Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində dörd mindən artıq eksponat nümayiş etdirilir
Şərur güc-əzəmət, bolluq-bərəkət rəmzi olan ulu məkandır. Sinəsində Arpaçayın çağlayıb Xan Araza qovuşduğu bu qədim diyar Dədə Qorqud evi, Babək vətəni, əkinçilər, biçinçilər yurdudur.
Bu möhtəşəm məkanın hər daşı, hər qayası əsrlərlə təbiətin şıltaqlıqlarına sinə gərib, çiskin yaz yağışı ilə yuyulub, qızmar yay Günəşi ilə rəngdən-rəngə bürünüb, sərt şaxta-boranla üz-üzə dayanıb, əcdadlarımıza ilk və son sığınacaq olub, qəlpələnə-qəlpələnə əl çapacağına, baltalara, qaşovlara, sürtgəclərə dönüb. Daş heykəllərə çevrilə-çevrilə müqəddəsləşib, üst-üstə qalaqlanaraq qalalaşıb, sinəsi pardaqlanaraq, naxışlanaraq incilənib, kitabələşib, əcdadımızın nağıllı dünyasını bağrına basaraq ululaşıb bu çaqıl daşlar. Bu torpağın oğulları dəfələrlə yadelli işğalçılara mərdliklə sinə gərib, bu elin hər qarış torpağını göz bəbəyi kimi qoruyublar. Əzəmətli, bol nemətli, barlı-bərəkətli, qonaqlı-qaralı Şərurun keçmişi öyünəkli, bu günü möhtəşəm, gələcəyi vüqarlı bir diyardır.
Şərur şəhərinin mərkəzində əzəmətli bir bina var. Milli üslubda tikilmiş, gözoxşayan ornamentlərlə bəzədilmiş binada rayon Tarix-Diyarşünaslıq Muzeyi yerləşir. Buraya daxil olanda sanki özünü nağıllar aləmində hiss edirsən. “Min bir gecə” nağıllarındakı illüstrasiyalara, dahi Nizaminin “Sirlər xəzinəsi”, Füzulinin “Leyli və Məcnun” poemalarındakı qəhrəmanlıq, sevgi və məhəbbət səhnələrini əks etdirən rəngarəng, nəfis şəkildə işlənmiş tablolara baxdıqca heyrətlənməyə bilmirsən.
Binanın tavanındakı beş guşənin hər biri xalqımızın qəhrəman oğullarının igidlik dastanından söhbət açır. Yağlı boya ilə çəkilmiş rəngli tablolarda yadellilərə qarşı mübarizədə mərdliklə vuruşan Babəkin, Azərbaycan torpaqlarının birliyi, bütövlüyü naminə canından keçməyə hazır olan şair təbiətli qəhrəman oğlumuz Şah İsmayıl Xətainin, əlində Misri qılınc tutub nərə çəkən xalq qəhrəmanı Koroğlunun, aynalısını çiyninə salıb Boz atını çapan Qaçaq Nəbinin, erməni daşnaklarına qan udduran Vedibasarın mərd oğlu Abbasqulu bəy Şadlinskinin məğrur simaları ilə qarşılaşdıqca haqlı olaraq xalqımızın mərdliyi qarşısında baş əyir, onların igidliyi ilə qürurlanıb fəxr edirsən.
1978-ci ildə ictimai əsaslarla fəaliyyətə başlayan muzey 1980-ci ildən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət müəssisəsinə çevrilib. 35 ilə yaxın tarixi olan muzey indi qabaqcıl mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. Bu müddət ərzində muzeyə 7 mindən artıq nadir eksponat toplanılıb. Muzeydə 2 şöbə və 13 bölmə fəaliyyət göstərir. “Təbiətşünaslıq”, “Arxeologiya”, “Etnoqrafiya”, “Numizmatika”, “Şəhidlər”, “1941-1945-ci illər müharibəsi”, “Azərbaycan, ana Vətən”, “Mədəniyyət və incəsənət”, “Qırmızı tabor”, “Alimlər”, “Şairlər” və sair bölmələrdə dörd mindən çox eksponat nümayiş etdirilir. Muzeydə saxlanılan və nümayiş etdirilən eksponatların, demək olar ki, əksəriyyəti Şərur ərazisindən toplanılıb. Eramızdan əvvəl III-II minilliklərə aid gil qab hissələri, saxsı qablar, daş büt və keramik bəzək nümunələri, bilərzik, tunc balta, xəncər, nizə ucluqları və sair əşyalar nadir incilərdir.
Yeri gəlmişkən qeyd edək ki, rayonda XX əsrin 30-cu illərindən tədqiq olunaraq aşkara çıxarılmış xeyli abidə var. Həmin abidələr içərisində böyük tarixi əhəmiyyət kəsb edən qədim yaşayış yerləri, qalalar və memarlıq abidələri bu yurdun qədim tarixinin yadigarlarıdır. Elə götürək Qazma mağarasını. Bu mağarada ibtidai icma cəmiyyətinə məxsus insanlar yaşayıblar. Aparılan arxeoloji qazıntılar zamanı Daş dövrünə aid maddi-mədəniyyət qalıqları, o cümlədən çaxmaqdaşı və obsidiandan hazırlanmış xeyli əmək aləti aşkara çıxarılıb. Bu, o deməkdir ki, burada insanlar məskən salanda hələ çox yerlərə insan ayağı dəyməmişdi.
