24 Dekabr 2024, Çərşənbə axşamı

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı repertuarına bu il maraqlı əsərlərin səhnələşdirilməsini daxil etmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə əlaqədar şair-dramaturq Həsənəli Eyvazlının Naxçıvanın muxtariyyət qazanmasının çətin, mürəkkəb tarixini əks etdirən “Araz sahilində doğan Günəş” əsəri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunacaq.
Tamaşaçılar səhnələşdirilmiş əsər boyu Naxçıvan əhalisinin muxtariyyət uğrunda mübarizəsinin şahidi olacaqlar.
Teatr bu il şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” pyesini də səhnələşdirəcəkdir. Dilqəm adı, “Dilqəmi” saz havası çoxdan məlum olsa da, çoxları bu sənətkar haqqında o qədər də geniş məlumata malik deyillər. Aşıq Dilqəm kimi tanınan Yəhya bəyin həyat və yaradıcılığından bəhs edən T.Həmidin “Yəhya bəy Dilqəm” pyesində hadisələr XIX əsrdə Şəmkir mahalında baş verir. Tamaşada dövrün digər hadisələri – çar Rusiyası ağalığına qarşı mübarizə, milli dəyərlərin yaşadılması və xalqın bu uğurda mübarizəsi ön plana çəkilmişdir.

Ardını oxu...

Yanvarın 31-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Asim Yadigarın 60 illik yubiley tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları teatrın foyesində ədibin kitabları və dövri mətbuatda işıq üzü görən məqalələrindən ibarət sərgiyə baxmışlar.

Ardını oxu...

“Naxçıvan teatrı (Məqalələr, xatirələr)” – AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunan yeni kitab belə adlanır. Kitabın tərtibçiləri AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov və Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Cəfərov, rəyçisi akademik İsmayıl Hacıyev, elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovdur.
Kitaba Naxçıvan teatrı ilə bağlı müxtəlif müəlliflərin  məqalə və xatirələri ilk dəfə olaraq toplu halında daxil edilmişdir. Həmin məqalə və xatirələr teatrın keçdiyi yaradıcılıq yolu haqqında bütöv və sistemli təsəvvür yaratmağa yönəldilmişdir.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan öz zəngin tarixi keçmişi ilə dünya sivilizasiyasının önündə gedir. Naxçıvan əlyazma mətnləri tarixi baxımdan çox əhəmiyyətli dərəcədə başqa əlyazma mətnlərindən fərqlənir. Bu əlyazma mətnlərinin araşdırılması milli-mənəvi, dini-əxlaqi, tarixi-keçmişi, ədəbi-mədəni, fəlsəfi və regional baxımdan geniş bir sahəni əhatə etdiyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Coğrafi şəraitinə görə Araz çayının fövqündə dayanan Naxçıvan böyük strateji əhəmiyyətə malik olmuşdur. Sanki Araz çayı Naxçıvanın dünyada tanınma – işarə mərkəzi olmuşdur. Əlyazma mətnlərdə rast gəldiyimiz Araz çayının forma və məzmun baxımından necə çay olması barədə qısa da olsa, məlumat verilir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizə daim yüksək vətəndaşlıq mövqeyindən yanaşmış, onların həqiqi elmi qiymətini vermişdir: “Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Milli dəyərlərimizdən olan, qədim xalq sənəti nümunələrindən sayılan misgərlik, dulusçuluq, qalayçılıq, xalçaçılıq, ipəkçilik, dəmirçilik kimi sənət sahələri Naxçıvanda geniş yayılmış və yüksək inkişaf səviyyəsinə çatmışdır. Xalqımızın qədim məişət mədəniyyətinə aid olan keçəçilik sənəti də qədim diyarımızda geniş yayılan sənətkarlıq sahələrindən biridir. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı.

Ardını oxu...

Görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi Naxçıvan torpağının yetirdiyi tanınmış maarifçilərdən biridir. O, 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini Molla Məhəmməd Tağı adlı axunddan almış, sonra isə Şah Hüseyn Soltan mədrəsəsində təhsilini davam etdirmişdir. Bir müddət İranda yaşayan görkəmli maarifçimiz orada həm bilik alır, həm də tacirlərin yanında ticarətlə məşğul olurdu. 1885-ci ildə Ordubada qayıdan Sidqi həyatının böyük qismini maarifçilik və bədii yaradıcılığa həsr etmişdir. 1892-ci ildə Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəbdə M.T.Sidqi pedaqoji fəaliyyətə başlamışdır.

Bildiyimiz kimi, millətin gələcəyi olan uşaqların, xüsusilə də gənc nəslin tərbiyəsi və təhsili əhəmiyyətli məsələlərdəndir. Sidqi bu təməli sağlamlaşdırıb gələcək adlanan qalanı sağlam bina etmək üçün bütün varlığıyla çalışmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilovun yaradıcılığında Vətən, doğma torpaq mövzusu ana xətt təşkil edir. Onun Naxçıvan diyarına olan sonsuz sevgisi müxtəlifjanrlı əsərlərində tərənnüm edilmişdir. Elə son günlərdə tamamladığı “Əshabi-Kəhf” baleti yuxarıda deyilənlərə bariz nümunə ola bilər.
Dünya bəstəkarlarının yazdıqları balet nümunələrinin əksəriyyəti məhəbbət mövzusuna əsaslanır. “Əshabi-Kəhf” baletində isə, ümumiyyətlə, qadın personajı yoxdur. Bəstəkardan nə üçün bu cür mövzuya müraciət etdiyini soruşduqda öz fikirlərini belə izah etdi: “Əvvəla, bu əsərin də qayəsini məhəbbət mövzusu təşkil edir. Lakin bu, adi, insani məhəbbət deyil, İlahi məhəbbətdir. Gənclər cahillikdən qaçaraq vəhdaniyyətə tapınırlar, onlara bəxş edilən hidayət sayəsində qəlbləri İlahi məhəbbət ilə çırpınır və sonda əbədi olaraq ona qovuşurlar”.

Ardını oxu...

Bu barədə qəzetimizə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vüqar Səfərov məlumat verib. Onun sözlərinə görə, xalçalarla yanaşı, hazırlanan digər əl işlərinin üzərində də “Naxçıvan – 90” ifadəsinin əksini tapması nəzərdə tutulub. Hazırda xalq yaradıcılığı emalatxanasında 3 xalça toxunur. Xalçaların toxunmasına yanvar ayından başlanılıb və toxucular, əsasən, Naxçıvan xalçaçılığına məxsus olan ornament­lərdən istifadə edirlər.
Muxtar respublikamızda xalçaçılıq ənənələrinin yaşadılması, keyfiyyətli yerli xalçaların istehsalının kütləviliyinə nail olunması, evlərdə kiçik xalça istehsalı sahələrinin yaradılması son dövrlərdə xüsusilə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Qeyd edək ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə dəvət edib. Xidmət tərəfindən verilmiş elanda bildirilir ki, peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il fevralın 10-dək tələb olunan sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim etməlidirlər.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində açılmış xalçaçılıq üzrə peşə kursları, Naxçıvan Qızlar Liseyində tikiş, toxuculuq və xalçaçılıq dərnəyinin fəaliyyətə başlaması, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili gələcəkdə hər bir xalçaçının özünün bir kiçik toxuculuq fabrikinin, müəssisəsinin sahibinə çevrilməsinə imkan verəcək.

