Naxçıvan elmi-ədəbi, ictimai-siyasi mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi ilklərdən bəhs edən budəfəki yazımızda Azərbaycan tarixi roman janrının və tarixi roman məktəbinin banisi Məmməd Səid Ordubadi haqqında danışacağıq.
Azərbaycan ədəbiyyatına tarixi roman janrının gözəl nümunələrini bəxş edən, ədəbiyyatımızda tarixi roman janrının banisi kimi tanınan Məmməd Səid Ordubadi əsərlərində bir çox məsələlərə toxunmuş, tariximizin müxtəlif dövrlərində baş vermiş hadisələri qələminin gücü ilə bədii formada təsvir etmişdir.
M.S.Ordubadi Azərbaycan və həmçinin Şərq tarixini çox gözəl bilirdi. Ərəb və fars dillərini bilməsi onu tarixi mənbələrə çəkib aparırdı. Bundan əlavə, ədib 1905-ci ildən 1920-ci ilədək həm İranda, həm də Azərbaycanda baş verən bir çox tarixi hadisələrin canlı şahidi və iştirakçısı olmuş, bu hadisələri illər sonra bədii əsərlərində əks etdirmişdir. M.S.Ordubadi uzun müddət dövlət vəzifələrində çalışmış və siyasi mühitlə yaxından tanış olmaq imkanı əldə etmişdi.
Ümumiyyətlə, onun tarixə marağı güclü idi və bir sıra dramlarını da tarixi mövzuda qələmə almışdır. Onun tarixə olan marağı tarixi roman janrının əsasının qoyulmasında təməl, bünövrə rolunu oynamışdır.
“Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” və “Qılınc və qələm” tarixi romanları həmin təməl üzərində ərsəyə gəlmiş bədii əsərlərdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi haqqında” 10 aprel 2012-ci il tarixli Sərəncamında deyilir: “Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır”.
Bildiyimiz kimi, roman ədəbiyyatın elə janrıdır ki, onun güzgüsündə cəmiyyətin psixologiyası, tərəqqiyə səbəb olan və ya onu ləngidən amillər əks olunur. Çünki onun başlıca predmetini cəmiyyət və şəxsiyyət münasibətlərinin dərin və hərtərəfli təhlili təşkil edir. Tarixi roman müəllifi isə bədii əsərdə tarixi faktları əks etdirməyi bacarmalı və oxucunu buna inandırmalıdır. Həmçinin müəllif tarixi faktlara müəyyən mənada sadiq qalmalıdır. Bu, romanı daha da dolğun etməklə birlikdə, tariximizi öyrənmək baxımından da əsərin əhəmiyyətli bir vasitə rolunu oynamasına səbəb olar. Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı dövrün psixologiyasını əks etdirir. Bu baxımdan tarixi roman janrı son dərəcə əhəmiyyətlidir. Dövrün həm zahiri, həm də daxili mənzərəsini yaratmaq baxımından tarixi roman janrı həmin dövrə güzgü tutmağı bacarmalıdır. Tarixi roman cəmiyyətə daha tez nüfuz edir, nəinki tarix kitabları… Tarixi romanı xalq oxuyur, mütaliə edir, bədiiliklə birlikdə tarixi gerçəkləri öyrənir, hadisələri daha tez qavramaqla uzun müddət yaddaşda saxlaya bilir. Belə əsərlər həm də hər bir oxucuda sanki həmin hadisələrin şahidi kimi müqayisə bacarığı formalaşdırır. Bu isə oxucunu keçmişdən dərs almağa sövq edir. Bu baxımdan tarixi roman janrında hadisələrin düzgün və xronoloji təsviri əsasdır. Tarixi romanı mənimsəyən cəmiyyət özü də bilmədən tarixlə, tariximizlə tanış olur. Bu baxımdan roman, xüsusilə tarixi roman müəllifi olmaq heç də asan deyil. “Dumanlı Təbriz” romanında Məmməd Səid Ordubadi tarixi hadisələri bədii təsvir və ifadə vasitələrilə, faktlarla mükəmməl şəkildə əks etdirərək bədii əsərdə tarixi xronologiya yarada bilmişdir.
“Dumanlı Təbriz” tarixi romanı Azərbaycanda milli azadlıq hərəkatının tarixini sistemli şəkildə əks etdirən romanlardandır. Əsərdə Səttar xan, Bağır xan kimi milli qəhrəmanların xalqın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar məharətli yazıçı qələmi ilə öz bədii əksini tapmışdır. “Azərbaycanda bir neçə nəsil Sərdari-milli Səttar xanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz”dən tanımışdır”. Akademik İsa Həbibbəylinin bu fikri bədii əsərin gücünü və oxucular arasında nüfuzunu göstərməkdədir.
Məmməd Səid Ordubadi, sadəcə, Səttar xan hərəkatına rəğbət bəsləməklə qalmamış, həmin hərəkatın fəal iştirakçısı, bir çox hallarda görkəmli sərkərdənin silahdaşı olmuşdur. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat bu əsərdə yaradılmış, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. Əsərin əsas mövzusu Məşrutə hərəkatıdır. Və 1907-1917-ci illərdə baş vermiş hadisələr bədii boyalarla, obrazların dili ilə təsvir və təhlil edilmişdir. Romanda cərəyan edən hadisələr realist tərzdə təsvir olunmaqla oxucuda baş vermiş hadisələrə inam yaradır. Bu, tarixi roman janrının əsas tələblərindəndir. Ümumiyyətlə, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının ədəbi meyarlarını müəyyənləşdirməklə məktəb yaratmış dahi sənətkarlarımızdandır. Şərq və Qərb mühitini qarşı-qarşıya qoyan nasir əsərdəki obrazların dili ilə hər iki qütb haqqında fikirlərini ifadə edir, Şərqlə Qərbin müsbət və mənfi cəhətlərini tarixi faktlarla oxucuya çatdırır.
Məmməd Səid Ordubadinin “Döyüşən şəhər” və “Gizli Bakı” əsərləri də Azərbaycan tarixi romanının yaddaqalan nümunələrindəndir. Ədibin “Qılınc və qələm” tarixi romanı Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsidir. Böyük sənətkarlıqla yazılmış bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır.
Nərgiz İSMAYILOVA