Eneolit və Kür-Araz mədəniyyəti abidələrinin bu ərazidə sayca çoxluğu və mədəni təbəqənin qalınlığı isə eramızdan əvvəl IV-III minilliklərdə Şərur ərazisində əkinçi-maldar tayfalarının intensiv məskunlaşdığını göstərir. Orta Tunc dövrünün abidələri, əsasən, Araz çayı, Arpaçay və onların qolları üstündə salınıb. Oğlanqala, Qarasu, Şortəpə və sair abidələrdən yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar tapılıb. Aşkar olunmuş materialların bəziləri bu muzeyə verilib.
Orta əsr Azərbaycan mədəniyyəti xalçaçılıq sənəti ilə daha çox yadda qalıb. Bu qədim sənətin Şərurda da özünəməxsus inkişaf yolları olub. Muzeydəki kilim, xalça nümunələri bu sənətin tarixindən söz açır. Əmək alətləri olan xış, cüt, kotan, vəl, mərəndi və sair keçmiş əkinçilikdən nümunələrdir. Bu təsərrüfat alətləri qədim əkinçilik mədəniyyəti barədə geniş təsəvvür yaradır.
Tamaşaçılar mədəniyyət bölməsini də maraqla seyr edirlər. Burada şərurlu mərhum Aşıq Nabatın sazı, qədim ney, zurna, tulum, tütək və sair musiqi alətləri nümayiş etdirilir. Rayonun məşhur “Şərur” Xalq Yallı Ansamblının Almaniya, Polşa, Macarıstan, Misir Ərəb Respublikası, Türkiyə, Rusiya və başqa ölkələrdəki çıxışlarını, qastrol səfərlərini əks etdirən fotoşəkillər, albomlar, fəxri fərmanlar və digər sənədlər də bölmənin dəyərli eksponatlarındandır.
Maraqlı bölmələrdən biri də “Qırmızı tabor”dur. Burada 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı mübarizədə böyük şücaətlər göstərmiş Bilal Şadlinski, Musa Səttaroğlu, Abbasqulu bəy Şadlinski, Nəcəf Əliyev, İbrahim Fərzəliyev və başqa qəhrəmanlara aid fotostendlər, onlar haqqında qəzet materialları çoxluq təşkil edir. Abbasqulu bəy Şadlinskiyə məxsus xəncər, gümüş kəmər, təsbeh və onun yaxın silahdaşı, dostu Musa Səttaroğluna aid kitablar muzeyin maraqlı eksponatlarındandır.
Muzeyin ikinci mərtəbəsindəki zəngin bir guşə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, 90 illik yubileyinə həsr olunub. 2002-ci ildə ulu öndərin Naxçıvana səfəri zamanı Şərur torpağında olmasına dair fotomateriallar böyük ekspozisiya təşkil edir.
Muzeydəki “1941-1945-ci illər müharibəsi” və “Şəhidlər” bölmələrində qəhrəman Şərur övladlarının İkinci Dünya müharibəsində, Sədərək, Qarabağ döyüşlərində göstərdikləri igidliklərdən bəhs olunur. Bura gələnlər Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidova, Səyavuş Həsənova, Kərim Kərimova həsr edilmiş guşələr, stendlər qarşısında dəqiqələrlə ayaq saxlayır, onların xatirəsini yad edir, şücaətləri önündə baş əyirlər. Məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində bu guşələrin xüsusilə böyük rolu var. “Alimlər”, “Şairlər” bölmələrində Şərurdan olan elm adamlarının, şair və yazıçıların portretləri, fotoşəkilləri və əsərləri nümayiş etdirilir.
Muzeyin direktoru Mirhüseyn Seyidovun dediklərindən:
– Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeyimizdə saxlanılan elə eksponatlar vardır ki, xalqımızın çoxəsrlik tarixini, qədimliyini, milliliyini özündə əks etdirir. Əməkdaşlarımız muzeylə bağlı tamaşaçılara maraqlı məlumatlar verir, rayonumuzun tarixi keçmişini əks etdirən materiallar və eksponatlarla onları yaxından tanış edirlər.
Hər muzey bir elin, bir obanın, bir xalqın tarixi yaddaşıdır. İllər illərə qovuşur, aylar aylara calanır, günlərin saçına dən düşür, insan ömrü növbələşir və qətrə-qətrə, zərrə-zərrə tarix yaranır. İnsanoğlu öz əlinin əməyilə, ürəyinin işığıyla, ağlı, zəkasıyla yaradır bu tarixi. Heç təsadüfi deyil ki, hər muzey eksponatında bir insan ömrünün, insan taleyinin əks-sədası duyulur. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyindən ayrılarkən bu hissləri yaşayırdım. Atalar çox gözəl deyib: “Keçmişini unutma, o, sabahın müəllimidir...”
Cəfər ƏLİYEV