Xəbərlər şöbəsi

“Naxçıvan xalçaçıları” kitabı ABŞ-da ingilis dilində çapdan çıxıb. Kitab Nyu-Yorkun “Hudson Publishing” nəşriyyat evində çap edilib.
Professor Vidadi Muradovun müəllifi olduğu kitabın ingilis dilində nəşr olunması Azərbaycan xalçaçılığının dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Nəfis tərtibatı ilə diqqəti cəlb edən kitabda Naxçıvan Muxtar Respublikasının 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer alıb. Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi fantaziyalardan qaynaqlanaraq toxunan xalçalardan da bəhs edilib.

Xəbərlər şöbəsi

Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər paytaxtı – 2014”ün seçimlərinə artıq start verilib. “Paytaxt” internet səsverməsiylə seçilir. Qeyd edək ki, bu səsvermədə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasından Naxçıvan şəhərinin də namizədliyi irəli sürülmüşdür. Fevralın 1-dək keçiriləcək səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsilə reallaşdırılacaq. Səsvermədə yaşadığı yerdən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanın gənclər paytaxtının seçilməsində iştirak edə bilər. Açıq, şəffaf, bərabər olmaqla, 3 prinsip əsasında aparılan səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Əgər Naxçıvan şəhərini gənclər paytaxtı görmək istəyiriksə, www.genclerpaytaxti.az saytına daxil olub səs vermək lazımdır. Qədim Naxçıvanımızın “Gənclər paytaxtı” seçilməsi şəhərimizdəki gənclərin təşəbbüslərinin və beynəlxalq əlaqələrinin inkişafı üçün növbəti bir stimul olacaq. Həmçinin regionda sosial və iqtisadi fəaliyyət də artacaq. “Gənclər paytaxtı” 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrin həyata keçirilməsinə dəstək verir. Əziz naxçıvanlılar, gəlin  hamılıqla bu səsvermədə fəal iştirak edək,  gündən-günə gözəlləşən və müasirləşən Naxçıvan şəhərini  “Gənclər paytaxtı” seçək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Milli dəyərləri unutmaq müasirləşmək, yeniləşmək demək deyil

Gəlin etiraf edək ki, xalqımızın qədim musiqi aləti olan zurnanın səsi gələndə qanımız qaynayır. Bu səs yeni bir xeyir işin başlamasının xəbərçisidir... Bir vaxtlar zurna səsi eşidəndə böyük-kiçik demədən – ulu babalarımız, nənələrimiz, qız-gəlinlərimiz, igid oğullarımız  bu səsin gəldiyi yerə toplaşmağa tələsərmiş. Bilirmişlər ki, qara zurnanın səsinə qurşaq tutulacaq, ərənlər at belində qəhrəmanlıqlar göstərəcəklər.

Bəs bu musiqi alətinin sirri nədədir? Zurnanı, necə deyərlər, icad edənlər o vaxt nə düşünüblər? Bizcə, bu suallara birmənalı cavab vermək mümkün deyil… Çünki cavablar çoxdur. Bir qədər keçmişə ekskurs etsək, suallarımıza qismən cavab tapa bilərik. Öncə Azərbaycan folklorunda zurna ilə bağlı deyilənlərə nəzər salaq. Məsələn,  atalar sözlərinə: “El çalan zurnanın səsi uzağa gedər”, “Toyun axırında zurna belə səslənər” və sair.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd Şah Qacar” ikihissəli dramı əsasında hazırladığı tamaşaya ictimai baxış olmuşdur. Bir sıra tarixi dramları uğurla səhnələşdirmiş teatrın bu tamaşası da maraqla qarşılanmışdır.
Daha çox tarixi reallıqlara əsaslanmaqla yazılmış bu tarixi dram tamaşaçını şöhrətpərəst və qəddar şah kimi tanınan Qacar obrazına  başqa yöndən yanaşmağa dəvət edir. Tamaşada taleyin faciəsinə, yaxud istehzasına dözməyən bəxtsiz hökmdarın hakimiyyəti dövründə mürəkkəb və ziddiyyətli bir obraz olduğu görünür.
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyev Şah Qacar obrazını özünəməxsus formada təqdim etməyi bacarmışdır. Tamaşanın əvvəlində Qacar qəddarlığı ilə bərabər, müdrik və tədbirli obraz kimi təqdim olunur.

Ardını oxu...

Asim Yadigarın bu yaxınlarda, daha dəqiq desəm, yanvar ayının 5-də 60 yaşı tamam oldu. Ömrünün daha bir yubileyini qeyd edən, hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olan, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, bütün bunların fövqündə isə dəyərli söz adamı, şair Asim Yadigar haqqında ürəyimdəki sözləri qələmə almaq keçdi könlümdən.
Onunla bir dəfə Türkiyənin Gümüşhanə şəhərinə birhəftəlik mədəniyyət günlərinə yollanmışıq. Yol təəssüratlarımdan da deyə bilərəm ki, Asim Yadigar həm də yaxşı yolyoldaşıdır. Xalqın uzunömürlü təcrübəsi də göstərir ki, yol yoldaşlığı edə bildiyin biriylə ömrün sonuna kimi yanaşı addımlamaq olar. Bu mənada Asim Yadigar yaxşı şair olmaqla yanaşı, yaxşı insan, yaxşı yolyoldaşı, sirdaşdır. Məmməd İsmayılın yaddaşımda yurd salmış iki misrasını xatırlayıram:

Ardını oxu...

Realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 122-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açmışdır. Bildirilmişdir ki, görkəmli rəssam, istedadlı fırça ustası, Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biri Bəhruz Kəngərlinin anadan olmasından 122 il keçir. 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoymuş, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaratmışdır. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmiş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur.

Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur. O, 1892-ci il yanvarın 22-də Naxçıvanda Şirəlibəyin ailəsində dünyaya göz açmışdır. İlk təhsilini doğma şəhərdə, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində almışdır. Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda yaratmışdır. Beləliklə də, mədəniyyətimizdə milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa, ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-cu ilində bu dünyanı tərk edən gənc rəssamımız Bəhruz Kəngərlinin ömrü kimi... Həyatda çox qısa ömür sürmüş Bəhruz Kəngərli dərin təfəkkürlü və qızıl fırçalı rəssam kimi ədəbi ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Bu görkəmli rəssamın həyatı təzadlarla, qəribəliklərlə dolu idi.

