Asim Yadigarın bu yaxınlarda, daha dəqiq desəm, yanvar ayının 5-də 60 yaşı tamam oldu. Ömrünün daha bir yubileyini qeyd edən, hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olan, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, bütün bunların fövqündə isə dəyərli söz adamı, şair Asim Yadigar haqqında ürəyimdəki sözləri qələmə almaq keçdi könlümdən.
Onunla bir dəfə Türkiyənin Gümüşhanə şəhərinə birhəftəlik mədəniyyət günlərinə yollanmışıq. Yol təəssüratlarımdan da deyə bilərəm ki, Asim Yadigar həm də yaxşı yolyoldaşıdır. Xalqın uzunömürlü təcrübəsi də göstərir ki, yol yoldaşlığı edə bildiyin biriylə ömrün sonuna kimi yanaşı addımlamaq olar. Bu mənada Asim Yadigar yaxşı şair olmaqla yanaşı, yaxşı insan, yaxşı yolyoldaşı, sirdaşdır. Məmməd İsmayılın yaddaşımda yurd salmış iki misrasını xatırlayıram:
Şair ki sevilən şair olmadı,
O, insan kimi də hörmətdən düşər.
Asim Yadigar şeirləriylə ürəklərə yol tapmış şairlərdəndir. Onun şeirlərində poeziyamızın bir çox janrlarında qələmə alınmış o qədər gözəl nümunələr var ki, istər-istəməz ruhunu riqqətə gətirir, ovqatını təzələyir, oxuduğundan heyrətlənib yenidən oxumaq istəyirsən.
“Zirvə yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”, “Kalba Musa çeşməsi”, “Bahar”, “Sənətinin vurğunu” adlı 8 kitabın müəllifi olan Asim Yadigar Naxçıvanda yaşasa da, sözüylə, şeirləriylə Azərbaycanı boydan-boya dolaşıb. Qonşu ölkələrdəki mötəbər kürsülərdən onun şeirləri ürəklərə yol tapa bilib. O həm də məhsuldar fəaliyyəti ilə seçilən şairdir. Təkcə elə sadalayacağım faktları 60 illik ömrə sığdırmaq böyük istedad, qabiliyyət və zəhmət tələb edir.
Belə ki, Asim Yadigar 6 pyesin, 20-yə yaxın poemanın müəllifidir. Onlarla şeri fransız, rus, fars, türk dillərində nəşr olunan qəzet və jurnallarda, ədəbi almanaxlarda çap edilib. 20-yə yaxın almanaxda 70-dən artıq şeri, poeması, pyesi işıq üzü görüb. Bir vaxtlar çalışdığı “İki sahil” və “Şərq qapısı” qəzetlərində, eləcə də ölkənin digər mətbu orqanlarında yüzlərlə məqaləsi, resenziyası çap olunub. Naxçıvan Dövlət televiziyasında və radiosunda son 25 ildə minə yaxın veriliş hazırlayaraq tamaşaçı və dinləyicilərlə görüşüb.
Bütün bunların hamısını göz önündə canlandıranda, sözün həqiqi mənasında, bir yaradıcılıq heykəli qarşısında dayandığını zənn edirsən.
Asim müəllimin yazdığı şeirlər içərisində yaddaşıma həkk etdiyim bir çox nümunə var. Amma tarixçi-alimə ünvanlanmış şerində bir vətəndaş, milli təəssübkeşlik duyğusunu aydınca görmək olur.
Tarixin toz basmış cığırlarında
Bəzən seçmək olmur qaradan ağı.
Min ildən o yanda qalan tarixi
Sonradan başqa cür yazırlar axı.
Xalqlar var, qələmdən tutur qılınctək,
Qələmlə döyüşüb zəfər çalırlar.
Elə tarix yazır tarix yazanlar,
Tarixin özünü çaşbaş salırlar.
Minillik tarixlər qələmə möhtac,
Tarix də qələmin quludur, demək.
Kimin güclüdürsə qələm tutanı,
O xalqın tarixi uludur, demək.
Bir neçə bəndini nümunə gətirdiyim bu şeirdə şair nə qədər gözəl ifadə edib qələmin qüdrətini. “Kimin qələm tutanı güclüdürsə, o xalqın tarixi də güclüdür” ifadəsi təkcə müəyyən bir zamanın yox, məncə, bütöv bir zamanın ifadəsidir. Və zaman bunu şairdən alacaq, xalq bunu şairdən alaraq özünün folklor genefonduna daxil edəcək, minilliklər boyu yaşadacaq; atalar sözü, məsəllər səviyyəsində qoruyacaqdır. Çünki bu iki misranın daşıdığı məna yükündə böyük mətləblər ifadə olunur. Şair həm də bütün zamanlarda qələm sahiblərinin qılınc sahiblərindən daha güclü olduğunu göstərir. Bu gün dünyaya vaxtı ilə sahiblik edən, hakim olan hökmdarların hökmü dara çəkilib. Amma sözün qüdrəti həm də ondadır ki, o, əsrləri, nəsilləri geridə buraxaraq zamana yoldaşlıq edə bilib.
