memarlıqla, heykəltəraşlıqla maraqlandım. Gips, gil, mərmər üzərində işlədim. Sonradan isə ağac üzərində oyma sənəti ilə məşğul oldum. Gün keçdikcə bu işi daha çox sevməyə başladım. Bu sənətlə məşğul olduqca xoşbəxt oluram, hər şeydən uzaqlaşıram, özümlə tək qalıram və təxəyyülümdəki obrazı yaradıram.
– Bu sənətdə hansı ağaclar daha yararlıdır?
Cabir usta ağacdan yaratdığı sirli aləmə tamaşa edə-edə dedi:
– Artıq ağacları çox yaxşı tanıyıram; hansının nəyə daha çox yararlı olduğunu təcrübəm sayəsində müəyyənləşdirə bilirəm. Mən ən çox cəviz ağacından istifadə edirəm, onun orijinal rəng zümzüməsi mövcuddur. Mən süni rənglərdən istifadə etməyi sevmirəm. Cəviz ağacından başqa, fıstıq, tut, dağdağan, alma, ərik ağaclarından da istifadə etmişəm. Ancaq sənətkarlıq baxımından cəviz ağacı mənim seçimlərim arasında ilk sıradadır. Başqa ağaclar boş olduğundan onların üzərində səlis oyma ilə məşğul olmaq mümkün deyil, tez sınır, xarab olurlar.
– İşinizdə dəzgahlardan da istifadə edirsinizmi?
– Bəli, mən bir çox dəzgah aldım, lakin gördüm ki, bu dəzgahlar mənim istədiyim nəticəni əldə etməyimə tam kömək ola bilmir. Yeni üsullar kəşf etdim, dəzgahları təkmilləşdirdim. Və mənə lazım olan nəticəni əldə etdim.
– Bəs Cabir ustanın davamçısı varmı?
– Xeyr. Yalnız uzaq qohumlarımdan birinin buna bənzər fəaliyyəti olub. Tanınmış yazıçı İmran Qasımov bizim nəslin nümayəndəsi idi. Onun atası Hacı İmran Qasımov Bakıda tikilən bir neçə memarlıq abidəsinin və görkəmli binaların bədii tərtibatı və dekorativ formalarının işlənməsində yaxından iştirak edib. Əslində, bu sənəti öyrənmək istəyən çox insan olub, lakin sonralar onların ya səbirləri çatmayıb, ya da bu sənətə maddi gəlir əldə etmək məqsədilə yanaşdıqlarından bu sənətin davamı onlarda alınmayıb. Sənəti sevmək vacibdir, sevə bilməsən, sənət yarada bilməzsən.
– Sənətinizin çətinliyi ilə bağlı nə deyə bilərsiniz?
– Bu sənət çətindir, istedad, bilik, bacarıq, səbir tələb edir. Gərək bir çox elmi biləsən, Şərq-Qərb memarlığını, sənət nümunələrini mənimsəyəsən, milli dəyərlərə vaqif olasan. Məsələn, mən Qərb memarlığı və heykəltəraşlığı ilə maraqlandım, onların müxtəlif sənət üslublarını mənimsədim, bundan sonra Şərq memarlığına hörmətim daha da artdı. Çünki Şərq memarlığı daha dolğundur. Əslində, Qərb memarlığı ilə yaxından tanış olanda görürsən ki, qərblilər Şərq memarlığını özlərinə məxsus, özlərinə lazımlı şəkildə inkişaf etdiriblər. Avropa memarlığında bizdə olduğu qədər dəqiqlik yoxdur. Əcəminin yaratdığı dəqiqlik, özünəməxsusluq bu səbəbdən həmişə diqqət mərkəzində olacaq.
– Əsərlərinizə olan maraqdan razısınızmı?
– Bəli, dövlətin dəstəyi bizi daha da ruhlandırır. Azərbaycanda oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ lap qədim dövrlərdə daş üzərində oyub-cızdıqları və daş üzərindəki rəsmlər, fiqurlar buna sübutdur. Ağac üzərində oyma sənətinin tarixi isə yaxın keçmişdən başlayır.
Cabir Cabbarovun əsərlərinin içərisində şəbəkə formalı oyma işləri xüsusi diqqət çəkir. Onun yaratdığı sənət nümunələri estetik cəhətdən zərif, mənəvi mənası baxımından dərindir.
Əcəmi Əbubəkr oğlunun Yusif ibn Küseyir, Möminə xatın türbələrində işlətdiyi həndəsi şəbəkə növlərindən istifadə edərək bir çox sənət nümunəsi yaradan Cabir usta həmçinin özünəməxsus orijinal şəbəkə formaları da yaratmışdır. “Yaratdığım əsərlərin hamısı mənim üçün çox qiymətlidir”, – deyən Cabir ustanın yaratdığı sənət əsərləri bədii oyma sənətinin müasir nümunələri baxımından dəyərlidir.
Nərgiz İSMAYILOVA