Ardını oxu...

Müasir həyatda dünya xalqlarının sivilizasiyası onun tarixi və mədəniyyəti ilə ölçülür. Azərbaycan xalqı da o xalqlardandır ki, qeyd olunan hər iki reallığın qədimliyi və zənginliyi ilə seçilir. Zəngin mədəniyyətinin izi tarixin çox uzaq dövrlərinə gedib çıxan ulu Naxçıvan diyarı isə bu sivilizasiyanı günümüzə daşıyan unikal regionlardan biridir. Bu yurdun hansı bölgəsinə getsən, orada yaşı yüz illərlə, bəzən isə min illərlə ölçülən bir daş, qaya parçası, tikiliyə rast gələrsən. Əsrlərin sınağından süzülüb gələn bu yadigarlar müxtəlif zamanlarda dağılmağa, aşınmalara məruz qalsa da, yenə də öz milli kimliyini tarix qarşısında sübut etməkdədir. Bu cür zəngin yadigarları özündə ehtiva edən bölgələrdən biri də Culfa rayonudur.
Culfa rayonu istər tarixi, istər dini, istərsə də mədəni abidələri ilə hər zaman diqqət mərkəzində olan bölgələrimizdəndir. Adı müqəddəs “Qurani-Kərim”də keçən Əshabi-Kəhf mağarası, Şərq aləmində hürufiliyin banisi sayılan böyük mütəfəkkir və filosof-şair Fəzlullah Nəiminin qəbrinin yerləşdiyi Xanəgah türbəsi, Naxçıvan memarlığının incilərindən sayılan Gülüstan türbəsi, 14 il xarici yadellilərə sinə gərmiş Əlincə qalası, Naxçıvanın simvolu sayılan əsrarəngiz Haçadağ məhz qədim Culfanın köksündə qərar tutub. Müasir Culfa isə bu tarixi və təbii gözəlliklərin fonunda daha da gözəlləşir...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, illər keçsə də, 20 Yanvar faciəsi heç zaman unudulmur, muxtar respublikada fəaliyyət göstərən rəssamlar öz yaradıcı­lıqlarında tez-tez bu mövzuya müraciət edirlər.

Ardını oxu...

Qəhrəmanlıq tariximizi özündə qoruyub saxlayan mədəniyyət müəssisələrindən biri də Naxçıvan şəhərindəki Xatirə Muzeyidir. Xatirə Muzeyi xalqımızın vətənpərvər övladlarının xatirəsinin əziz tutulması və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması kimi müqəddəs bir vəzifəni yerinə yetirmək baxımından böyük əhəmiyyət daşıyır.
Bu günlərdə adıçəkilən mədəniyyət müəssisəsinə üz tutduq. Muzeyin direktor əvəzi Aytən Mikayıllı bizi muzeylə yaxından tanış etdi. Öyrəndik ki, bu mədəniyyət müəssisəsi 1997-ci ildə Şəhidlər Muzeyi kimi yaradılmışdır. 2000-ci ildən isə Xatirə Muzeyi kimi fəaliyyətini davam etdirir. Hazırda muzeydə 2 minə yaxın eksponat var.
XX əsrin əvvəllərindən bu günədək xalqımızın yaşadığı müxtəlif tarixi hadisələri əks etdirən eksponatların yer aldığı muzeydə yaradılmış guşələr gənclərimizin şanlı tariximizə məhəbbət ruhunda tərbiyə edilməsində zəngin mənbədir. Muzeyə gələn hər bir şəxs burada qorunub saxlanılan sənədlərlə tanış olur, keçmişimizə səyahət edir.

Ardını oxu...

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar muxtar respublika Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən rəsm müsabiqəsinin yekun tədbiri olmuşdur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkil etdikləri müsabiqədə 15 rəsm işi nümayiş etdirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı Nizami Alıyev çıxış edərək tədbirin mahiyyətindən danışmışlar. Müsabiqədə fəxri yerləri tutmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və qiymətli hədiyyələr, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Azərbaycan” qısametrajlı film festivalı keçirilmişdir. Layihə ölkəmizi təqdim etməyi bacarmaq, onun gözəl guşələrindən birini, tarixi abidələrini göstərmək və ya yenidən müstəqillik əldə etdikdən sonra – ulu öndər Heydər Əliyev və onun davamçısı olan Prezident İlham Əliyevin ölkə­mizə rəhbərliyi dövründə Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının qısa zamanda necə inkişaf etdiyini göstərmək məqsədilə həyata keçirilmişdir. Eləcə də gələcəyin potensiallı rejissorlarını, ssenaristlərini üzə çıxarmaq və onlar üçün şərait yaratmaq məqsədi daşımışdır. Festivalda minimum 5, maksimum 10 dəqiqəlik zaman çərçivəsində filmlər təqdim olunmuşdur. 50 film içindən seçilmiş, ekspertlər tərəfindən qiymətləndirilmiş ən orijinal 10 film Bakı şəhərindəki Nizami adına kinoteatrda nümayiş olunmuşdur. Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisasının III kurs tələbələri Aytən İsmayılovanın ideya müəllifliyi, Arzu Qasımovun ssenarisi əsasında çəkilən “Sehrli diyarın nağılı” adlı qısametrajlı film festivalda II yerə layiq görülmüşdür. Filmin rejissoru Əzim Cəfərli, operatoru Ramin Salahzadədir. Filmdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının qədimliyindən, tarixi abidələrindən və əsrarəngiz təbiətindən, müstəqillik illərində regionun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, gənclərdəki vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhundan bəhs olunur. Festivalın sonunda iştirakçılara hədiyyələr, diplom və sertifikatlar verilmişdir.  