Bu şeirdə Asim Yadigarın demək istədiyi bir başqa mətləb isə tariximizi həmişə düzgün və dəqiq yazmaq, təbliğ etməkdir. Yəni qələmimiz həqiqəti, doğrunu zamanında yazdıqca nə bu xalqı, nə də onun tarixini heç kim dana bilməyəcəkdir.
Sözlərində öz kədərindən daha çox xalqının kədəri ifadə olunan bir şairin şeirlərində millət yanğılı, Vətən sevdalı, xalq eşqi ilə döyünən o qədər şeirlərə rast gəlirik ki.
“Bir nağıl de”, “Səni döyüşə göndərirəm”, “Azərbaycan bayrağı”, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq”, “Darıxan məzarlar” və bu qəbildən olan yüzlərlə, bəli, yüzlərlə şerində Asim Yadigar təkcə şair deyil, həm də vətəndaşdı, əsgərdi, şəhiddi.
O, bəzən bir misra üstündə ağlamağı bacaran şairdir. Sözün qədrini bilənlər, sözə tapanlar, sözə xidmət edənlər nə o sözü dəyərdən düşməyə qoyarlar, nə də onu havayı sərf edərlər. Bu mənada Asim Yadigar da sözə ən qiymətli varlığı kimi yanaşır. Ona görə də şeirlərinin birində deyir ki:
Söz üstündə əriyirəm, yanıram şam tək,
Elə bil ki, oturmuşam köz üstündə mən.
Ağlayıram için-için, bir kimsə bilmir,
Ağlayıram bircə misra söz üstündə mən.
Sözə bu cür həssas yanaşan şairin yaradıcılığında istədiyiniz qədər maraqlı şeirlərə, misralara rast gələ bilərsiniz. Belə ki, “Muğam”, “Qızımın “üsyanı”, “Mən böyük adamam”, “Özümlə söhbət”, “Darıxan məzarlar”, “Hər şeyin sonu var”, “Unut bu sevdanı”, “Bir damla yaş kimi” və sair şeirlərin siyahısını artırmaq olar.
Yaradıcılığı bu cür bədii poetik nümunələrlə dolu olan poeziya aşiqi, söz divanəsi Asim Yadigarın həm də qeyri-adi yaddaşı var. Onun hafizəsinə xalqın söz xəzinəsinin yüzlərlə nümunəsindən əlavə, Xaqanidən, Nizamidən, Həsənoğludan, Nəsimidən, Füzulidən, Xətaidən, Vaqifdən, Dədə Ələsgərdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, ən müasir Azərbaycan poeziyasının dəyərli şairlərindən, eləcə də Türkiyə və Şərq poeziyasının tanınmış onlarla şairindən, rus və dünya klassiklərindən yüzlərlə, yaddaşını silkələsən, bəlkə də, minlərlə nümunə həkk olunub. Bütün bunlarla yanaşı, o, özünün qələmə aldığı, həcmcə kiçik, yaxud böyüklüyündən asılı olmayaraq, bütün poeziya nümunələrini əzbərdən bilir. Hətta bəzən şair dostlarının öz şeirlərini söyləyərkən yadlarından çıxan misralarını Asim müəllim onlara xatırladır.
Bu gün də təkcə şair və yazıçılar yox, bəzən ayrı-ayrı sahələrdə çalışan ziyalılar belə, hər hansı bir misrada, şeirdə dara düşəndə mütləq Asim müəllimin zəngin yaddaşına müraciət edirlər.
Asim Yadigar həm də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir. 2007-ci ildə birliyin növbəti konfransında sədr seçiləndən sonra blokadada olan bu bölgədə ədəbi mühitdə xeyli canlanma yarandı. Demək olar ki, hər ayda 3 dəfə burada ayrı-ayrı ədəbi dərnəklər keçirilir. Ayda bir dəfə gənc ədəbi qüvvələrin yığıncağı təşkil olunur. Burada şeirlərini oxuyan, hekayələrini səsləndirən yeniyetmə yaradıcılara Asim müəllim öz məsləhətlərini əsirgəmir.
Hazırda Asim Yadigarın şeirlər, poemalar və dram əsərlərindən ibarət yeni kitabı çapa hazırlanır. Bundan əvvəlki kitablarında olduğu kimi, bu yeni nəşrdə də biz sevilən şairin bir-birindən maraqlı şeirlərini oxuyacağımıza əminik.
60 il bir insan ömrü üçün zaman etibariylə, bəlkə də, yetərli deyil. Lakin 60 illik bir ömürdə bu qədər işlərin görüldüyünü düşünəndə Asim Yadigarın bu ömürdən səmərəli şəkildə istifadə etdiyi qənaətinə gəlirsən.
İnsan arzuları isə qətiyyən tükənmir. Asim müəllimin də hələ arzusunda olduğu çox şeylərin var olduğuna əminəm. Bu mənada mən Asim müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona arzularına çatacağı uzun ömür payı arzulayıram.
Şair qəlbi kövrək olur, – deyirlər. “Qurd oğlu, qurd olasan gərək bu zəmanədə, yaşamaz, canım gözüm, çiçək bu zəmanədə” desəniz də, nə qədər ki şairlər var, ürəklərə yol tapan şeirlər var, o şeirlərdə hələ çox çiçəklər ətir saçacaq. Poeziya ətriniz heç zaman tükənməsin.
Elxan YURDOĞLU
şair