Mina QASIMOVA

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar dünən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsinin yekun turu keçirilmişdir. Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə keçirilən müsabiqəni Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və muxtar respublika Yazıçılar Birliyi  təşkil etmişlər.
Müsabiqə başlanmazdan əvvəl çıxış edənlər tədbirin əhəmiyyətindən danışmışlar.  
Qeyd edək ki, müsabiqədə rayon, şəhər turlarının qalibi olmuş şagirdlər iştirak etmişlər. Babək rayon Qoşadizə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Gülənbər Nuriyeva müsabiqənin yekun turunun qalibi olmuşdur. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Jalə Səmədzadə və Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 7-ci sinif şagirdi Səma Rzayeva isə ikinci və üçüncü yerlərə layiq görülmüşlər. Sonda şeir müsabiqəsinin qalibləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin hədiyyələri və diplomları, Təhsil Nazirliyinin diplomları ilə təltif olunmuşlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Hunlardan sonra “köhnə dünya” (Avropa, Yaxın və Orta  Şərq) Uzaq Şərqin gücünü bir də XIII əsrdə hiss etdi. Onlar Şərqdən Qərbə doğru ildırım sürəti ilə hərəkət edir, getdikcə daha böyük ərazilər “böyük güc”ün təsiri altına düşürdü. Dünya üzərində yeni bir fövqəlgüc – böyük monqol imperiyası doğulurdu. Onlardan  əvvəl dünyaya hökm edənlər və onlardan sonra dünyaya hökm edəcəklər isə onların fövqəladə gücü qarşısında məğlub olduqlarını etiraf edə bilmədikləri üçün həsəd və paxıllıq dolu nəzərlərlə bu böyük imperiya sahiblərini “vəhşi” adlandıracaqdı; zaman ötdükcə “monqol-tatar” sözünü vəhşiliyin və barbarlığın sinonimi kimi dünyaya təlqin edəcəkdi. Zamanı kitablarda tutub saxlayan adamların bir çoxu isə ya bilərəkdən, ya da bilməyərəkdən bu anlayışı bir-birlərindən köçürə-köçürə onlara vəhşi monqol-tatarlar deyəcəkdilər. Bu iddianın sübutu isə o olacaqdı ki, birləşmiş monqol və tatar (türk) tayfaları tabe olmayanları məhv edir, onlara məxsus olanları yandırır, şəhərlərini və qalalarını yerlə-yeksan edirdilər. Amma bu zaman bir sual nədənsə hamının diqqətindən yayınırdı.

Ardını oxu...

Süfrə mədəniyyəti xalqımızın əsrlər boyu formalaşan milli mədəniyyətinin tərkib hissəsidir. Mədəniyyətimizin bu növü fəsillər üzrə yeməklərin hazırlanması adətlərini də özündə ehtiva edir. Bu cəhətdən qış süfrəsi öz qeyri-adiliyi ilə səciyyələnir. Məhz bu səciyyəvi xüsusiyyətləri oxucularımızla bölüşmək üçün AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Hacı Qadir Qədirzadə ilə həmsöhbət olduq:

– Qadir müəllim, ilk olaraq, qış süfrəsinin özünəməxsus cəhətləri barədə…
– Xalqımız yaşam tərzini uzun illərin təcrübəsinə, təbii-coğrafi şəraitə uyğun olaraq qurmuşdur. Yaşlı nəsillər bu məsələdə üç əsas amilə – qış ərzaq ehtiyatına, geyim və yanacaq amillərinə xüsusi önəm vermişlər. Təbii ki, bu sırada ərzaq ehtiyatı ən önəmli yer tutmuşdur. Qış ərzaq ehtiyatı daha çox “dadlıq” adlanmaqla bir neçə yerə bölünmüşdür. Bunlar içərisində başlıca yeri un və heyvanat məhsulları tutur.

Ardını oxu...

Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Naxçıvan dövlətin əsas idarəçilik mərkəzlərindən biri olmuşdur. Ərazinin coğrafi-strateji əhəmiyyətini nəzərə alan Eldənizlər şəhərlərin inkişaf etdirilməsinə, qalaların möhkəmləndirilməsinə ciddi diqqət yetirirdilər. Bu dövr haqqında məlumat verən orta əsr mənbələrində paytaxt Naxçıvanla yanaşı, Azad, Kiran, Ordubad, Əylis, Culfa şəhərlərinin və Əlincə, Sürməri, Tağmar, Faqnan kimi qalaların adı çəkilir, şəhərlərin idarəçiliyi, iqtisadi inkişafı, ticarət yolları haqqında məlumatlar verilir.

Qafqazın və Azərbaycanın orta əsr tarixi-coğrafiyasına aid mənbələrdən biri də Həmdullah Mustovfi Qəzvininin “Nüzhət əl-Qülub” əsəridir. Təqribən, 1280-1350-ci illər arasında yaşamış Həmdullah Qəzvininin adı tarixə tarixçi, səyyah və şair kimi düşmüşdür.

Ardını oxu...

Danılmaz həqiqətdir ki, incəsənətin inkişafı, tanıdılması xeyli dərəcədə sənət aləminə yenicə qədəm qoyan istedadlı gənclərimizin üzə çıxarılması işinin məqsədəuyğun şəkildə aparılmasından asılıdır. Bunun üçün dövlətimiz tərəfindən  hər cür şərait yaradılır.
Belə istedadlı gənclərdən biri də Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Ülvi Əhmədovdur. Ülvi kiçik yaşlarından musiqiyə böyük maraq göstərmiş, Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin fortepiano şöbəsində təhsil almış, solo konsertlərdə uğurlu çıxışına görə fəxri fərman və diplomlarla mükafatlandırılmışdır.
2006 və 2009-cu illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənc pianoçuların respublika müsabiqəsi”ndə muxtar respublikamızı uğurla təmsil edərək birinci yerin sahibi olmuş Ülvi Əhmədov 14-18 dekabr 2012-ci il tarixlərində keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayında   fortepiano üçün “Mövzu ilə variasiyalar” adlı əsəri ilə çıxış etmişdir. Onun bu ifası musiqiçilər tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Ardını oxu...

“Bir ömür yaşadım…” Naxçıvan Dövlət Universitetinin “Qeyrət” mətbəəsinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair Vaqif Məmmədovun çapdan çıxan yeni kitabı belə adlanır.

Kitabı, başqa sözlə, bir yaradıcı insan ömrünün ötən 65 ilinin hesabatı da adlandırmaq olar. Kitabda müxtəlif illərdə Vaqif Məmmədov və onun yaradıcılığı haqqında elm adamlarının, ictimai xadimlərin, mədəniyyət xadimlərinin yazdıqları fikirlər – rəylər, məqalələr, ona ünvanlanmış müxtəlif məktublar  və şeirlər toplanıb. Ümumilikdə, 45-ə yaxın məqalənin dərc olunduğu birinci fəsildə akademik İsa Həbibbəylinin “Sənətə Vaqiflik”, akademik İsmayıl Hacıyevin “Qeyrət qalası Sədərək”, professor Yavuz Axund­lunun “Zirvələr sorağında”, Nəbi Xəzrinin “Uğur olsun”, Xanəli Kərimlinin “Zamanın və sözün rəngi”, Asim Yadigarın “Dolğun misralar sorağında”, Qəşəm İsabəylinin “Öz dünyasında olan insan-şair Vaqif Məmmədov”, Elxan Yurdoğlunun “Yaxşı ki, varsınız” adlı məqalələri xüsusilə diqqət çəkir. “Fikirlər və rəylər” adlanan bölmədə akademik Ziya Bünyad­ov, Xalq yazıçısı İsmayıl Şıxlı, akademik Bəkir Nəbiyev, Xalq yazıçısı Əzizə Cəfərzadə, Xalq şairi Bəxtiyar Vahabzadənin şairin ədəbi yaradıcılığı ilə bağlı fikir və rəyləri təqdim olunub. Məmməd Araz, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə, Fərman Kərimzadə və başqa ədiblərin məktubları da maraq doğurur. Kitabda müəllifə həsr olunmuş 44 şeir də yer alıb.
Qeyd edək ki, 326 səhifəlik kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərlidir. Kitab “Qeyrət” nəşriyyatında işıq üzü görüb.

Elnur KƏLBİZADƏ

Dekabrın 26-da “Duzdağ” otelinin tədbirlər salonunda sosial şəbəkələrdə və ictimai həyatda fəal gənclərin görüşü keçirilmişdir. Tədbirdə bir qrup gəncin mükafatlandırılması olmuş və vətənpərvərlik mahnılarından ibarət konsert təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi tədbirdə fəallığı ilə seçilən gənclər mükafatlandırılmışlar. Tədbirdə çıxış edənlər Naxçıvan Muxtar Respublikasında son illər gənclərə göstərilən qayğıdan, müxtəlif sahələrdə gənclərin qazandığı uğurlardan bəhs etmiş, qarşıdakı illərdə bu ənənənin davam edəcəyini bildirmişlər. YAP-ın Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Elvin Əliyev çıxışında muxtar respublika rəhbərinin bu sahədə həyata keçirdiyi təqdirəlayiq işləri xüsusilə vurğulayaraq, gənclərə göstərilən qayğının artıq bəhrələrini verdiyini bildirmişdir.
Sonra söz musiqiçilərə verilmişdir. Vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, qardaş Türkiyədən tədbirə dəvət olunmuş saz ifaçısı Əsəd Qabaqlı, həmçinin Naxçıvan Dövlət Universitetinin tələbəsi Təbriz Novruzlu və Naxçıvan Musiqi Kollecinin tələbəsi Gülər Əhmədli ifa etdikləri mahnılarla tədbirə toplaşanlara xoş anlar yaşatmışlar.

Ceyhun MƏMMƏDOV

Bir neçə gündən sonra 2014-cü ili qarşılayacağıq. Bu münasibətlə şəhərimizdəki mədəniyyət müəssisələri bir sıra tədbirlər keçirəcək.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 1-5 yanvar tarixlərində “Xoş gəlmisən, yeni il” bədii-əyləncəli proqram təşkil olunacaq. Tədbir saat 1100 və 1400-də başlanacaq. Şaxta baba və Qar qız balacaların görüşünə gələcək, pro­qramda uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək, şən musiqi nömrələri isə tədbirə sevinc qatacaq.
Naxçıvan Dövlət Uşaq Teatrının hazırladığı “Şaxta babanın yuxusu” adlı səhnələşdirilmiş əyləncəli pro­qram dekabrın 29-da başlanacaq. Teatr 1-5 yanvar tarixlərində də saat 1100 və 1400-də “Şaxta babanın yuxusu” adlı səhnələşdirilmiş əyləncəli proqramla uşaqların görüşünə gələcək.
Naxçıvan Dövlət Filarmoniyasında isə 1-5 yanvar tarixlərində hər gün saat 1100-də “Yeni il şənlikləri” adlı musiqili-əyləncəli pro­qram təqdim ediləcək.
Yeni il şənliklərində uşaqlar üçün əyləncəli oyunlar, mahnı və rəqslər də hazırlanmışdır. Sizi mədəniyyət müəssisələrində təşkil olunacaq yeni il şənliklərinə dəvət edirik.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

Naxçıvan Dövlət Film Fondunda məktəblilərin qış tətili günlərində 1 yanvar 2014-cü il tarixdən Azərbaycanfilm kinostudiyasında və xarici ölkələrin kinostudiyalarında istehsal olunmuş bədii, cizgi və qısametrajlı filmlər nümayiş etdiriləcək. Seanslar saat 1100-də başlanacaq. Məktəblilər Azərbaycan filmlərindən “Cin mikrorayonda”, “Gəmi saatının sirri”, “Qaladan tapılan mücrü”, “Biz qayıdacağıq”, “Ağ atlı oğlan”, “Sehrli xalat”, “Dolu” və başqa filmlərə baxa bilərlər.
Məktəblilər üçün xarici ölkələrdə istehsal olunmuş “Dost”, “Saat hələ vurur” və başqa kinofilmlər nümayiş etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

“Yurdçu” Kəngərlilərin əsas tayfa adlarından biridir

Kəngərli rayonu ərazisində, Naxçıvan-Sədərək avtomobil yolunun sağında yerləşən kəndlərimizdən birinin adı Yurdçudur. “Yurdçu” adı XIX əsrə aid mənbələrdə “Yurtçu-Girdəsər” və “Yurtçu-Gildəsər” fonetik variantlarında yazılmış, sonrakı dövrdə adın ikinci komponenti ixtisar edilmiş və kənd adı “Yurdçu” şəklində sabitləşmişdir. Toponimin tərkibinə “Girdəsər” komponentinin artırılması ərazinin landşaftı ilə bağlı olub, buradakı Qulalı təpəsinin relyefi ilə əlaqədar yaranmışdır. “Girdəsər” sözü “girdə” (yumru) və “sər” tərkib hissələrindən ibarət olub, “yumrubaş” mənasında işlənir.

Ardını oxu...

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında professor Vidadi Muradovun “Naxçıvan xalçaçıları” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq “Xalçaçılıq xalqımızın qədim sənətkarlıq növüdür” mövzusunda məruzə etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədovanın“ Naxçıvan Xalça Muzeyinin yaranması və inkişafı” mövzusunda çıxışı olmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Xalça Muzeyinin yenidən qurulmasından sonra bu mədəniyyət müəssisəsində olmaq, yenilikləri gözümüzlə görmək istədik. Bundan əvvəl də dəfələrlə olduğumuz muzey, doğru­dan da, yeniliklərlə dolu idi. Muzeydə xalçaçılıq sənətinin öyrənilməsi, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində xeyli iş görülüb.
Burada sərgilənən müxtəlif xalça nümunələri tariximizi, mədəniyyətimizi, incəsənətimizi, xalqımızın məişət tərzini özündə əks etdirir, ulularımızın təfəkkürünü, yaratmaq istedadını ortaya qoyur.
Xalça Muzeyi ilə yenidən tanışlıqda öyrəndim ki, muxtar respublikanın Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında bu gün də xalçaçılıqla məşğul olunur. Bir vaxtlar Ordubad Rayon Peşə Məktəbində bu sənət gənclərə öyrədilib. Ordubadda bu sahəyə bağlılığın ifadəsidir ki, Mirhəsən Seyidovun rəhbərlik etdiyi “Nicat” Elm İstehsalat Müəssisəsinin xalça istehsalı sahəsi bölgədə qədim ənənələrə malik olan xalçaçılığı yaşatmaqdadır. Buna görə də üz tutduq Ordubad rayonuna.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin ikihissəli “Ağa Məhəmməd şah Qacar” tarixi dramı əsasında hazırlanacaq tamaşanın məşqlərinə başlanılmışdır. Tamaşanın rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Əli Əmirlinin bu pyesində dövrün hadisələri ilə bərabər, Qacarın fəlsəfi düşüncələri də öz əksini tapmışdır. Əsərdə Şah Qacarın təsadüf nəticəsində deyil, bacarıq və savad sayəsində hakimiyyətə gəlməsi, tarixi reallıqlar, hökmdarın gələcəyə baxışı ön plana çəkilmişdir. Müəllifin tarixi reallıqlara daha çox diqqət yetirməsi Qacar obrazını tamaşaçıya çatdırmaq baxımından ona münasibətin dəyişilməsinə xidmət edir.
Tamaşaya hazırlanan səhnə əsərində Ağa Məhəmməd şah Qacar obrazında teatrsevərlər Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyevi görəcəklər. Xalq artisti Yasəmən Ramazanova hökmdarın anası Ceyran obrazını canlandıracaqdır. Tamaşada Xalq artisti Rza Xudiyev (Cəfərqulu xan), Azərbaycan Respublikasının əməkdar artistləri Bəhruz Haqverdiyev (xidmətçi), Əbülfəz İmanov (Şeyx Cəfər Tonkabuni), Xəlil Hüseynov (axund Hacı Babək), aktyorlar Zakir Fətəliyev, Səyyad Məmmədov, Elnur Rzayev, Nurbəniz Niftəliyeva da rol almışlar.
Hazırda tamaşanın məşqləri aparılır. Tamaşanın gələn il teatrsevərlərə təqdim edilməsi nəzərdə tutulmuşdur.

Əli RZAYEV

Vətənimiz Azərbaycan Şərqin zəngin tarixə və yüksək mədəniyyətə malik ən qədim ölkələrindən biridir. Əlverişli təbii şəraiti, 11 iqlim növündən  9-nun burada mövcudluğu, əkinçilik və maldarlıq ənənəsi, coğrafi mövqeyi ölkəmizi səciyyələndirən təbii reallıqlardandır.

Azərbaycan kulinariya mədəniyyəti ənənələri də bu səciyyəviliyin əsas tərkib hissələrindəndir. Hələ Neolit (Yeni Daş) dövründə Azərbaycanda taxıl əkilib-becərilir, ondan müxtəlif növ qida məhsulları hazırlanırdı. Maldarlığın genişlənməsi ilə əlaqədar Tunc dövrü insanlarının həyatında mühüm rol oynayan amillərdən biri də müxtəlif süd məhsullarının hazırlanması idi. O zaman xüsusi qablardan – gil nehrələrdən geniş istifadə edilirdi. Sonralar insanların qidalanma mədəniyyəti təkmilləşmiş, ibtidai mətbəx avadanlıqlarının düzəldilməsinə başlanılmış, onlardan istifadə vərdişləri inkişaf etmiş və bu, milli ənənəvi hal almışdır.

Ardını oxu...

Fiziki imkanları məhdud vətəndaşlarımızın, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması, yaradıcılıq əzminin yüksəldilməsi, onların cəmiyyətə inte­qrasiyasının təmin edilməsi məqsədilə 26-28 noyabr tarixlərində Bakı şəhərində Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar muğam, mahnı, rəqs, instrumental ifaçılıq, poeziya, bədii qiraət sahəsində qabiliyyətlərini nümayiş etdiriblər. Baxış-müsabiqədə muxtar respublikamızı musiqi istedadı olan 4 və bədii qiraət qabiliyyəti olan 1 nəfər təmsil edib.
Böyük maraqla qarşılanan baxış-müsabiqənin qalibləri sırasında həmyerlilərimiz də vardır. Belə ki, müsabiqənin sonunda münsiflər heyətinin rəyinə əsasən, musiqi alətlərində ifaya görə Naxçıvan şəhər sakini Sənan Salmanov (tar) ikinci yerə, mahnı ifaçıları arasında Naxçıvan şəhər sakini Zöhrab İsmayılov (muğam), Sədərək rayon sakini Məhəmməd Əhmədov (mahnı) üçüncü yerə çıxıblar. Sağlamlıq imkanları məhdud uşaqlar arasında müsabiqənin qalibləri Naxçıvan şəhər sakini Bənövşə Salmanova (qanun) və Babək rayon sakini Kənan Feyzullayev isə (bədii qiraət) xüsusi diploma layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Fəryad” filmi nümayiş etdirilib.
Gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə təşkil edilən tədbirdə muxtar respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər. Filmdə “dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin Qarabağda törətdikləri vəhşiliklər, qəddar düşmənin Xocalı şəhərində həyata keçirdiyi qətliamın özləri tərəfindən sevinclə qarşılanması tamaşaçı yaddaşında qəddar millət obrazını formalaşdırır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Qədim tarixə malik Naxçıvan ədəbi mühiti söz sənətimizin inkişafına zaman-zaman dəyərli töhfələr bəxş etmişdir. Bu ulu diyarın yetirmələri Azərbaycan ədəbiyyatının yüksəlişində, onun yeni mövzu və ideyalarla zənginləşməsində mühüm rol oynamışlar. Hazırkı mərhələdə də Naxçıvanda yaşayıb fəaliyyət göstərən bir sıra yazarlar özlərinin diqqətəlayiq əsərləri ilə tanınmaqdadırlar. Bunlardan biri də altmış yaşını yenicə tamamlayan istedadlı nasir, publisist və tədqiqatçı Rafiq Babayevdir.

Onun ayrı-ayrı qəzet, jurnal və toplularda, eləcə də müxtəlif illərdə nəşr olunmuş “Axırıncı axşam”, “Yolçu daşı”, “Zühur”, “Ölüm mələyi” kimi kitablarında oxuduğumuz roman, povest və hekayələri orijinal üslublu yazıçının sənət axtarışlarının hədər getmədiyini əyani şəkildə göstərməkdədir. Bu sırada xüsusən onun “Məktub”, “Dağ başının dumanları”, “Axırıncı axşam”, “Sabaha bir gün qalmış”, “Ağ bilək”, “Arxadan gələn adam” kimi hekayələrinin, “İlğım”, Zühur”, “Təkbətək” kimi povestlərinin, bu il çapdan çıxmış “Ölüm mələyi” romanının adlarını çəkmək istərdim. Həmin əsərlərin hər birinin öz tematika və problematikası var, biri digərini təkrarlamır. Hər birində də müəllifin yeni-yeni sənət axtarışlarının geniş imkanlarının şahidi oluruq. Amma onların hamısını birləşdirən bir ortaq cəhət var.

Ardını oxu...

Kinoteatr yarandığı zamandan mədəni istirahətimizin ünvanlarından biri olub. Beləcə, kinoteatr mədəniyyəti yaranıb.
Televiziya, video, kompüter, hətta mobil telefonla filmseyretmə imkanlarının hədsiz dərəcədə genişləndiyi indiki zamanda belə, dünyanın əksər ölkələrində kinoteatrlarda film seyr etmək ənənəsi bu günə qədər yaşamaqdadır. Üstəlik, 3D, 5D kimi yeniliklərlə indi kinoya daha canlı, özünü sanki hadisələrin içində hiss etməklə baxmaq mümkündür. Filmlərin geniş ekranda nümayiş olunduğu Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinə üz tutmazdan öncə gənclərin kinoteatra marağını öyrəndik.
Tünzalə HƏSƏNOVA – Naxçıvan Dövlət Universitetinin tələbəsi: – Afişada tarixi və ya melodram filmi gördükdə kinoteatra gedirəm. “Gənclik” Mərkəzində nümayiş olunan filmlərin əksəriyyəti xarici ölkələrin çəkdikləri filmlərdir. Son illər çəkilən Azərbaycan filmlərinə baxmaq istərdim.

Ardını oxu...

Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir. Xalqımızın milli və ümumbəşəri mahiyyət daşıyan mədəni dəyərlərindən biri də Azərbaycan xalçasıdır. Bizim xalçalarımız nənələrimizin, babalarımızın dilində olan bayatılarla, şeirlər və qoşmalarla uyğunlaşdırılıb toxunmuş və nəsildən nəslə ərməğan edilmişdir. Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tarixi çox qədim dövrlərə gedib çıxan xalçaçılıq sənəti xalq sənətkarları tərəfindən əsrlər boyu yaşadılmış, inkişaf etdirilmiş, zəmanəmizə qədər gəlib çatmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində türkiyəli rəssam, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik kafedrasının dissertantı Tamer Tuğrulun fərdi sərgisi təşkil edilib.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın, Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Rza Akıncının, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm na­ziri Sarvan İbrahimovun,  AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə, onun üfüqlərinin daha da genişləndirilməsinə bəşəriyyətin bu gün olduğundan daha çox ehtiyacı vardır. Bu prosesdə incəsənət mühüm rol oynayır. Bu gün Türkiyə Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası arasında  bütün  istiqamətlər kimi, incəsənət sahəsində də möhkəm təməlli  körpülər atılıb. Naxçıvan qədim mədəniyyətlərin beşiyi, əsrarəngiz təbiət mənzərələri, tarixi abidələr məkanıdır. Əminliklə demək olar ki, qədim diyarın gəzməli və görməli yerləri türkiyəli rəssamın fırçasında əsl sənət əsərlərinə çevriləcək.

Ardını oxu...

Muxtar respublikamızın hər bir guşəsi gözəldir. Ana təbiət əsrarəngiz gözəlliyini və səxavətini bu yerlərdən əsirgəməyib, bu yurd yerlərinin əyninə elə bir don biçib ki, ilin bütün fəsillərində Naxçıvan füsunkar görünür. Necə deyərlər, bu yerlərin yazı, yayı, payızı, qışı da gözəldir. Bəli, hər fəslin insanların qəlbini oxşayan bir gözəlliyi var. Yazda torpağa nəfəs gəlir, bağlar, çöllər dirçəlir. Çaylar, quşlar bir ağızdan nəğmə oxuyur. Yayda qızmar Günəş kürreyi-ərzə nur səpir, insanları yaşıl ağacların kölgəsində dincəlməyə, bulaqların sərin və bumbuz suyundan içməyə çağırır. Payızda isə ana təbiət daha füsunkar görünür. Atlasdan olan paltarını dəyişir. Zərə boyanmış, zəfəran çiçəyinə bənzəyən köynəyini əyninə geyir. Qışda isə ağappaq örpəyə bürünür.

Ardını oxu...

Ağac üzərində oyma sənəti ilə məşğul olanlar deyirlər ki, bu təbiət abidəsi kimi mülayim, həssas, səxavətli, “sözəbaxan” digər material yoxdur. Bu sənət növünə ömrünü həsr edənlər üçün ağac həm də bənzərsiz, həmişəyaşar materialdır. Ona görə ki, bir sənətkarın əlində tutduğu ağac parçasının qismətinə sobada yanmaq və ya kağız parçasına çevrilmək yox, böyük sərgilərdə nümayiş olunmaq, qiymətli bir nümunə kimi birinə hədiyyə edilmək düşüb. Ağacla təmasda olanda onun bütün müsbət enerjisi insana keçir. Ağac istidir, nəfəs alır, canlıdır. Onun üzərindəki illərin  buraxdığı izlərdən belə, naxış kimi istifadə etmək olar. Əsas odur ki, bu incəlikləri görüb tətbiq etməyi bacarasan.

Təbiət ən yaxşı sənətkardır, – deyirlər. Çünki əlində düzələn cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, bir ağac parçası da ustalıqla, incəliklə işlənib hazır­lanıb. Dünən Naxçıvan Biznes Mərkəzində təşkil edilən sərgi də məhz bu incəliklərdən sənət naminə ustalıqla istifadə etməyi bacaran bir xalq sənətkarının, ağacoyma ustası Akif Həsənovun sənətsevərlər qarşısında, bir növ, yaradıcılıq hesabatı idi.

Ardını oxu...

Azərbaycanın tarixi şəhərlərindən biri olan Naxçıvan öz tarixi abidələri ilə məşhurdur. Həmin abidələrdən biri də Naxçıvan şəhərinin Xan dikində yerləşən Xan sarayıdır. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Araşdırmaların nəticəsi olaraq demək olar ki, saray 1780-ci ildə inşa edilmişdir. Qeyd edək ki, Naxçıvan xanlığının əsasını qoyan Heydərqulu xan və onun varisləri yaşayan saray kompleksi Xan dikinin şimal-şərqindəki ərazidə yerləşirdi. Həmin saray kompleksindən bir neçə bina indiyədək qalır. Bir vaxtlar həmin binalarda Naxçıvan Şəhər Polis İdarəsi, hərbi idarələr, Naxçıvan (sonralar Babək) rayon xəstəxanası fəaliyyət göstərirdi. Heydərqulu xanın oğlu Şükrulla xanın nəvə-nəticələri 1920-ci ilədək burada yaşamışlar.

Sonuncu Naxçıvan xanı Kərim xan Abbasqulu xan oğlu Kəngərlinin mülkü isə I Kalbalı xanın sarayının yanında idi. 1830-cu illərə aid litoqrafik şəkillərdə həmin mülkün də təsviri vardır.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) “Gün var, əsrə bərabər” (1980) romanının motivləri əsasında hazırlanmış “Manqurt” tamaşasına ictimai baxış olmuşdur. İkihissəli psixoloji dram janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru və teatr üçün işləyəni Tofiq Seyidovdur.
Tamaşada hadisələr XX əsrin sonlarında Orta Asiya çöllərində, Sarı-Özək səhrasında kiçik dəmiryol stansiyası olan Boranlıda baş verir. Böyük yazıçının türk, altay, qırğız əfsanələrindən bəhrələnərək ədəbiyyata gətirdiyi “Manqurt əfsanəsi” müasir dünyamızın problemləri, əxlaqi-mənəvi aşınmaları ilə yaxından səsləşdiyi üçün öz fəlsəfi düşüncə mükəmməlliyi ilə diqqəti cəlb edir.
Ç.Aytmatov min illərin dərinliyindən gələn “manqurt” sözünü yenidən türk dillərinə qaytararaq əsərində eyni mənada işlədir. Yazıçıya görə, tarixini, milli dəyərlərini, soykökünü, adət-ənənəsini unudanlar milli simasını itirərək manqurta çevrilirlər. Bu təhlükə bütün zamanlarda mövcuddur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı işlər içərisində xalq yaradıcılığına, xalqın adət və ənənələrini özündə əks etdirən dekorativ tətbiqi sənət nümunələrinə diqqət və qayğı xüsusi yer tutur. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, hələ 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılmışdır. Əvvəllər Xan Sarayında fəaliyyət göstərən muzey 2010-cu ildə yeni binaya köçürülmüşdür. Muzeyin ekspozisiyası yeni eksponatlarla zənginləşdirilmişdir. Bu yaxınlarda xalçaçılığın inkişafı istiqamətində daha bir uğurlu addım atılmışdır. “Naxçıvan xalçaçıları” adlı kitab, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı işıq üzü görmüşdür. Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra qeyd olunan bu yeni nəşrlərin, “Naxçıvan xalçaları” sənədli filminin və Xalça Muzeyinin internet saytının yüksək səviyyədə təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərasimdəki proqram xarakterli çıxışında demişdir: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının ərazisi Kiçik Qafqaz ərazisində karst mağaralarının yayıldığı əsas yerlərdən biridir. Naxçıvanın ərazisi öz təbii coğrafi şəraitinə görə respublikamızın başqa yerlərindən kəskin surətdə fərqlənir. Bu fərq özünü karst relyef formasında göstərir. Ərazidə qeydə alınan karst mağaraları müasir təbii coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli iqlim şəraitinin təsiri nəticəsində formalaşmışdır. Elə məhz buna görədir ki, insanlar qədim Daş dövründən başlayaraq bu ərazidə məskunlaşmış və öz abidələrini yaratmışlar.

Naxçıvan Muxtar Respublikasının ərazisindəki Kilid, Daşqala, Qazma Daş dövrü abidələrinin hər biri tarixin canlı şahidi olub, Naxçıvanın daş yaddaşına çevrilməklə maddi və mənəvi mədəniyyətimizin öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyır. Bu abidələr yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Muxtar respublikamızın ərazisindəki tariximizin daş yaddaşı olan Qazma mağarası belə abidələrimizdəndir.

Ardını oxu...

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan ərazisi tarixi-memarlıq abidələri ilə zəngindir. Bu günə qədər öz möhtəşəmliyini qorumuş abidələrin gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün həyata keçirilən təmir-bərpa işləri cari ildə də davam etdirilir. Belə abidələrdən biri də Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qalatipli istehkam kompleksi olan qaladır.  

Ardını oxu...

Dünya ədəbiyyatında elə bir şair tapmaq olmaz ki, onun əsərlərində payız nəfəsi hiss edilməsin. Payız A.Puşkin üçün “təbiətin ən cazibəli afəti”, Qabriel Qarsiya Markes üçün “ömrün qürub çağı”, Boris Vian üçün “ruhun təlatümünün ifadəsi” idi... Payız Azərbaycan ədəbiyyatında da özünəməxsus tərənnüm və təsvirə malik fəsil olmuşdur. Bəlkə də, bütün dünya ədəbiyyatından qabaq rənglərin mistik rəqsinin tərənnümü olan payıza “Dədə Qorqud” dastanlarında “güz” adıyla rast gəlirik:

    “Bərü gəlgil, başum bəxti, evüm təxti!
    Evdən çıqub yüriyəndə səlvi boylum!
    Topuğından sarmaşanda qara saçlum!
    Qurulu yaya bənzər çatma qaşlum!
    Qoşa badam sığmayan tar ağızlum!
    Güz almasına bənzər al yanaqlım!”

Ardını oxu...

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində dörd mindən artıq eksponat nümayiş etdirilir

Şərur güc-əzəmət, bolluq-bərəkət rəmzi olan ulu məkandır. Sinəsində Arpaçayın çağlayıb Xan Araza qovuşduğu bu qədim diyar Dədə Qorqud evi, Babək vətəni, əkinçilər, biçinçilər yurdudur.
Bu möhtəşəm məkanın hər daşı, hər qayası əsrlərlə təbiətin şıltaqlıqlarına sinə gərib, çiskin yaz yağışı ilə yuyulub, qızmar yay Günəşi ilə rəngdən-rəngə bürünüb, sərt şaxta-boranla üz-üzə dayanıb, əcdadlarımıza ilk və son sığınacaq olub, qəlpələnə-qəlpələnə əl çapacağına, baltalara, qaşovlara, sürtgəclərə dönüb. Daş heykəllərə çevrilə-çevrilə müqəddəsləşib, üst-üstə qalaqlanaraq qalalaşıb, sinəsi pardaqlanaraq, naxışlanaraq incilənib, kitabələşib, əcdadımızın nağıllı dünyasını bağrına basaraq ululaşıb bu çaqıl daşlar. Bu torpağın oğulları dəfələrlə yadelli işğalçılara mərdliklə sinə gərib, bu elin hər qarış torpağını göz bəbəyi kimi qoruyublar. Əzəmətli, bol nemətli, barlı-bərəkətli, qonaqlı-qaralı Şərurun keçmişi öyünəkli, bu günü möhtəşəm, gələcəyi vüqarlı bir diyardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Gənclər Fondu və Naxçıvan Mətbuat Şurasının jurnalistlər arasında “Naxçıvan – inkişafın 10 ili” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurulub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, muxtar respublika son 10 ildə böyük inkişaf yolu keçib. Bu inkişafın  mətbuatın və televiziyanın gücü ilə salnaməyə çevrilməsində kütləvi informasiya vasitələri nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Başa çatan müsabiqədə fəal iştirak edən jurnalistlər bu həqiqəti dərindən dərk edərək yazılarında və hazırladıqları verilişlərdə Naxçıvan Muxtar Respublikasının bəhs olunan dövrdə inkişaf və tərəqqisini şərtləndirən amilləri önə çəkiblər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR